“Çox çətin uşaqlığım olub” – Niyaz Niftiyevlə müsahibə / FOTOLAR

Metbuat.az-da “Medianın üzü” adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.

Layihəmizin budəfəki qonağı “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyevdir.

- Niyaz müəllim, haqqınızda məlumatda qeyd edilib ki, 25 iyul 1975-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmusunuz. Uşaqlığınız elə həmin kənddə keçib?

- Bəli, uşaqlığım elə həmin kənddə keçib. Çox çətin uşaqlığım olub, həm maddi cəhətdən çox problemlərimiz olub, həm kəndimiz özü kasıb kənd olub. Atam fəhlə işləyib, anam isə bağçada bir müddət tərbiyəçi olub, sonra isə ümumiyyətlə işləməyib. Evdə 7 uşaq olmuşuq, ümumiyyətlə Cənub bölgəsinin insanları çoxuşaqlı olmağı sevir. Uşaqlıqdan sonra gəncliyimiz quruluşun, ictimai-siyasi formasiyanın dəyişdiyi dövrə təsadüf edib. Xatırlayıram ki, 1988-1989-cu illərdə evdə qəndi bizə bir-bir verirdilər. Əlbəttə, bu tək bizdə deyildi, ümumiyyətlə ölkədə, xüsusən də əyalətlərdə sıxıntılar var idi, vəziyyət çox çətin idi.

Bu o zamanlar idi ki, artıq Sovet İttifaqı dağılır, Meydan hərəkatı başlamaq üzrə idi, ölkədə çox ciddi problemlər var idi. Bu nöqteyi-nəzərdən hər bir kənd uşağı kimi mənim də sıxıntılarım olub. Vəziyyətim tam acınacaqlı olmayıb, yaşamışıq, amma çox çətinliklər görmüşəm. Ailə böyük idi, təkcə atam işləyirdi. Mən evin böyük oğlu kimi ailəyə dəstək verməyə çalışırdım. Amma necə? Anam tum alıb gətirirdi, qovururdu, mən də kənd toylarında onu satırdım. Hətta qız belə istəyə bilmirdim ki, deyəcəklər tum satır. Bu məni utandırırdı və məndə çox böyük psixoloji yaralar qoyub. O yaranın izinə görə, heç vaxt sevməmişəm.

- Bəs ailə quranda necə?

- Əvvəllər, elə çox vaxt indi də bir çox gənclər gələcək həyat yoldaşını ata-ana tövsiyəsi ilə bəyənirdi. Mən də o insanlardanam, təbii ki, özümün də xoşuma gəlib. Amma sevgi hissinə daha çox vərdiş kimi yanaşmışam. Uşaqlığın mənə yaşatdığı iztirablardan biri də elə bəlkə budur. Bacım məndən bir yaş böyük idi, illər əvvəl xərçəng xəstəliyinə görə rəhmətə gedib. O, qonşu Alar kəndində dərzi kurslarına gedirdi. Mən də çiynimə tum torbası onu aparıb kursa qoyurdum. Sonra yaxınlıqdakı “İran bazarı” adlanan yerdə tum satırdım. Anam deyirdi ki, “gələndə bacını gözlə, onu da gətir”. İşimi bitirib mütləq oturub bacımı gözləməli idim. Bizim kənddən ora 6 km yol idi. Dediyim kimi, quruluşun dağıldığı dövrlər idi, avtobus gah olur, gah olmurdu, gah da bizi kənd adamlarından kimsə yolda görüb maşını ilə aparırdı.

Evə gəlirdim, dərslərlə məşğul olurdum. Əgər gecə toy olacaqdısa, yenə də tum torbasını götürüb satmağa gedirdim. Düzdür, burda qeyri-adi bir şey yox idi, hamı ailəsinə bir yolla yardım edirdi. Mən də belə edirdim. Həmyaşıdlarımdan fərqli olaraq hər zaman cibimdə pul olurdu. Belə deyək, uşaqlığım indikindən daha “varlı” idi. Oğlanlarıma bunu deyəndə deyirlər “ata, belə şey olmaz”, deyirəm olub. Uşaq vaxtı məndən çox şey tələb olunurdu.

- Siz də övladlarınızdan çox şey tələb edirsiniz?

- Evdəki ümumi vəziyyətimiz məndən çox şey tələb edirdi – “oxumalıyam, təsərrüfata yardım etməliyəm, tum-siqaret satmalıyam”. Məndən ən azı bunlar tələb olunurdu, amma mən övladlarımdan yalnız bir şey tələb edirəm: oxumaqlarını. Lakin onlar bunu da düz-əməlli yerinə yetirə bilmirlər. Mən kənardan indiki gəncləri müşahidə edirəm. Mənim övladlarım daxil böyük əksəriyyəti çox məsuliyyətsiz və aqressivdirlər. Hər şeyə bir günün içində nail olmaq istəyirlər. Sanki kimisə qovurlar, amma baxırsan ki, qarşılarında heç kim yoxdur. Məqsədsizdirlər, plan üzrə həyatlarını qurmaq istəmirlər, öz-özünə hesabatlılıq yox səviyyəsindədir. İnsan mütləq özünə hesabat verməlidir. Plansız, məqsədsiz insan yelkənsiz gəmiyə bənzər.

- Qeyd etdiniz ki, hər gün təsərrüfat işləri də sizin öhdənizdə olub. Bu qədər işlə məktəbə necə gedirdiniz?

- Bunlar kənd həyatının yaşam qaydalarıdır. Kənddə yaşayan hər bir ailədə bunlar gündəlik işlərdir. Amma mütləq məktəbə də getməli idik. Günortaya kimi məktəb, günortadan sonra təsərrüfat və digər işlər, axşam da dərslər... Mən 8 il Cəlilabadın Təzəkənd kəndindəki orta məktəbdə təhsil almışam. Dərslərimiz yaxşı idi, özüm də yaxşı oxumuşam. Anam Masallı qızı idi. Orada babam, dayılarım yaşayırdı. Bizim kənddə məktəb zəifləməyə başlamışdı, onda Masallıda təhsil bizdəkindən çox yaxşı idi, o məktəbdə də qohumlarımız müəllim işləyirdi. Tarix müəllimim Eldar Həsənov atama tövsiyə etdi ki, “uşaq yaxşı oxuyur, burda saxlamayın, göndərin daha yaxşı məktəbdə oxusun”. Ona görə valideynlərim məni ora göndərdilər, 2 il Masallıda - Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbində oxudum. Ondan sonra isə Bakıya gəldim. Masallıda oxuduğum illərdə kifayət qədər nümunəvi şagird olmuşam. Orada oxuduğum müddətdə dayımın evində qalırdım, həftə sonları isə Cəlilabada – evimizə qayıdırdım.

- Uşaqlıqda ailənin yükünü necə üzərinizə götürdüyünüzdən danışdınız. 7 bacı-qardaş olmusunuz, digər bacı-qardaşlarınız, xüsusilə də qardaşlarınız da sizin kimi olub?

