Bakı, 30 aprel, AZƏRTAC
Fəaliyyətində dönüş yarada bilməyən və vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən baytarlıq idarələrinin rəhbərləri barədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi inzibati tədbirlər görüləcək.
Bunu AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov bildirib.
O qeyd edib ki, kənd təsərrüfatı naziri Heydər Əsədov rayon (şəhər) baytarlıq idarələrinin rəhbərləri ilə bağlı əmr imzalayıb. Əmrdə fəaliyyətində dönüş yarada bilməyən və vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən, ölkədə epizootik durumun sabitliyinə mənfi təsir göstərən baytarlıq idarələrinin (xüsusilə Gəncə, Sumqayıt, Bakı, Mingəçevir, Şəki, Kürdəmir, Hacıqabul, Neftçala, Salyan, Ağcabədi, Lənkəran, Lerik, Samux, Daşkəsən, Tovuz, Quba, Bərdə, Laçın, Saatlı, Qəbələ, Astara, Zərdab, Beyləqan, Biləsuvar, Abşeron, Gədəbəy, Göyçay, Yardımlı, İsmayıllı, Ucar, Zaqatala, Cəlilabad, Yevlax, Xaçmaz, Sabirabad, Tərtər, Şabran, Ağstafa şəhər və rayon baytarlıq idarələri) rəhbərləri barədə çox ciddi inzibati tədbirlərin görüləcəyi əksini tapıb.