Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.
Metbuat.az xəbər verir ki, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, yanvarın 26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə, Bakı şəhəri 6 saylı Vəkil Bürosu tərəfindən Kürdəmir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 100-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.