Qəbələ, 29 aprel, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Qəbələ rayon bölməsinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər 3 saylı tam orta məktəbdə keçirilən tədbirdə AzQAC-ın 95 illik, general-leytenant Əliağa Şıxlinskinin 150 illik, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Fundamental Prinsiplərinin 50 illik yubileyləri və təşkilatın rayon bölməsinin fəaliyyəti haqqında məlumat verilib.
Çıxışlarda “İnsan alverinə qarşı mübarizə” mövzusunda keçirilən seminarın əhəmiyyətindən danışılıb. Bildirilib ki, belə görüşlərin təşkili gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədi daşıyır.
Tədbirdə insan alveri, zorakılıq, bu cür hallara qarşı mübarizə sahəsində görülən işlərdən bəhs olunub, insan alverinin vətəndaş hüquqlarının pozulması ilə yanaşı, şəxsiyyətə qarşı cinayət olduğu diqqətə çatdırılıb.
Sonra mövzu ətrafında diskussiyalar olub, fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.