Məişət zorakılığı ilə bağlı məlumat bankı fəaliyyətə hazırdır

18:12 13 Yanvar 2015
232 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 18:07 ]


Bakı. Fərid Mirzəyev - APA. “Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının fəaliyyətə başlaması üçün artıq bütün texniki işlər görülür. Çox güman ki, məlumat bankı yaxın aylarda fəaliyyətə başlayacaq”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

 

A. Veysəlova bildirib ki, məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təşkili məqsədilə proqram təminatı, habelə digər hazırlıq işləri aparılıb: “Artıq bir sıra dövlət qurumları, o cümlədən yerli icra  hakimiyyətləri tərəfindən bu işləri həyata keçirəcək, mütəmadi olaraq komitəyə məlumatları ötürəcək nümayəndələr də müəyyən edilib. Lakin hər bir zorakılıq halı adlı aparıldığı üçün bəzən müvafiq qurumlar vaxtında bu məlumatları təqdim edə bilmirlər. Buna görə də tərəfimizdən məlumatları ötürəcək nümayəndələr üçün müəyyən təlimatlar hazırlanır və onlar üçün təlimlər keçirilməsi nəzərdə tutulur ki, onlar vaxtında bizi lazımi məlumatlarla təmin edə bilsinlər”.

 

Qeyd edək ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun tətbiq edilməsi barədə Azərbaycan prezidentinin 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə 19 dekabr 2011-ci ildə Nazirlər Kabineti “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Məlumat bankı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılacaq. Dövlət orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzləri məişət zorakılığı halları barədə məlumatları komitəyə təqdim etməlidirlər.

 

Məlumat bankında baş vermiş məişət zorakılığı halları barədə məlumat, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər barədə məlumat, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər barədə məlumat, məhkəmə qərarları, valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər barədə məlumat, akkreditə edilmiş yardım mərkəzləri və onların fəaliyyəti barədə məlumatlar toplanacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR