Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlarla görüş keçirilib.
Metbuat.az xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında, görüşün həm deputatlar, həm də Yeni Azərbaycan Partiyası üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, görüşdə Azərbaycanın 2018-ci ildə keçdiyi yolun yekunları ilə əlaqədar Prezidentin 2 müşavirədəki fikirləri, onun əsas tezisləri deputatların diqqətinə çatdırılacaq.
“Eyni zamanda qarşıda duran dövr ərzində həyata keçirmək istədiyimiz strategiyanın əsas istiqamətləri və məqsədləri ilə əlaqədar fikir mübadiləsi aparılacaq”-deyə Əli Əhmədov bildirib.
Nazir müavini qeyd edib ki, deputatlar YAP-ın ən fəal üzvləridir. YAP-ın həyata keçirdiyi strategiyanın reallaşmasında yaxından iştirak edirlər. Deputatlar YAP-ı təkcə Milli Məclisdə təmsil etmirlər, onlar eyni zamanda YAP-ın ayrı-ayrı bölgələrdəki elçilərdir. Onlar Yeni Azərbaycan Partiyası ilə, iqtidarla seçicilər arasında körpü missiyasını yerinə yetirirlər:
"Bu mənada hesab edirəm ki, bizim bugünkü söhbətimiz maraqlı olacaq, YAP-ın siyasətinin və strategiyasının həyata keçirilməsinə deputatlarımız bundan sonra da daha böyük töhfə verəcəklər”.
Aysel Yaqubqızı / Metbuat.az
Foto: Müzəffər İsmayılov