“Əhməd bəy Ağaoğlunu özümə yaxın bilirəm” – Azər Həsrətlə müsahibə / FOTOLAR

Metbuat.az-da “Medianın üzü” adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, onların görünməyən tərəfləri haqqında bilgili olmur. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri bu yöndən tanıtmağa çalışırıq.

Layihəmizin budəfəki qonağı Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin və İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrətdir.

- Azər müəllim, Xaçmazın Dədəli kəndindənsiz, kəndinizə də çox bağlısız. Uşaqlığınız orada keçib?

- Sualınıza cavab verməzdən öncə onu deyim ki, mənimlə müsahibələrdə hər hansı suala və ya mövzuya qadağa yoxdur. Şəxsimlə, ictimai və ya jurnalistika fəaliyyətimlə bağlı istənilən sualı verə bilərsiz. Uşaqlığıma gəldikdə isə, Sovet uşağı kimi böyümüşəm. 1968-ci ildə Xaçmazın Dədəli kəndində anadan olmuşam. 9 uşaqlı ailənin 9-cusuyam. 9 uşaqdan biri 5 yaşında vəfat edib. 2 bacı, 6 qardaşıq, ailənin sonbeşiyiyəm. Kəndimiz tarixi bir məkandır, sadə bir kəndli ailəsi olmuşuq. Atam və anam müharibə dövrünün uşaqları olduqlarına görə, çətinliklərlə böyüyüblər. Hətta atamın ata-anası çox erkən yaşda vəfat ediblər, ona görə də yetimliklə böyüyüb. Amma buna baxmayaraq, bizim kimi 8 övlad böyüdüblər. 6 qardaşın hamısı Sovet ordusunda xidmət etmişik. Mən Almaniyada xidmət etmişəm. Fiziki cəhətdən çox sağlam və həmişə təbiətlə iç-içə olmuşam.

1975-ci ilin avqustu

- Ancaq məktəbə gec getmisiniz, eləmi?

- Hə, məktəbə bir il gec getmişəm, o da təsadüfən olub. Ümumiyyətlə, mənim həyatımda bir il gecikmələr bir neçə dəfə olub. Avqust ayında 7 yaşım tamam olmuşdu, məktəb yaşına uyğun idi. Artıq 8 yaşımın içindəydim və məktəbə getməli idim. Atam, qardaşlarım məni Bakıda musiqi məktəbinə qoymaq istəyirdilər. Amma bu məsələni həll edə bilmədilər, deyəsən sənəd çatışmamışdı. Kənddə də məktəbə getmədim. 1-2 ay keçmişdi deyə ordan da qaldım, burdan da. Ona görə həmin il məktəbə gedə bilmədim. Amma məktəbə gedənə qədər böyük bacılarım, qardaşlarım mənə oxumağı, yazmağı, saymağı öyrətmişdilər. Artıq 8 yaşım tamam olandan sonra məktəbə getdim. Müəllim uşaqlara hərfləri öyrədəndə mən əsgərlikdə olan böyük qardaşıma məktub yazırdım. Məktəbdə yaxşı oxuyan uşaq olmuşam.

Ən arxada 1-ci


- Uşaqlıq macəralarınız çox olub deyəsən?

- Çox deyəndə, məktəbi qurtarana qədər macəralarım olub. Orta məktəbdə oxuyanda həmişə birinci olmuşam. Həm oxumağıma, həm də təşkilati məsələlərə görə. Uzun müddət “sinifkom” olmuşam. Yuxarı siniflərdə hərbi dərsdə komandir olmuşam. İdman dərslərində mütləq məni sıranın başına qoyurdular. Halbuki məndən hündür olanlar da var idi. Hətta bir dəfə bir hadisə də olmuşdu. İdman dərslərində stadionumuzda qaçırdıq. Müəllim mənə deyirdi ki, “sən irəlidə olanda uşaqlar yaxşı qaçır, onları arxanca yaxşı aparırsan”. Buna da hamı öyrəşmişdi artıq, boyu daha hündür olan oğlan da məndən arxada dayanırdı. Bir dəfə təzə idman müəllimi gəldi. Bizə dedi ki, sıraya düzülün. Biz də həmişəki qaydada düzüldük, öndə mən dayandım. Baxıb dedi ki, “Sən niyə öndə durmusan? Nadir səndən hündürdür, keç arxaya”. Nadir də keçdi qabağa. Sonra müəllim dedi ki, “qaçın”. Bir müddət sonra gördü ki, Nadir idarə edə bilmir sıranı. Sonra mənə dedi ki, “sən önə keç”. Ondan sonra o da məni artıq birinci qoyurdu sırada. Hərbi dərslərdə də, dediyim kimi, komandir olmuşam. Səsim daha kobud idi deyə ona görə də fərqlənmişəm. Tədbirlərdə şeir verirdilər, mən də səsləndirirdim. Sonradan eşitdim ki, müəllimlər gülürmüş ki, necə kobud səsi var, mikrofonsuz oxuyur, amma səsi bütün zalı bürüyüb (gülür).