- Əlbəttə, sadaladığım təsərrüfat işlərində qardaşlarım da dəstək olurdu. Təkcə məndən sonra heç bir qardaşım tum və siqaret satmadı. Məndən kiçiyi cəhd etdi, o da alındıra bilmədi, daha doğrusu utanırdı. Amma təsərrüfat işlərində evə çox dəstək olurdular. Mən artıq universiteti bitirmişdim, mətbuatda işləyirdim. O zamanlar (1997-2000-ci illər) küçədə qəzet satmaq ənənəsi var idi. Mən jurnalist işləyirdim, amma maddi vəziyyətim yaxşı deyildi. Onda balaca - 3-cü qardaşım kənddən Bakıya gəldi, küçədə qəzet satıb məni saxlayırdı. Mən onda “Avrasiya” qəzetində işləyirdim, maaşlarımız çox gec-gec verilirdi, hətta 4-5 aydan bir... Subay idim, amma bütün hallarda insan yaşamalı, qidalanmalı, geyinməli, ev pulu verməli idi. Onda Azərbaycanda mətbuatın ümumi vəziyyəti mənimkindən də pis idi. Məsələn, indi əgər sən yaxşı yaza bilirsənsə, intellektin, peşəkarlığın varsa, mütləq iş tapacaqsan. Amma onda peşəkar da olsan, iş yox idi, tapmaq olmurdu. Qardaşım təxminən 1 il mənə kömək etdi. Elə burada da hazırlaşıb universitetə qəbul oldu.

- Niyə məhz tarixi seçdiniz?

- Marağım var idi, dəqiq fənləri o qədər də sevmirdim. Ümumiyyətlə mən uşaqlıqdan tarixi romanları çox sevirəm. Ona görə də üstünlüyü tarixə verdim. Həm də anamın əmisi oğlu yaxşı tarix müəllimi idi, o da məndə maraq yaratdı. Beləliklə, tarixçi olmağa qərar vermişdim. 1992-ci ildə ilk test üsulu ilə universitetə qəbul olanlardanam, 441 bal toplamışdım. Bundan əvvəl sənədlərimi Türkiyə universitetlərinə vermişdim və Bursa şəhərində yerləşən Uludağ Universitetinə qəbul olunmuşdum, tarix-fənn ədəbiyyatı fakültəsinə. Amma orada oxumağa getmədim, çünki maddi vəziyyət yaxşı deyildi, qorxdum ki, yaşaya bilmərəm.Amma sonra bəlli oldu ki, Türkiyəyə gedən tələbələr dövlət hesabına oxuyacaq. Təəssüflənmədim, o zamanlar xaricdə oxumaq indiki kimi dəbdə deyildi. Səhv etmirəmsə 3 ay sonra Azərbaycanda universitetlərə qəbul keçirilirdi. Mən də imtahan verib Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul oldum.

- Jurnalistikaya maraq tarix fakültəsində oxuduğunuz zaman yarandı?

- Açıq etiraf edim ki, jurnalistikaya məni işsizlik və bir də ətrafımda bu sahədə çalışanlar gətirib. Tələbəliyin son 3 iliniuniversitetin yataqxanasında yaşayırdım. Bizim yataqxanada çoxlu bir neçə qalırdı, onlar müxtəlif qəzetlərdə işləyirdilər. Universiteti bitirib rayon Təhsil şöbəsinə getdim, ordan da ucqar bir dağ kəndinə... Dedilər ki, “bax gör işləyə bilsən, gəl bizə de, adını təsdiqləyək həmin məktəbə”. Məsləhət görülən kəndə getdim, qala bilmədim, çox darıxdırıcı kənd idi. Oradan qayıdanda heç evə getmədim, birbaşa rayon mərkəzindən Bakıya gəldim. Ancaq Bakıya çatanda şəhər mənim üçün qəribə göründü, çünki gedəcək yerim yox idi. Yataqxanada kirayə qaldığım otağı təhvil verib getmişdim, artıq o qaldığım otaqda məcburi köçkünlər yaşayırdı. Tələbə yoldaşlarım da hərəsi bir rayona getmişdi, Bakıda qalan az idi. Əmim oğlu köhnə “Qələbə” kinoteatrında mebel dükanı işlədirdi. Sağ olsun işlə təmin etdi. Oradan mebel alırdılar, biz də daşıyırdıq. Ağır mebelləri, divanları ayaqla 8-ci, 9-cu mərtəbəyə qaldırırdıq. İndiki kimi yeni tikilən binalar deyildi ki, yük üçün liftləri olsun, 5-6 ay işlədim, sonra gördüm belə davam edə bilməz.

