Bərdə, 29 aprel, AZƏRTAC
Bərdə rayonunda soğan istehsalına maraq artıb. Bərdəli torpaq mülkiyyətçiləri, fermerlər müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan, keyfiyyətli toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olurlar.
On ildir soğan istehsalı ilə məşğul olan rayonun Dəymədağalı kənd sakini Yaşar İbrahimov AZƏRTAC-a bildirib ki, soğan soyuğadavamlı və işıqsevən bitkidir. Yazlıq soğan fevral-mart aylarında, payızlıq soğan isə sentyabr aylarında səpilir. Soğan istehsalında yüksək nəticəyə nail olmaq üçün, ilk növbədə, məhsuldar toxumlardan istifadə edilməli və aqrotexniki qaydalara düzgün əməl olunmalıdır. Əkin sahələrinə mineral gübrələrin verilməsi bitkilərin normal böyüməsinə və inkişafına şərait yaradır.
Y.İbrahimov deyir ki, soğanın becərilməsində ən mühüm işlərdən biri də suvarmadır: “Əvvəllər soğanı 8-12 dəfə suvarırdıq. İndi isə damcı ilə suvarma üsulundan istifadə edirik. Bu üsulla suvarma daha asandır. Damcı üsulu ilə suvarma zamanı suya qənaət edilir, su bitkilər arasında bərabər paylanılır, torpaq yumşaq qalır, alaq otları azalır. Soğanın görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq yüksəlir. Əgər ənənəvi yolla suvarma zamanı məhsuldarlıq hər hektardan 30-40 ton olurdusa, damcı üsulu ilə suvarma zamanı hektardan 55-65 ton soğan götürülür”.
İyirmi beş hektar sahədə soğan becərən fermer may ayında məhsul yığımına başlanılacağını bildirib.