Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən islahatlar çərçivəsində hakimlərin tədrisinə xüsusi diqqət yetirilir, bu məqsədlə müxtəlif aktual mövzulara, o cümlədən qanunvericilikdəki yeniliklərə dair mütəmadi təlimlər təşkil olunur. Dövlət başçısı cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş Qanunla Mülki Prosessual Məcəllədə edilmiş əsaslı dəyişiklərin mahiyyətinin dərindən öyrənilməsi və düzgün tətbiqi məqsədilə keçirilən silsilə təlimlər davam etdirilir.
Metbuat.az xəbər verir ki, növbəti belə təlim Şirvan regional ədliyyə idarəsində video-konfrans vasitəsilə Şirvan və Gəncə apellyasiya məhkəmələrinin və onların yurisdiksiyaya aid olan birinci instansiya məhkəmələri hakimlərinin iştirakı ilə keçirilib.
Video-konfransda təlimçi qismində Ali və Bakı Apellyasiya, Yasamal rayon məhkəmələrinin hakimləri, həmçinin Ədliyyə Nazirliyinin məsul şəxsləri və Ədliyyə Akademiyasının təlimçiləri iştirak ediblər.
Təlimin açılışında çıxış edən Ali Məhkəmənin hakimi Xəqani Məmmədov qanunvericilikdəki yeniliklərin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə xidmət etdiyini söyləyib, qanunun düzgün tətbiqində keçirilən təlimin əhəmiyyətini qeyd edib.
Sonra təlimçilər – Bakı Apellyasiya Məhkəməsinin hakimi, Ədliyyə Akademiyasının təlimçisi Abiddin Hüseynov, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə işçi qrupunun rəhbəri, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi vəzifəsini icra edən Ağakərim Səmədzadə Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin mahiyyəti, o cümlədən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması, bu zaman proses iştirakçılarına məhkəmə sənədlərinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə (elektron poçt, SMS, elektron kabinet və s.) dərhal çatdırılması, dövlət rüsumlarının sadələşdirilmiş qaydada elektron ödəniş sistemi vasitəsilə ödənilməsi barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, yeni qanunvericiliklə vətəndaşların mənafelərinin təmin edilməsi, ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə bəzi kateqoriya işlərə baxılmasının və qərarların daha tez qüvvəyə minməsinin sadələşdirilmiş məhkəmə prosedurları, habelə məhkəmə statistikasının elektronlaşdırılması və digər mühüm yeniliklərin tətbiqi təsbit olunub.
Təlimdə qanunvericilikdəki yeniliklərlə bağlı hakimlərin üzərinə düşən vəzifələr, o cümlədən təcrübədə düzgün tətbiqi məsələləri müzakirə olunub, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.