Yuxarıda soldan 2-ci

Bundan əlavə həmişə kitaba bağlı olmuşam. Kəndimizdə bir kitabxana var idi. İndi onu söküb yerində müasirini tikiblər. Həmin kitabxanamız təxminən 15 kv.m-lik bir otaq idi. Allah rəhmət eləsin Lətif dayıya, oranı o işlədirdi. Sovet vaxtı təbii ki, dövlət kitabxanası idi. Təsəvvür edin ki, o kitabxana mənə görə açılırdı. Yəni kənd adamlarının işi çox olur, çöldə işləyirlər, oxumağa o qədər də vaxtları olmur. Amma mən həftədə 3 kitab oxuyurdum. Hətta yadımdadır ki, uşaq yaşlarımda belə qalın kitablar oxuyurdum.

- Ən çox hansı məzmunlu kitabları oxuyurdunuz?

- Sovet uşağı olduğuma görə, daha çox partiya, Lenin, Marks haqqında uşaqlar üçün uyğunlaşdırılmış kitabları oxuyurdum. Bundan əlavə, təbiətə çox bağlı olduğuma görə, təbiətlə, bitki aləmilə bağlı hekayələr oxuyurdum. Ən çox oxuduğum və indi belə evdə baş köşədə saxladığım kitablar Dədə Qorqud, Koroğlu, Azərbaycan nağılları kitablarıdır. Bəzən olurdu ki, səhər 9-da dostlarımla evdən çıxırdıq, saat 12-yə qədər artıq onlara bir nağıl oxuyub danışırdım, yaddaşım güclü idi. Bəzən də sinif yoldaşlarımı, dostlarımı aparırdım ki, gedib kitab oxuyaq, gedirdilər də. Lətif dayı heç kimə 2-3 kitab verməzdi, amma mənə bir dəfəyə 5-6 kitab verirdi. Deyirdi ki, “bilirəm ki, 2 kitab aparsan, tez qayıdacaqsan, 6 kitab verirəm, get oxu, bir az gec gəl”. Yəni, demək istəyirdi ki, məni işdən-gücdən eləmə, həm də yollarda qalma (gülür). Rəhmətlik deyirdi ki, “onsuz da səndən başqa gələn yoxdur, buranı sənə görə açıram”.

Əvvəllər telefon yox idi, hamıda da saat olmurdu. Qoyun-quzu otarmağa gedirdik, təbii ki, özümlə kitab da aparırdım. Vaxtı bilmək üçün isə yerə bir çubuq basdırırdım və günəşlə ölçürdüm. Bilirdim ki, tutaq ki, saat 12-də bu çubuğun kölgəsi hansı yerə düşəcək. Həmin vaxtı da evə qayıtmalıydım. Çünki dərsim ikinci növbə başlayırdı. Ümumiyyətlə, çox zəngin uşaqlığım olub. Məsələn, velosiped sürən olmuşam, çox həvəsim olub. Özü də bər-bəzəyin yox, sürətin həvəskarı olmuşam. Tay-tuşlarım bəzəkli velosipedlərilə gəlib məni ötə bilmirdilər. Varlı olmamışıq, amma kasıb olmuşuq deyib də ağlaşmırıq. Şükür ki, bir parça çörəyimiz həmişə olub. Bacı-qardaşlarım da, mən də zəhmətkeş olmuşuq, ata-anamıza da kömək etmişik. Sadəcə o dövrlərdən bir həsrətim qalıb. Atam 18 yaşım olanda rəhmətə gedib, atamdan doymamışam, onu çox az görmüşəm. Çünki biz yatandan sonra işdən gəlirdi, ailə böyük idi, dolandırmaq lazım idi, biz yuxudan oyanana qədər də artıq işə getmiş olurdu. Ona görə onu yetəri qədər görə bilmirdik, içimdə bir həsrət qalıb.