Sonra dostları axtardım, Əsəd Cahangirlə rastlaşdıq, bir yataqxanada qalmışdıq, münasibətimiz yaranmışdı o vaxtdan. Əsədin köməyi ilə “Ekspress” qəzetində işə başladım. İlk yazımı da heç vaxt unutmuram, Nizami rayonunda Nizami parkı var idi, indi bilmirəm adı nədir? Oradan bir yazı yazmışdım, yazımın adı da “Sahibləri daşa dönmüş park” idi. Redaksiyadan demişdilər “bir yazı gətir, tənqidi olsun”. Mən də o tərəfə getmişdim, gördüm park bərbad gündədir, içi daş-kəsəkdir, baxımsızdır. Bir az da məcazi mənada yazının adını “Sahibləri daşa dönmüş park” qoydum. Qəzetdə əmək haqqı az idi, o vaxtı “Vətəndaş həmrəyliyi” qəzeti dərc olunurdu. Bir-iki ay da o qəzetdə də işlədim. Sonra da keçdim “Avrasiya” qəzetinə. Orada da maaş problemi var idi, vaxtında ala bilmirdik. Problemlər, qayğılar hələ də mənimlə idi.

1999-cu ildə bizi yeni yaranan “Azadinform” İnformasiya Agentliyinə dəvət etdilər. Elə həmin ildən indiyə qədər də orada çalışıram. Əvvəl müxbir kimi işlədim, sonra siyasət şöbəsinin müdiri, parlament müxbiri oldum. Həm Ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövründə prezident müxbiri oldum, sonra da baş redaktor. O vaxt “Azadinform”da 60-70 nəfərlik böyük bir kollektivimiz var idi.

- Jurnalist olmasaydınız, tarixə davam edərdinizmi?

- Mən Bakıya geri qayıdanda sonra həm də Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturada oxudum. Aspiranturanı bitirsəm də müdafiə edə bilmədim. Məişət qayğıları imkan vermədi, mənimlə bir vaxtda qəbul olunanlar müdafiə edə bildilər, amma mən yox. Çünki iki işi bir əldə tutmaq qeyri-mümkün idi. Parlament müxbiri idim, Milli Məclisə getməliydim. İşimiz Fikrət Əmirov küçəsində idi, həmin küçədə bir neçə siyasi partiya yerləşirdi. Parlamentə getmədiyim günlərdə həmin partiyaların ofislərini bir-bir gəzib xəbər toplayırdım. İndi jurnalistika çox rahatdır. Baxıram ki, “Facebook”-da mesencerdən sualı göndərib açıqlama alırlar. Yaxud da telefonla zəng vurub çox rahat açıqlama almaq mümkündür.

Düzdür, o vaxtı da telefonlar var idi, amma indiki kimi ağıllı telefonlar deyildi. Biz mütləq o partiyaların qərargahlarının qapısını döyməliydik ki, xəbər ala bilək. Eyni zamanda o vaxt prezident Heydər Əliyev xaricə gedib-gələndə gözləyib qarşılayırdıq, yaxud da Hava Limanından yola salırdıq, protokol belə idi. Xarici qonaqlar gəlirdi, onların qarşılanması üçün jurnalistləri aparırdılar. Bütün heyətlərdə mən də olurdum, ona görə Akademiyaya getməyə vaxt olmurdu.

Amma təbii ki, jurnalist olmasaydım, maddi vəziyyət yaxşı olsaydı, ucqar bir dağ kəndində tarix müəllimi də işləyə bilərdim. Çünki mən sakitliyi sevən insanam. Zaman, həyat, irəlidəki problemlər planlarımın qarşısını aldı.

- Haqqınızda məlumatlarda o da qeyd edilib ki, İslam Universitetini də bitirmisiniz və bir çox dini kitabların redaktoru olmusunuz. Haradan yarandı dinə maraq?

- Düzü özümü dindar hesab etmirəm, sadəcə oruc tutub, namaz qılıram, Həcc ziyarətində olmuşam. Çox yaxın bir dostum var idi, rəhmətlik Hacı Mirəziz Seyidzadə, Şeyxin elm və təhsil məsələləri üzrə müavini idi. Ondan bir dəfə müsahibə götürdüm, yazı çıxandan sonra zəng vurdu ki, “mənim kitablarım var, sənin redaktəndən xoşum gəldi. Mənim kitablarımı da sən redaktə elə”. Ondan sonra mən onun kitablarını redaktə elədim. Beləliklə, dinə marağım oyandı. Sonra da İslam Universitetinə sənədlərimi verdim. Mən oranı tez bitirdim, yəni orada keçdiyim bir çox fənləri Bakı Dövlət Universitetində oxuyan zaman keçmişdim deyə bunu nəzərə alırdılar. Bilmirəm indi o qayda qalıb, ya yox, amma əvvəl bütün universitetlərdə bu qayda var idi. Beləliklə o İnstitutu da bitirdim.

- Bəs multikulturalizmə maraq necə yarandı, bu haqda hətta kitabınız da var?

- Akademiyada aspirant idim, eyni zamanda alimlərdən müxtəlif mövzularda müsahibələr alırdım. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, rəhmətlik Arif Abbasovla söhbət edəndə mənə milli məsələlərdən danışdı. O vaxt bu mövzu bizim üçün yeni idi. Dedi ki, “görürəm gəncsən, belə bir mövzu var, işləyə bilərsənsə, verək sənə işlə”.Bu haqda xeyli fikirləşdim və araşdırma apardım. Bu mövzuda material demək olar ki, yox dərəcəsində idi. Mövzum belə idi - “Azərbaycanda yaşayan milli azlıqların sosial-mədəni inkişafı”. Dediyim kimi, jurnalist kimi müxtəlif səfərlərə gedirdim, xüsusilə də şimal və cənub bölgəsinə. Oralarda da bildiyiniz kimi, həm də milli azlıqların nümayəndələriyaşayırlar. Bu məsələyə marağım daha da artdı və Akademiyada olduğum müddətdə həm elmi məqalələr yazır, həm də araşdırmalar aparırdım. Xalqları öyrənir, mədəniyyətlərini, təsərrüfatlarını, geyimlərini və digər tərəflərini araşdırırdım, eyni zamanda bu mövzuda gənc alim və aspirantların konfranslarında iştirak edirdim. Mənim işimə bir ildən sonra baxmaq qərarın gəldilər, amma AMEA-nın Rəyasət Heyətində mənim işimi heç də asanlıqla təsdiqləmədilər. O zaman milli məsələlərə, mədəni müxtəlifliyə heç də tolerant yanaşmırdılar. İndi isə milli azlıqlar, multikulturalizm ölkənin həyat devizinə çevrilib.

- İndi yenidən o mövzunu götürə bilməzsiniz?

- Vaxt keçib, indi gərək yenidən imtahanlar verim, bu yaşda çətindir. Həm də əsas iş yerim vaxtımın çoxunu aparır. Milli məsələ, xüsusən də multikulturalizm son 5-6 ildə dəbə minib, bütün beynəlxalq təşkilatlar bu məsələni önə çəkir. Mən müdafiə etmək əvəzinə bu məsələnin üzərinə yenidən düşüb materiallarımı ümumiləşdirdim, kitab çap etdim, əlimdə kifayət qədər materiallar var idi. Birinci kitabımın adı “Azərbaycanda birgəyaşayış və multikulturalizm” adlanır. 2015-ci ildə nəşr olunan həmin bu kitab 15 illik araşdırmalarımın məhsuludur, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi ilə çap olunub. Burada kifayət qədər çöl müşahidələrim, tədqiqatlarım yer alıb. Bu kitabdan 7000 manata qədər pul qazandım. İlk kitabımın çapından 2 ay sonra - 2016-cı ilin yanvarın 11-də Prezident İlham Əliyev Azərbaycanda “Multikulturalizm ili” elan etdi. Yerli və xarici universitetlərdə “Multikulturalizm” bir fənn kimi tədris olunurdu. Təsəvvür edin ki, 500 ədəd kitab çap eləmişdim, hamısı qalmışdı otağın güncündə, alan yox idi. Sonra Prezident yanında Kitabxanadan zəng vurub kitabımdan istədilər, elektron versiyasını da yüklədilər. Sonra bir-bir universitetlər zəng vurub kitab sifariş verməyə başladılar. Biri 15-20 manatdan kimi 100, kimisi də 50 kitab aldı. Beləliklə kitablarımın hamısını satıb qurtardım. Hətta satış üçün kitab dükanlarına verdiklərimi də geri yığıb satdım.

İki il sonra – 2017-ci ildə ikinci kitabımı çapa hazırladım. “Mətbuatda multikulturalizm” adlanan kitabda Azərbaycan mətbuatı tarixində son 100 ilin multikulturalizm ənənələri araşdırılıb. Ancaq etiraf edim ki, ikinci kitab əvvəlki kimi mənə pul qazandırmadı. “Mətbuatda multikulturalizm”də “Əkinçi”dən başlayaraq 2017-ci ilə qədər Azərbaycanda yaşayan xalqların media orqanlarını araşdırmışam. Mövzu genişdir, çox tərəflidir.

Mən jurnalist kimi daha çox bu istiqamətdə ixtisaslaşmışam. Bu, sahə həqiqətən də çox maraqlıdır. Azərbaycanda birgəyaşayışı təbliğ etməyə çalışıram, konfranslarda iştirak edirəm. Azərbaycan multikulturalizmi modeli həqiqətən də unikaldır. Təəssüf ki, insanlarımız hələ tam olaraq multikulturalizmin nə olduğunu bilmirlər. Məsələn, bizdə deyirlər ki, ölkədə irili-xırdalı 80-dən çox milli, etnik azlıq yaşayır. Əslində 80 milli azlıq yaşayırsa, demək bu ölkədə 80 fərqli mədəniyyət var. Bunun nəyi pisdir ki?

Ara-sıra yazılar yazıram, amma istəmirəm ki, mətbuatda çıxan yazı sonra kitabda çıxsın. Ona görə də bir çox araşdırmaları hələ də yazıya – məqaləyə çevirməmişəm. Üçüncü kitabın üzərində işləyirəm, yəqin ki, 2020-ci ilə yekunlaşdıraram.

- Siz həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Məşvərət Şurasının üzvüsüz, eləmi?

- Bəli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullanın təşəbbüsü ilə BBMM-in Məşvərət Şurasının üzvü seçilmişəm. Onlar da bilirlər ki, 15-16 ildir bu mövzu ilə bağlı araşdırmalar aparıram, qiymətləndiriblər sağ olsunlar. Hələ bir neçə il bundan əvvəl yenə Kamal Abdullanın təşəbbüsü ilə həm də Slavyan Universiteti, Multikulturalizm kafedrasında Elmi-nəzəri Şuranın üzvü olmuşam. Çalışıram vaxt tapdıqca tədbirlərdə iştirak edim.

- Bir az da Mətbuat Şurasından danışmaq istərdim. 2018-ci ilin martında Azərbaycan jurnalistlərinin VII Qurultayında siz də Mətbuat Şurası İdarə Heyətinə üzv seçildiniz. Necədir oradakı işləriniz?

