- Bir az da riyazi bacarıqları ilə ABŞ-ı heyrətləndirən qızınız Selcandan danışaq. Riyaziyyata olan marağınızın ondakı bu istedadın inkişafına təsiri yəqin ki, olub...- Müəllimin keçdiyi materiala qarşı nə qədər ehtiraslı olması tələbələrin o dərsə yanaşmasına təsir edir. Tələbə riyaziyyatla maraqlanmasa belə, müəllimin ehtirasından dolayı istər-istəməz dərsə maraq göstərir. Bu ehtirası daha çox tələbələrimə göstərmişəm, indi bilmirəm qızım nə dərəcədə bunu görüb, amma böyük ehtimal bunun təsiri olub. Mən cavan olanda sahəmlə bağlı daha ehtiraslı idim, öyrənməyə, araşdırıb tapmağa maraq göstərirdim, amma o vaxtlar informasiya əldə etmək indiki qədər asan deyildi. Oxumağa kitab tapmaq problem olurdu. Qızım isə sakit təbiətlidir, riyaziyyat onun üçün maraqlıdır, universitetdə müvəffəqiyyətlə oxuyur. Bu semestr də bütün dərslərdən 5 ("A") aldı.- Dediniz ki yazarlığa da meyl etmisiniz. Nədən yazırsınız?- Modern Amerika şeirinə marağım çoxdur, bu sahəni çox tədqiq etmişəm, məqalələr yazmışam, tərcümələr etmişəm. Özüm də şeir yazmışam, 2017-ci ildə Bakıda "Binar suallar" adlı şeirlər kitabım da çap olunub. Daha əvvəllər hekayələr də yazırdım. Türk şeirini də çox oxumuşam, tədqiq etmişəm. Nazim Hikmətdən sonrakı dövr, İkinci Yeni şairləri - Cemal Süreyya, Turqut Uyar, Edip Cansevər və s. Ən son türk şeirlərini elə də izləmirəm, amma Amerika şeiri çox irəlidir. Hər həftə şeir oxuyuram. Təəssüf ki, Azərbaycanda Amerika şairlərini az tanıyırlar.- Tədqiqat istiqamətiniz hansıdır?- Qruplar nəzəriyyəsi və həndəsədir. Azərbaycanda bu sahənin populyarlığı azdır. Ölkə xaricinə gəlməyimin bir səbəbi də mənim universitet illərində riyaziyyatın maraq göstərdiyim sahələri ilə bağlı idi. Riyaziyyatın mərkəzi bölmələri olsa da, o sahələrdə bizdə tədqiqatçı yox idi. Bunun üçün xaricdə məşğul olmağın vacibliyini başa düşürdüm. 70-ci illərdə Azərbaycanda riyazi sahədə müəyyən canlanma olmuşdu. Arif Babayev, Mirabbas Qasımov ən yaxşı riyaziyyatçılardan olublar. İndi heç nə qalmayıb. 90-cı illərin əvvəllərində az da olsa, nə isə qalmışdı, amma artıq o da bitdi.
- Elmi işlərinizdən danışaq...- Ən son həll etdiyim məsələ bəlkə də 30 ilə yaxın idi ki açıq qalmışdı. Amma bu barədə çox danışmaq da istəmirəm. Həm də kimin üçünsə nə dərəcədə maraqlı olduğunu bilmirəm. Bir də hiss etmişəm ki, bizdə alimlərə, elmə bəzən mahiyyətini anlamadan, futbol komandasına azarkeşlik edərmiş kimi azarkeşlik edən bir publika yaranıb. Ona görə yaxşı olar ki, bu haqda çox danışmayım. Publikanın elmə münasibəti korkoranə və az qala şou-biznes nümayəndələrinə olan azarkeşlik səviyyəsinə enib. Bu, çox vacib məsələdir. Elm əsasən, geniş publika üçün deyil. Elmin populyarlaşdırılması isə çox diqqətlə aparılmalıdır. Bizdə bu sahə ümumiyyətlə, yox dərəcəsindədir.- Karyeranız Amerikada formalaşıb. Maraqlıdır, qayıdıb ölkədə çalışmaq fikriniz varmı?- Azərbaycanda elmi-tədqiqat cəhətdən aktiv olan universitet yaranarsa, yaxud mövcud universitetlərdə elmi-tədqiqat canlanarsa, məni dəvət edərlərsə, bir neçə ildən bir gəlib bir semestr Azərbaycanda həvəslə işləyərəm. Çalışdığım universitet də buna icazə verər. Mənim üçün də böyük şərəf olar.
- Axırıncı dəfə Azərbaycanda nə vaxt olmusunuz?- 2012-ci ildə. Əvvəllər çox gəlirdim. Bu yay gəlmək də planda var. Qızım Azərbaycana çox bağlıdır. Demək olar ki, hər axşam yutubda Azərbaycan tamaşalarına baxır, filmlərimizi, aktyorlarımızı, müğənnilərimizi tanıyır. Gəlib orda yaşamaq istəyir. Hələ ki necə olacağını bilmirəm. Mən özüm də Azərbaycana dönmək ümidimi itirməmişəm.Milli.Az