Yuxarıda soldan 1-ci

Kənd yeri idi, 5 manatlıq radiolar var idi. Bir də onun həsrətini çəkirəm. Bu radio səhər açılandan axşama qədər açıq olurdu. Verilişlər olurdu, musiqilər səslənirdi, səsi bütün kəndə yayılırdı. Bizim bölgə, yəni Xaçmaz, bir az etnik cəhətdən zəngin bölgədir. Zənginlik, təbii ki, pis deyil. Rəngarənglikdir, mədəniyyətdir. Amma bizimki sırf türk əsilli Azərbaycanlılardan ibarət kənddir. Ata-anam da rəsmən sənədlərində türk yazılmış insanlar olub. Hətta Azərbaycan Xalq Cümhuriyyətindən əvvəlki sənədlər var, orda belə bizim nəslin milliyyəti hissəsinə türk və ya “məhəmmədi” yazılıb. Yəni müsəlman işarəti olaraq. Bizim ailəmizdə həmişə qulaqlarımıza sırğa olacaq bir söz olub. Hardasa gedib əsgərlik çəkib gələn biri olurdu, geri qayıdan kimi başlayırdı rus dilində danışmağa. O dəqiqə anam deyirdi ki, “ay bala, filankəsin uşağı da gavur olub getdi”. Gavur olmağı da nədir? Sən demə danışanda rus sözü işlədib. Əsgərlikdən gələnlərin bəziləri Sovet ordusunda xidmət etdiyini göstərmək üçün rus sözü işlədirdi. Özü də rus dilini mənimsəməyənlər edirdi bunu. Biz isə dilimizə bağlı olmuşuq. Dediyim kimi idmanla məşğul olmuşam, sağlam olmuşam. İndinin özündə də 10 m, 20 m hündürlüyündə olan ağacın başına rahat çıxıram, qorxmuram, çəkinmirəm, başım hərlənmir. Uşaq vaxtı da ağacın başında olurdum, meşəyə gedirdim ayaqyalın. Tikanların içində rahat gəzirdim. Hətta bəzən adamlar deyirdi ki, buna bax, ayaqyalın tikanın içinə girib. Amma mən öyrəşmişdim. Çınqıl daşının üzərində indinin özündə də ayaqyalınn gəzirəm, qaçıram. Düzdür, uşaqlıqdakı qədər rahat deyiləm. Bir qədər yaş artdığını hiss edirəm. Yaxud kotanın şumladığı tarlaya girirdim, orda rahat qaçırdım. Leysan yağırdı, palçıqda ayaqyalın gəzirdim, heç bir problem olmurdu.

1970-ci illər. Yuxarıda sağdan 1-ci

- Yəni kənd həyatını doya-doya yaşamısınız...

- Bir sərhəd yox idi, heç kim demirdi ki, belə eləmə. Düzdür, anamız bəzən deyirdi “a bala, soyuqlayarsan”. Amma çox demirdi o da. Çünki anam da, atam da təbiət adamları olublar. Onlar təbiətin mahiyyətini anlayıblar. Onlar özləri də həmişə bizə hiss etdiriblər ki, insan təbiətlə iç-içə olmalıdır, qorxmaq lazım deyil. Ayaqyalın gəzməkdən də qorxmaq lazım deyil. Qarda çıxıb yarıçılpaq gəzməkdən də qorxmaq lazım deyil. Biz çıxıb qarda yarıçılpaq özümüzü havaya verirdik. Əsgərlikdə də eyni şeyi davam etdirmişəm. Yəni ailəmiz bizim tam təbii insanlar kimi yetişməyimiz üçün şərait yaradıb. Bizdə qadağalar olmayıb. Onu etmə, bunu etmə deyə. Biz də gördüyümüzü götürmüşük, mənimsəmişik. Gördüklərimiz ümumi toplumun qaydalarına zidd olmayıb. Məsələn, bizim ailəmizdə şiddət olmayıb, kobud davranış, içki, pis vərdişlər, bunların heç biri olmayıb. Atam əvvəllər içib, bir dəfə gecə söyüş söyüb. İçkili halda yolda gələrkən gecə saat 12-dən sonra bizim yaxınlığımızda bir nəfər balkonun işığını söndürüb. Atam da söyüb ki, məni görüb işığı söndürdülər. Səhər 7-də yuxudan durub, yadına düşüb bu hadisə, əl-üzünü yuyub gedib o qonşuya deyib ki, “sən Allah bağışla, gecə söyüş söymüşəm”. O da deyib ki, “biz eşitmədik axı”. Atam da deyib “eşitdin-eşitmədin, mən söymüşəm, bağışla, üzr istəyirəm”, sonra isə bir daha içməyib.

Ola bilər, biz varlı olmamışıq, amma hamı bilirdi ki, bizim ailəmizdə oğurluq olmaz, yalan olmaz. Saf olmuşuq. Şəxsən məni günü bu gün də aldatmaq mümkündür. Çünki hamını özüm kimi bilirəm. Dostlarıma da deyirəm ki, 40 yaşıma qədər buna dözdüm, kim nə deyirdi inanırdım. Amma 40-dan sonra düşünməyə başladım ki, yox, aldanıram axı. Ona görə də bir az şühbəçi olmağa başlamışam. Amma o vaxt belə idi ki, sözü deyirdin, yalan olmamalı idi. Bizə görə insan yalan danışmaz, amma sən demə danışırlarmış.

- Yenidən qayıdaq təhsilə, məktəbi bitirib texnikumda oxudunuz...

- Hə, özü də mən aktyor olmaq istəyirdim. Ola da bilərəm, indi də iddialıyam. Hətta bu müsahibəmizi oxuyacaq rejissorlar və ya o sahədən başqa adamlar varsa, mənə uyğun rol təklif etsələr, rahat-rahat çəkilərəm, heç pul da istəmirəm. Sadəcə olaraq özümə, xarakterimə uyğun rol olsun. Əslində bir az uzaqgörən rejissorlar olsa, onlar məni dəvət edərlər. Çünki bilirəm ki, uğur gətirəcək rol oynaya bilərəm. Texnikum məsələsi isə belə idi ki, 8-ci sinfə qədər əlaçı olmuşam. 8-ci sinifdə oxuyanda siqaret çəkməyə başladım. Ərgənlik, yeniyetməlik çağı idi, özümüzü sübut etmək istəyirdik ki, böyümüşük. Amma zamanında ağlım işlədi, 1-2 ildən sonra siqareti atdım. Siqaret çəkməklə yanaşı, Almaz xanımın qulağından uzaq (həyat yoldaşı), gənclikdə sevgi, eşq olur. Belə olan halda da dərslər bir az ikinci plana keçməyə başladı.

16-17 yaşında

- Bəs, müəllimləriniz necə reaksiya verdi belə olmağınıza?

- Təsəvvür edirsiniz, məktəb məni xilas etmək üçün səfərbər oldu. Başda da direktorumuz. Allah rəhmət eləsin. Səfərbəy müəllim idi, qonşu kənddən gəlirdi, köhnə direktorlardan idi. Direktor əməlli-başlı səfərbərlik elədi məktəbdə ki, “bu uşağı xilas eləmək lazımdır, yaxşı oxuyurdu, indi oxumur”. Bilmirəm, indi məktəblərdə belə şey varmı? Məktəbdə bizə dərs deyən bütün müəllimlər ayağa qalxdı, hətta sinfimi dəyişdilər. Bizdə 8-ci sinfi bitirəndən sonra 9-10-cu siniflərə qonşu kənddən də uşaqlar gəlirdi. Həmin qonşu kənddə, yəni Bostançıda məktəb 8 illik idi. Ona görə, 8-ci sinifdən sonra ordakı uşaqlar bizim məktəbə gəlirdi və sayımız artırdı. Say da artdığına görə, dərsi ikinci növbə edirdilər. Mən də kəndin uşağı olduğuma görə, ikinci növbədə oxuyurdum. Müəllimlərim gördülər əldən gedirəm, məni keçirdilər digər kənddən gələn uşaqlarla 1-ci növbəyə.

- O müəllimlərinizi yad edirsizmi?

- Əlbəttə. Ədəbiyyat müəlliməmiz var idi, Xatirə müəllimə. Elə bizim öz kəndimizdən idi. Bu gün Azərbaycan dilində mükəmməl danışdığıma, yaza bildiyimə görə, rahat çıxış edə, özümü yetəri qədər ifadə edə bildiyimə görə Xatirə müəlliməyə borcluyam. Ona qədər də Səməndər müəllim var idi. İndi də Bakıda yaşayır, əlaqəmiz də var. Bu insanlara təşəkkür edirəm. Həqiqətən də o adamlar mənə ana dilimizi öyrətdilər. Təbii ki, ilk olaraq ailəmdə öyrənmişəm bunu, amma cəmiyyət içinə çıxıb özünü ifadə etməyi müəllimlərim öyrədib.

Bundan əlavə, rus dilində sərbəst danışıram, yazıram, çıxış edirəm. Musa müəllim var idi, bu yaxınlarda öyrənmişəm ki, rəhmətə gedib. Şahbaba müəllim var, indi də həyatdadır, qocaman müəllimlərdən biridir, işləməsə belə. Səhhətində problemlər olduğu üçün 1-2 il əvvəl gedib onu ziyarət də eləmişdim, qonşu kənddə yaşayır. Bu insanlara həqiqətən də ürək dolusu borcum var.

Əvvəldən başa düşmürdüm, amma indi yaşım 50-ni keçib deyə daha yaxşı başa düşürəm. Direktorumuz Səfərbəy müəllim həqiqətən də mənim xilas olmağım üçün səfərbər olmuşdu. Bilirsiz nə baş verdi? Mən siqareti atdım. Düzdür, siqaret məsələsinə onlar qarışmadı, amma özüm idrak elədim ki, səhv hərəkətdir. Siqareti atdım və bu günə qədər də ona nifrət edirəm. Yanımda siqaret çəkiləndə dözmürəm, evimdə, maşınımda, ofisimdə heç vaxt heç kimə siqaret çəkməyə icazə vermirəm. Yaxud da içəridə siqaret çəkilən yer varsa, çölə çıxıram, dözmürəm. İçki içmirəm, spitli içkidən uzağam, arağın dadını bilmirəm.


Bir də Gülnarə müəllimə var, həyatımda iz buraxan müəllimlərdən biri olub. O müəlliməmin də mənim rus dilini öyrənməyimdə çox yaxından köməyi olub. O, dili mənə sevdirə bilib. Gülnarə müəllimə ləzgi qızı idi, APİ Axundovu (o vaxtki M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu) təzə oxuyub gəlmişdi bizim məktəbə. Azərbaycan dilini demək olar ki, bilmirdi. Məişət səviyyəsində özünü ifadə edə bilirdi. Amma elmi, ədəbi formada bilmirdi. Ona görə danışanda çətinlik çəkirdi, bizim uşaqlar ləzgi dilini də bilmirdi, rus dilini də. Bir müddət sonra aşkar elədi ki, mənim rus dilim orta məktəb səviyyəsi üçün pis deyil. Tərcümədə ilişəndə üzümə baxırdı, mən də dərhal həmin sözün tərcüməsini deyirdim. O təzə gəlmişdi bizim məktəbə. 9-cu sinifdə oxuyurduq. Mən də həm idmanla məşğul olurdum deyə canlı idim, həm də 9-cu sinif üçün yaşım bir yaş artıq idi, bu da öz sözünü deyirdi.Bizə rus dilindən dərs deyən Musa müəllim də bir az özündən razı idi. Gördü xanım müəllimə cavandır, istədi ona müəllimliyin necə olduğunu göstərsin. Gülnarə müəlliməni arxada oturtdu. O vaxt elə idi ki, təzə müəllim gələndə onu 10-15 gün, 1 ay o fəndən dərs deyən başqa bir müəllimin dərsində arxada oturdurdular ki, baxıb təcrübə yığsın.