- “Azadinform” İnformasiya Agentliyi 2003-cü ildə, Mətbuat Şurasının ilk Qurultayında təsisçilərdən biri idi, indi artıq üzv təsisçiyik. Mətbuat Şurası ilə daima əməkdaşlıq etmişəm və bütün Qurultaylarında iştirak edib yüksək fəallıq göstərmişəm. Ötən il qərara gəldim ki, Mətbuat Şurasının İdarə Heyətinə üzvlüklə bağlı namizədliyimi verim. Proses belədir ki, bir neçə redaksiya sənin namizədliyini dəstəkləməlidir. Mən sosial şəbəkə üzərindən niyyətimi bəyan etdim, dostlardan dəstəkləmələrini xahiş etdim. Qısa müddət ərzində xeyli dəstək oldu, namizədliyim təsdiqləndi. Qurultayda da həmkarlarım etimad göstərdi, Mətbuat Şurası İdarə Heyətinə üzv seçildim.

Hazırda Mətbuat Şurasının Şikayətlər Komissiyasında təmsil olunuram. Media ilə bağlı daxil olan şikayətlər üzrə qərarlar qəbul edirik. Bu çox ağır işdir və mən həqiqətən də işin bu qədər ağırlığını bilmirdim. Kənardan baxanda fikirləşirdim ki, Mətbuat Şurası İdarə Heyətinin iclaslarına gedib gələrəm, vəssalam. Əslində işlər, tədbirlər çoxdur. Bəzən ayda 3-4 dəfə komissiyanın iclası olur, daxil olan şikayətləri araşdırmaq, diqqətlə oxumaq və rəy vermək lazımdır. Həmin rəylərdən əlavə iclasda çıxış etməli, əsaslandırmalıyıq ki, bu qəzet, bu sayt Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarını pozub və ya pozmayıb.

Azərbaycan Mətbuat Şurası ayrı-ayrı jurnalistlərin sosial problemindən tutmuş qarşılaşdıqları digər çətinliklərə qədər öyrənir. Təbii ki, bütün bunların böyük əksəriyyəti ilə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov məşğul olur. Lakin İdarə Heyəti üzvləri də sədrin təlimatı ilə ona dəstək olmağa çalışır. Mətbuat Şurası kollegial bir orqandır, biz sədrə məlumat veririk ki, hansısa həmkarımızın filan problemi var, o da prosesi izləməyi tövsiyə edir, sonda çalışır ki, qarşıya çıxan problem həll olunsun.Bəzən həmkarlarımız deyir ki, “siz orda nə iş görürsünüz?”. Əslində Şura media, jurnalistlər adına imkanları və səlahiyyətləri daxilində çox iş görür.

- 20 ildən çoxdur jurnalistikadasınız, o dövrü də görmüsüz, bu dövrü də. Hansı daha yaxşıdır, daha inkişaflıdır, daha çox problemlidir?

- Əslində indi daha yaxşıdır, amma problemləri də var. Mən 1997-ci ildən mətbuatdayam. Əgər siz peşəkarsınızsa, işinizi bilirsinizsə, bu gün sizə hər yerdə iş var. O vaxtlar isə çox çətin idi, qəzetlər – yəni iş yerləri çox deyildi. Həm də indi jurnalistlər daha çox azaddırlar. Əvvəl siyasi partiyalar fəal idi, jurnalistlər də hansısa siyasi partiyanın təsis etdiyi qəzetlərdə çalışmalı olurdu. Belə olan təqdirdə də həmin partiyanın üzvü olmaq məcburiyyətində qalırdın. Partiyalılıq jurnalistin obyektiv, müstəqil fəaliyyətinə mane olurdu. Hansı partiyanın üzvüsənsə, mütləq o partiyanın mövqeyindən çıxış etməli idin, bitərəflər isə ortada qalırdı, sıxışdırılırdı. Bu hal həmkarlarımız arasında həm də siyasi mənsubiyyət fərqliliyi yaradırdı. Yəni jurnalistləri siyasi mənsubiyyət müxtəlifliyi ayırırdı. Amma indi belə bir şey yoxdur. Reallıqda isə jurnalist heç bir siyasi partiyanın üzvü olmamalıdır. Hər halda bu mənim subyektiv fikrimdir.

Bu gün isə siyasi mənsubiyyət məsələsi jurnalistikada əsas meyar deyil. Bu nöqteyi-nəzərdən indi daha yaxşıdır. Yəqin ki, xatırlayırsınız, əvvəllər informasiyanı Norton proqramında yazır, bu kompüterdən digərinə disketdə aparırdıq. Amma indi daha unikal proqramlar bizə dəstək olur. Artıq diktafonları telefonlar əvəz edib. İndi də arada baxıram, siyirməmdə qara iri diktafonlar keçmişi xatırladır. Bu gün telefonların bizə verdiyi imkanlar çoxdur, həm diktafonu, həm də fotoaparata ehtiyac olmur. Söhbət peşəkar çəkimdən gedirsə, təbii ki, ehtiyac olur, amma fövqəladə vəziyyətlərdə telefon adamı vəziyyətdən çıxarır. Bütün bu sadaladıqlarıma görə, məncə, indi daha rahatdır.

Dediyim kimi o dövrdə iş tapmaq çox çətin idi, amma indi daha rahatdır. O zaman jurnalistin işi daha çətin idi, informasiya mənbəyinə ayağı ilə getməli idi. Amma indi sosial platformaların verdiyi imkanlar vasitəsilə daha rahat informasiya alırıq. Əslində bu yaxşı bir şeydir. İnsan üçün ən dəyərli şey vaxt olmalıdır.

- Sosial şəbəkələrə toxundunuz. Jurnalist üçün bunun üstünlüyü çoxdurmu?

- Üstünlüyü sərhədsiz olsa da problemləri də az deyil. Bəzi həmkarlarımız sosial platformaları istinad mənbəyi hesab edirlər, bu isə yolverilməzdir. Sosial şəbəkə mənbə rolunu oynaya bilməz. Biz sosial şəbəkənin qeyri-obyektiv məlumatları ilə oxucunu maarifləndirə bilmərik. Bura bir “virtual küçə”dir və biz hamımız həmin küçədə “gəzirik”, təbii ki, öyrəndiyimiz şeylər də var. Ünsiyyət baxımından da çox önəmlidir, baxmayaraq ki, virtual ünsiyyət vasitəsidir, amma bizi müsahiblərimizə daha tez çatdırır, yaxınlaşdırır. Vaxt baxımından sosial şəbəkə platformaları bizim üçün çox sərfəlidir.

İstehsal etdiyimiz xəbərlərin cəmiyyətə daha tez çatdırılması baxımından da sosial şəbəkələr bizə çox kömək edir. Düzdür, son zamanlar sosial şəbəkələr də bəzi məhdudiyyətlər tətbiq edib, amma yenə qapını sona kimi bağlamayıblar.

- Sonda istərdim övladlarınızdan danışaq

- İki oğlum var. Böyük oğlum Kiyevdə, Ukrayna Dövlət Telekommunikasiya Universitetində kibertəhlükəsizlik ixtisası üzrə təhsil alır. İnformasiya texnologiyalarına marağı olduğu üçün ixtisas seçimini mən tövsiyə etmişəm. Özünə qalsaydı hərbçi olmaq istəyirdi, lakin buna imkan vermədim, çünki onda hərbçi xarakteri görmürdüm. Başa saldım ki, sənin informasiya kommunikasiya texnologiyalarına marağın var, elə isə get İT, kompüter mütəxəssisi və ya kibertəhlükəsizliklə məşğul ol. Ukraynada bilavasitə bu istiqamətdə təhsil verən ixtisaslaşmış universitet tapdım, indi orada təhsil alır. Digər oğlum isə XI sinifdə oxuyur, qəbula hazırlaşır. O da pilot olmaq istəyir, görək necə olacaq.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı