"Biz mehriban ailəyik" (FOTO)

"Biz mehriban ailəyik" (FOTO)
17:03 13 Yanvar 2015
212 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Yanvarın 13-də Nizami rayonunda 220 saylı orta məktəbdə “Biz mehriban ailəyik” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova bildirib ki, ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi bütün dünyada aktual problemdir: “Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasirə dövrə uyğunlaşdırılmasından irəli gəlir. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur”.

Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, milli mənəvi və ailə dəyərlərinin inkişafı prosesi daimi olmalıdır. Ailə institutunun qorunması, milli mənəvi, dini dəyərlərin hüquqi çərçivədə reallaşdırılması yolu cəmiyyətə aşılanmalıdır: “Dövlət ailə siyasətinin prioritetləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ailə institutunun möhkəmləndirilməsinə böyük önəm verir. Çoxəsrlik tarixə malik böyüyə hörmət ənənəsi milli mənəvi ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır”.

Qeyd olunub ki, ailənin inkişafı və sosial təminatı qadın və uşaq hüquqlarının müdafiəsi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Həmin konsepsiyaya əsasən Azərbaycan dövlətinin inkişafı və gələcək islahatların istiqamətləri müəyyən edilib. Bununla bağlı “Azərbaycan ailə strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Mili Fəaliyyət Planının, həmçinin uşaq strategiyasının hazırlanması və “Ailə psixoloqu” institutunun yaradılması nəzərdə tutulur.

Sonra Nizami rayonunda fəaliyyət göstərən “Gənc ana kursu”nun üzvlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda tədbir iştirakçılarına diplomlar verilib, xatirə şəkli çəkdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR