Kennet Roqof: “Neft yenidən 100 dollaradək bahalaşa bilər”

18:27 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 18:21 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Neftin bir barelinin qiyməti yenidən 100 dollar səviyyəsinə qədər qalxa bilər. “APA-Economics”in Rusiyanın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş baş iqtisadçısı Kennet Roqof deyib.

 

İqtisadçının sözlərinə görə, neftin qiymətindəki artım yaxın perspektivdə baş verə bilər. K. Roqof Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid ibn Talal al-Səudun neftin qiymətinin bir daha 100 dollar həddinə qalxmayacağı ilə bağlı fikrə də münasibət bildirib: “Mən səsləndirilən bu fikirlə razı deyiləm. Fikrimcə, qiymət bir daha o həddə çata bilər. Səudiyyə Ərəbistanında da neftin hazırkı qiymətlərindən narazıdırlar. Səsləndirilən bu fikir daxili tələbata yönəlmiş ola bilər ki, xalq təşvişə düşməsin. Eyni zamanda, bəyanat xarici investorlara yönələ bilər”, - deyə K. Roqof deyib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid ibn Talal al-Səud Amerikanın “USA Today” nəşrinə bildirib ki, neftin qiyməti bir daha 100 dollar səviyyəsinə qalxmayacaq. Şahzadə neftin 100 dollar həddindəki qiymətinin süni müəyyənləşdirildiyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR