​“Mən də Fransua Rable oldum” – Qismət Rüstəmovla müsahibə / FOTOLAR

Metbuat.az-da “Medianın üzü” adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.

Layihəmizin budəfəki qonağı Azərbaycan Yaradıcılıq Fondunun Aparat rəhbəri, sim-sim.az saytının baş redaktoru, şair, esseist Qismət Rüstəmovdur.

- Qismət, istərdim müsahibəmizə uşaqlığınızdan başlayaq. Harada keçib uşaqlığınız?

- Uşaqlığım Bakıda keçib. Belə deyim, bizim nəslin, bizim ailənin həyat strategiyasını, təxminən, yarım əsr babalarım müəyyənləşdiriblər. Hər ikisi tanınan prokuror olublar və onlar hansı rayona təyinat alıblarsa, nəslimizin də, ailəmizin də bir ayağı həmişə həmin rayonda olub. İndi düşünəndə görürəm ki, deyəsən bizim evdə uzun müddət bir çemodan ovqatı, dinamik həyat tərzi vardı. IV-V sinfə qədər xeyli məktəb dəyişmişəm, bəlkə də məktəblərdən çox yollarda öyrənmişəm. Ona görə uşaqlığımı şərti olaraq, iki yerə bölürəm “çemodan dövrü” və “məktəb çantası” dövrü. “Çemodan dövrün”də üç məktəbdə oxumuşam.

Birinci sinfi Bakı Özəl Liseyində oxumuşam, bir ildən sonra ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı həmin lisey bağlandı, amma o günlərdən məndə qalan yeganə fotoda ancaq filmlərdə görəcəyimiz idealizmə sahib olan, Türkiyədən gəlmiş Mustafa müəllimi tanıya bilirəm. Bir suyu Zülfü Livaneliyə oxşayan Mustafa müəllim yorulmaz bir Atatürkçü idi və mən bəlkə də Azərbaycanın himnindən də qabaq Türkiyənin himnini, Atatürkün gənclərə xitabından parçaları əzbərləşmişdim. Liseydən sonra eyni ərazidəki iki məktəbdə fasilələrlə oxumuşam.


Məktəbdən məktəbə “mühacirət” etməyimin əsas səbəbi isə yenə babamla bağlı idi. 90-cı illərdə kişi xərçəngə tutuldu, bir dəfə Moskvada əməliyyat olundu. Yeri gəlmişkən, bütün nəslin Moskvaya getdiyi həmin aylarda da mən yenə evdən uzaqda, bir qohumumuzgildə qalırdım. Kişi əməliyyat olunandan bir neçə il sonra xəstəlik bumeranq kimi geri qayıtdı. Bu dəfə də ailəmiz babamın Mustafa Subhi küçəsindəki evinə köçdü, məni də əvvəlcə yaxınlıqdakı 190 nömrəli məktəbə, sonra düz qapımızın ağzındakı 150 nömrəli məktəbə yazdırdılar. Beləcə, “çemodan dövrüm”də Bakını küçə-küçə yaddaşıma yazmağa başladım. Sonralar qəribə şəkildə bu məkanların hər biri yenidən taleyimdə göründü. Məsələn, bir neçə dəfə yazdığım kimi, 90-cı illərin axırında, babam bu dünyadan köçəndən sonra Mustafa Subhi küçəsindəki evimiz yanıb külə döndü. Bizim ailənin, bizim nəslin, el arasında, Təzə Pis ətrafı deyilən şəhərin həmin ərazisiylə bütün əlaqələri kəsildi, şəhər hərəni bir yana atdı.

2015-ci ildə Kamal Abdulla məni Azərbaycan Yaradıcılıq Fonduna işə dəvət edəndə, mən hələ fondun harada yerləşdiyini bilmirdim. Bizim Fond “Mustafa Subhi” küçəsinə paralel küçədə, “Səadət sarayı”nın, 190 nömrəli məktəbin, Axundovun bağının yanında, Respublika Prokurorluğu ilə üzbəüz binada yerləşir. İlk iş günlərimdən birində 1994-cü ilin yayında məhlə uşaqlarıla bulvara düşdüyümüz marşrutu yenidən təkrarladım, bu dəfə qaça-qaça yox, ağır-ağır, aramla. Kamal müəllimə ömrümün sonuna qədər minnətdaram olacam.

“Məktəb çantası” dövründə isə Bakıda, Nizami rayonunda yerləşən 70 saylı məktəb-liseyi bitirmişəm, bu dövr artıq ailəmizin də daha statik həyata keçdiyi dövrdür. Bu dövrdə nəslin ağsaqqalları haqq dünyasına, bizim çemodanlar isə şkafın başına köçdülər.

- Bəs bu qədər məktəb dəyişmək necə təsir edirdi?

- Açığını deyim, fərqini o qədər də hiss etməmişəm, rahat uyğunlaşırdım.

- Kitablara sevgi də uşaqlıqdan yaranıb?

- Gözümü açandan babalarımın, əmilərimin, dayılarımın, atamın böyük kitabxanalarını görmüşəm. Hərə uşaqlığını xatırlayanda gözünün önünə beş-altı şəkil, səhnə gəlir. Bu şəkillərin bəzisi çox aydın olur, bəzisi boz-bulanıq... Mənim yaddaşımdakı bu şəkillərdən bəlkə də ən aydını günorta, yaxud axşamüstü evin bir küncünə çəkilib sakitcə kitab oxuyan insan görüntüsüdür. Yaddaşımdakı bu görüntüdə dəyişən sadəcə insanlar olur, yəni kitabı oxuyan gah atam olur, gah anam, gah babam...

Ana-babam Tələt Qənbərov az qala altıncı barmağına çevrilmiş siqareti ilə kimin əlində kitab görsə, gülümsəyib belə deyərdi: “Sən “Qarqantua və Pantaqrueli” oxumusan?” Oxumayan olsa, deyərdi ki, sən onda hələ kitab oxumamısan. Niyə belə deyərdi? Fransua Rablenin bu əsərinə olan bu qəribə sevgi onda hardan idi? Kimdən soruşmuşamsa, bir cavab tapa bilməmişəm. Kim bilir, bəlkə də yarım əsrə yaxın prokurorluq sistemində işləyib minlərlə tragik-komik karnavala şahid olan babam, Rablenin bu karnavalesk romanında öz həyatından nələrsə tapırdı...

- Valideynləriniz həkimdir, babalarınız isə prokuror olub. Amma heç birinin sənətinə marağınız olmayıb, eləmi?

- Mənimlə bağlı hərənin bir arzusu vardı: hüquqşünası babalarım gələcəkdə hüquqşünas olub babaların yolunu davam etdirməyim üçün, dünyanın ən yaxşı işinin həkimlik olduğunu düşünən nənələrim atam kimi, anam kimi həkim olmağımı istəyirdilər. Mən isə Fransua Rable olmağı seçdim. (gülür)

- Ailədə sizdən başqa iki bacınız da var. Bəs, onların necə sizin qədər kitablara marağı varmı?

- Maraqları var, amma mənim kimi deyil, çünki mənimki artıq maraq deyil, həyat tərzidir, taledir.

- Bir tərəfiniz şuşalıdır, bir tərəfiniz ağcabədili. Qarabağı xatırlayırsız?

- Şuşanı görməmişəm, orada baba evim olub, amma görmək qismət olmayıb. Ağcabədidəki baba evi indi də durur.

- Görmədiyiniz o yerlər sizdə necə təəssürat oyadır?

- Tez-tez təkrarladığım bir fraza var, İbn Haldunun sözüdür: “Coğrafiya alın yazısıdır”. Zaman-zaman ailə albomumuzu açıb zamanda səyahətə çıxıram, orada hələ mənim bu dünyada olmadığım zamanlarda çəkilmiş xeyli foto var ki, həmin fotolarda doğma, əziz insanlardan başqa həm də Şuşa var. Mən heç vaxt görmədiyim, amma dünyada ən çox görmək istədiyim şəhəri – Şuşanı bir az televizorda gördüyüm kadrlara, bir az ailə albomundakı ağ-qara, rəngli fotolara, bir az da gözləri ilə cild-cild kitablar danışa bilən şuşalıların sükutunda gəzirəm. Şuşa gah televizor kadrlarındakı kimi, uzun, dolanbac yollara, aşmış dirəklərə, boşalmış evlərə dönür, gah fotolardakı kimi, kölgəsində babamın dincəldiyi bir ağaca, ailəmizin üstündə süfrə açdığı çayır-çimənə, ya bir ayağını bir daşın üstünə qoyub obyektivə gülümsəyən bir qohumuma çevrilir. Fəqət axırda gözləri yol çəkən, siqareti-siqaretə calayan, sükut dilində danışan bütün adamlar şuşalı olur.

- Bəs uşaqlığınızın keçdiyi “Sovetski” söküləndə necə təsir etdi sizə?

- Nuri Bilgə Ceylanın sonuncu filmi “Əhlət ağacı”nda deyildiyi kimi, düşünmürəm ki, bütün köhnə şeylər dəyərlidir. Ola bilsin ki, orada tarixi əhəmiyyətli nələrisə saxlamaq olardı, amma ağrılı olsa da, şəhər nələrisə atmağı da bacarmalıdır.

- Yaşadığınız yer həm də Akademik Milli Dram Teatrına çox yaxın idi. Yəqin ki, tez-tez gedirdiniz teatra?

- Teatrlara tələbəlik illərində çox gedirdim, o illərdə həm də universitetin “Tələbə Gənclər Təşkilatı”nın sədriydim. Hər ay həm universitet səhnəsində, həm başqa ünvanlarda tədbirlər, tamaşalar hazırlayırdıq. Mən də həm aparıcı, həm də bəzi rollarda aktyor kimi iştirak edirdim. Bir gün şəhərdə gəzəndə reklam sütunlarının birində belə bir afişa gördüm: Samyuel Bekket – Qodonun intizarında. Yadıma gəlir, məni çox həyəcanlandırmışdı.

- Uşaqlığınızdan danışdıq, bir az da tələbəliyinizdən danışaq...

- Jurnalistika fakültəsində oxumuşam, amma əslində jurnalistika yox, filologiya istəyirdim. Sözün açığı, nə qədər yaxşı oxuyan uşaq olsam da, X-XI sinifdə bir az avaralıq eləmişəm. Ona görə çox da istədiyim yerə düşmədim. Amma peşman deyiləm. Sonradan anladım ki, əgər insanın özündə nəsə yoxdursa, dünyanın heç bir qurumu, heç bir sənədi sənə yardım edə bilməz. Bizim cəmiyyətdə dəlisov bir diplom fetişizmi var, mən təşəkkürnamələrini, sertifikatlarını çərçivəyə saldırıb saxlayan adamlar görmüşəm, çox qəribədir, izaholunmazdır.

Bayaq da dediyim kimi, tələbələyim çox qaynar keçib, həmişə göz önündə, səhnədə olmuşam, birinci kursda universitetin bir qəzetini çıxartdıq, əl-əl gəzirdi, belə deyim də, sentyabrda dərslər başlayır, noyabrda artıq bütün universitet bizi tanıyırdı.

- Ədəbiyyatçı olsanız da, ixtisasınız jurnalistikadır. Ona görə jurnalistikadakı işlərinizdən də danışmaq istərdim

- Yazmağa elə tələbə olanda “525-ci” qəzetdə başlamışam. Yazmağı, jurnalistikanın nə olduğunu o qəzetdə öyrənmişəm. Ona görə başda Rəşad Məcid olmaqla, Yusif Rzayevin, Seyfəddin Hüseynlinin haqqını heç vaxt unutmaram. Mən tələbə olanda “525-ci qəzet”in qəzetin redaksiyası “Montin”də idi, bizim universitetə yaxın idi, sonra ailə həyatı qurub köçdüm Yasamala. Bu səfər də qəzetin redaksiyası düz bizim evin yanına gəldi. Arada zarafatla dostlara deyirəm ki, görən kim-kimi təqib edir, mən qəzeti, ya qəzet məni? (gülür)

- Çox sakit təbiətli insansınız və bəzən bu cür insanlar uşaq vaxtı çox dəcəl olurlar. Sizdə necə olub?

- Çox dəcəl olmuşam, təsəvvürəgəlməz dərəcədə.

- Yəni müəllimlərin sevmədiyi şagirdlərdən olmusuz?

- Məktəbdə intizamlı, tələbəlikdə əhli-kef olmuşam, amma sevgisizlik heç vaxt olmayıb.

- Qismət, siz həkim ailəsində dünyaya göz açmısız. Həkim ailəsində böyüməyin sizin üçün dəyəri nədir?

