"2018-ci ildə Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunda özəl sahibkarlığın iştirakı ilə ticari bölmənin hesabına 1 faiz artıb".
Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
V.Qasımlı qeyd edib ki, o cümlədən, post-neft dövrünün drayverləri - qeyri-neft sənayesi 9 faizdən artıq və kənd təsərrüfatı 5 faizə yaxın böyüyüb: "Son 15 ildə 3,2 dəfə böyüyən iqtisadiyyatın belə bir baza üzərindən, üstəlik neft hasilatının ilbəil azalması və neft qiymətlərinin kəskin volatiliiyi fonunda artım göstərməsi təqdirəlayiqdir. İqtisadi artımda neft sahəsinə nisbətən qeyri-neft sahəsi, dövlət bölməsinə baxanda özəl bölmə və qeyri-ticari sektorla müqayisədə ticari sektor getdikcə drayver rolunu daha çox oynayır. Bir sözlə, iqtisadi artımın kefiyyəti yüksəlir. Digər tərəfdən dövlət investisiyalarının qidalandırdığı iqtisadi model, islahatların transformasiya etdiyi, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir".
V.Qasımlı bildirib ki, Cənab Prezident bu münasibətlə deyib: “Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk.” Azərbaycanda ÜDM-in strukturunda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM-də xüsusi çəkisinə görə Avropada ön sırada gedən Azərbaycan hazırda sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilmiş investisiya 70 faizə yaxın artıb. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alümnium, ərzaq, müdafiə səanyesi, elektrik enerjisi və s.) həcmi getdikcə artır. Eyni zamanda Azərbaycanın liderliyilə Xəzər sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya komleksi yaradılıb. Azərbaycan bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzidir.
Günay Elşadqızı / Metbuat.az