Asif Nərimanlı

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov 9 ildir ki, tutduğu postu Tural Gəncəliyevə təhvil verdi. Bu dəyişikliyin qarşıda Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara hesablandığı şübhəsizdir.

Səfərovu Gəncəliyev əvəz etdi: Qarabağ danışıqlarına qədər uzanan dəyişiklik

Bakı danışıqlarda ehtimal olunan gözləntilərə qarşı irəli sürməyi planlaşdırdığı kartı indidən hazırlayır: İcmada rəhbər dəyişikliyini məhz bu kontekstdə oxumaq olar.

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra danışıqların yenilənməsi üçün növbədənkənar parlament seçkilərinin bitməsinə qədər vaxt verildi. Artıq seçki başa çatıb, Paşinyan öz hakimiyyət sütunlarını bir-bir inşa edir və böyük ehtimalla gələn ilin ilk ayından etibarən danışıqlarda aktivlik başlayacaq. Milanda bir araya gələn Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə də bununla bağlı razılıq əldə olundu. Mümkündür ki, XİN rəhbərlərinin danışıqları Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi ilə nəticələnəcək və gözləntilərə görə, münaqişənin həlli istiqamətində ciddi irəliləyişlər ola bilər. Bunun əksi az ehtimal olunandır, çünki...

- Paşinyan seçkini keçirmək və daxili problemini həll edərək, masaya gəlməklə bağlı vaxt istəmişdi;

- Azərbaycan Ermənistanın yeni rəhbərliyinə seçkini keçirmək üçün vaxt tanıdı, Düşənbədə baş tutan görüş və təmas xəttində sakitliyin bərpa olunması ilə bağlı razılıq da buna hesablanmışdı;

Bu razılıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin həyata keçirdiyi təmaslar nəticəsində əldə olundu, xüsusilə Rusiya prosesə liderlik etdi. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvan səfərində “Paşinyanın komandası seçkidə qalib gələrsə, Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlərin olacağına inanırıq” sözləri də bu kontekstdə diqqət çəkir.

Təbii ki, Rusiya və ABŞ-ın münaqişə üzərində Azərbaycan və Ermənistanda, ümumilikdə regionda həyata keçirmək istədikləri öz planları var, bu ayrı məsələ, lakin ümumi prosesdə bütün yolların konkret nəticələrə apardığı müşahidə olunur və burada əsas məqam Ermənistanın danışıqlar masasına hansı şərtlərlə gələcəyidir.

Nikol Paşinyan siyasi Olimpə yüksələn kimi “Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir” şərtini irəli sürdü. Danışıqların ruhuna zidd olan bu şərtin əslində Paşinyanın daxili proseslərdə istifadə etdiyi kart olduğu məlum idi, lakin mümkündür ki, İrəvan prosesi uzatmaq və “daha qazanclı” çıxmaq üçün bu şərti masaya gətirəcək. Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma rejimi dəyişdirmək istəyinin arxasında əsas rəqib kimi gördüyü “Qarabağ klanı”nı sıradan çıxarmaq istəyi olduğu kimi, şərtini irəli sürmək üçün masaya öz adamları ilə birgə gəlmək planı da var.

Bakı bunu anlayır və buna qarşı həm diplomatik, həm də hərbi sahədə ciddi hazırlıq aparır:

- Hərbi seçim son variantdır və rəsmi Bakı bu seçimi daim gündəmdə saxlayır. Ermənistan da, həmsədr dövlətlər də prosesin uzanmasının bununla nəticələnəcəyini bilirlər. Lakin məsələ ondadır ki, Ermənistan masaya gələrək qəbul olunmayan şərtlər irəli sürə və bununla həm danışıqları uzada, həm də özünü “sülhün tərəfdarı” kimi göstərərək, hərbi seçimin qarşısını almağa cəhd edəcək. Bakı diplomatik hazırlığı məhz bu istiqamətdə aparır.

- Ermənistanın “Qarabağ tərəf olsun” şərtinə qarşı Azərbaycan son anda Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakını masaya sürə bilər. Bişkek protokolunda da Azərbaycan və Ermənistan münaqişə tərəfləri kimi, icmalar isə iştirakçı olaraq göstərilir, yəni bu, birbaşa sənədlərə əsaslanır. Bu addım Ermənistanın danışıqları uzatmaq üçün irəli sürəcəyi bəhanələri sıradan çıxaracaq.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasında rəhbər dəyişikliyi və bu posta Tural Gəncəliyevin seçilməsi təsadüfi deyil. 1980-ci il təvəllüdlü T. Gəncəliyev Bakı Dövlət Universitetində hüquq fakültəsini bitirib, Ombudsman Aparatında və XİN-də çalışıb. 2014-cü ildə Azərbaycanın Çexiyadakı səfirliyində birinci katib işləyib. Onun tərcümeyi-halı həm hüquq, həm də diplomatiya sahəsindən anlayışının olduğunu göstərir və bu, Gəncəliyevin Qarabağın azərbaycanlı icmasının rəhbəri kimi danışıqlarda mümkün iştirakına imkan verir. Hər halda rəsmi Bakı Qarabağ danışıqlarının növbəti mərhələsi üçün ilk addımı daxildə atdı.

Publika.az