- Arada mənə elə gəlir ki, mənim ədəbiyyatçı kimliyimin üç tərəfi var: birinci tərəf babalarımın prokuror, kriminalist olmağından gələn, az qala, bir detektiv kimi, sonsuz araşdırma ehtirası; ikincisi valideynlərimin həkim olmağından gələn, az qala, yazdığım, oxuduğum hər şeyi “əməliyyat masasına” yatırmaq meyli; üçüncü isə bizim nəsildə yalnız mənə qismət olan şairlik, dünyanın poeziya kimi dərki...

- Köşə yazılarınız çox olub?

- Çox az köşə yazısı yazmışam, daha çox esse yazmışam. Mənim öz ədəbi əcdadlarım hesab etdiyim yazıçıların, şairlərin əksəriyyəti həm də çox ciddi esseist olublar. Essenin nə olmasını izah edən onlarla kitab oxumuşam, heç biri ürəyimə yatmayıb. Bir vaxtlar “Xəzər” Universitetində tələbələrə esseni izah edəndə belə bir formul tapmışdım, lövhəyə ingiliscə PEN yazırdım, bu həm “qələm” deməkdir, həm də üç sözün baş hərfidir Poeziya, Esse və Nəsr, yaxud Novel. Mən də deyirdim ki, elə təsəvvür edin ki, Esse Poeziya ilə Nəsrin arasındadır, onda hər iki tərəfdən nəsə var, amma həmişə ən yaxşısı tərif axtarmaqdansa, gedib bir yaxşı esse oxumaqdır...

- Bəs tərcüməçiliyə meyl necə yarandı?

- Tərcüməçiliyə 23-24 yaşlarımdan kiçik şeirlərlə başlamışam. Daha sonra esselərə, böyük əsərlərə keçdim. Tərcümə mənim üçün ünsiyyət vasitəsidir. Bu yolla mən həm üzünü görmədiyim, başqa-başqa məmləkətlərin müəllifləri ilə, həm də öz cəmiyyətimdə həmin tərcümə oxuyanlarla söhbətləşirəm.

- Hazırda üzərində işlədiyiniz kitab varmı?

- Bir neçə kitabın üzərində işləyirəm. Seçmə şeirlər və seçmə esselər kitabım hazırdır, iki ayrı kitab.“Paris Revyu” jurnalında çap olunan məşhur yazıçıların müsahibələrindən ibarət bir kitab hazırlamışam, yəqin o da bu il çap olunacaq.

- Bütün sahələrdə olduğu kimi, jurnalistika, ədəbiyyat sahəsində də bəzəm yaşlı nəsil cavan nəslin qarşına sədd qoyur, yaxud hər hansı işdə mane olur. Sizə də belə maneələr olub?

- Atışmalar çox olub, amma heç vaxt düşmənçilik səviyyəsində olmayıb. O qədər klaviatura arxasında şir-pələng olan görmüşük ki, üzbəüz gələndə ikiqat olurlar, adamın əllərilə ayrı görüşürlər, ayaqları ilə ayrı.

- Filmlərə münasibətiniz necədir?

- Kino mənim gündəlik həyat tərzimin ən təməl ehtiyaclarından biridir.

- Bir az da qızınızdan, Dəfnədən danışaq. Dəfnə həyatınızda nələri dəyişdi?

- Dəfnə bizim sakitliyimizə səs-küy gətirib, təbəssüm gətirib. Dəfnəyə qədər yaşadığımız yer bina idi, indi evdir.

- Bir ata kimi Dəfnənin seçimlərinə müdaxilə etməyi düşünürsüz? Yoxsa fikirləşirsiz ki, nəyi seçirsə-seçsin dəstək olaram.

- Əlbəttə, dəstək olacam. Amma desəm ki, heç nəyə müdaxilə etmərəm, yalan olar. Adam valideyn olmayana qədər rahat-rahat deyə bilər ki, gələcəkdə övladıma müdaxilə etmərəm, amma valideyn olandan sonra başa düşürsən ki, sevgi həm də müdaxilə etməkdir. Başa düşürsən ki, vaxtilə sənin ağız büzdüyün, valideynlərindən incidiyin, həyatına “müdaxilə” hesab etdiyin şeylər necə böyük sevgi imiş...

Günay Elşadqızı / METBUAT.AZ

Foto: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı