Bakı, 28 aprel, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aprelin 28-dən etibarən Ağdaş rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonunun Gürcüva kəndində işgüzar forum keçirib. Sahibkarlardan çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, cins heyvandarlıq, istixana və intensiv bağçılıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az.