Musa müəllim də Gülnarə müəlliməni arxada oturtdu, başladı özünü ona göstərməyə. Bizdə də sinifdə 13 oğlan, 13 qız idi, öz kəndimizin uşaqları idi. Dedi ki, ayağa durun görüm, kim dərsini yazmayıb? Oğlanlar hamısı qalxdı ayağa. Mən də dərslərimi həmişə yazan idim, amma o gün nəsə yazmamışdım. Bu müəllim başladı bir-bir yaxınlaşıb oğlanlara, “niyə yazmamısan” deyib bir sillə vurmağa. İndi uşağı vurmaq olmaz, amma o vaxt vururdular. Musa müəllim uşaqları bir-biri vurur, bir-iki kəlmə də ağır söz deyib yerinə oturdurdu. Mənə çatanda əlini qaldırdı ki, vura, tez tutdum əlindən, dedim nə olub? Hirslə dedi ki, niyə yazmamısan? Dedim yazmamışam “2” yazın. Pərt oldu, hirsləndi, amma yerdə qalanları vurmadı. Gülnarə müəllimə də gənc müəllimə, sinfə yeni girib, bu mənzərəni görüb qorxdu. Bir müddət sonra o müəllimə ilə dostlaşdıq, gördü ki, tərbiyəli adamam, böyük-kiçik yeri bilirəm, rus dilini də çox gözəl oxuyurdum. Hamı konspektdən danışırdı, mən bir dəfə oxuyub gedib danışırdım. Bir neçə müddət sonra mənə etiraf elədi ki, “səni ilk dəfə o dərsdə görəndə fikirləşdim ki, bu uşaqla işim çətin olacaq”. Dedim, niyə çətin olsun ki? Dedi, “sən o müəllimə elə cavab verdin, ona görə”. Dedim, o düz eləmədi axı. Siz təzə gəlmişdiniz, təzə müəllimsiniz, mən də normal, ağlı başında olan adamam, məni niyə vurmalı idi ki? Ömrümdə bir dəfə dərsimi yazmamışdım, o da həmin günə təsadüf edirdi. Sonra Gülnarə müəllimə ilə həqiqətən də çox yaxşı dost olduq.

Ümumiyyətlə, məni heç vaxt heç bir müəllim döyməyib. Uşaqlarla dava etdiyimiz, döydüyüm, döyüldüyüm olub, amma müəllimlərim heç vaxt vurmayıb. Hətta ən qəddar müəllim olub ki, demək olar oğlanların hamısını döyüb, mənə çatanda dayanıb. Çünki mən özümü döydürməmişəm, döymək istəyənin də cavabını vermişəm.

- Bəs, necə oldu texnikumda oxudunuz?

- Dediyim kimi, 8-9-cu siniflərdə zəif oxudum. Zəif oxuduğum üçün də universitetə girə bilmədim. Heç düşünmürdüm də qəbul olunaram. 1986-cı il idi, qiymətlərimə, vəziyyətimə baxdım. O vaxt imtahan qaydaları indiki kimi deyildi. Amma düşündüm ki, ən azı texnikuma girə bilərəm. O vaxt Mədəni Maarif Məktəbinə. Heç nə bilmirəm, sənədimi vermişəm. Kitabxanaçılığı seçmişdim.

Rəhmətlik qardaşım Abdulla məndən soruşdu ki, “sənədini hara verdin?” Dedim filan ixtisasa. Dedi get dəyiş. Ailə saxlayacaqsan gələcəkdə, kitabxanaçının maaşı az olur. Mən də dəyişdim. Nəsə aktyorluq kimi bir ixtisasa.

İmtahan günü yetişdi. Düşünürdüm ki, imtahanı necə verəcəm? Düzdür, fənlər üzrə imtahanı bilirdim ki, verə bilərəm. Qabiliyyət imtahanından qorxurdum. Getdim qabiliyyət imtahanına, heç bilmirəm də ki, içəridə adamdan nə soruşurlar. İstedadlı uşaqlar da yığışıb ora, biri muğam oxuyur, biri rəqs edir və s. İçəridən çıxanlardan soruşuram ki, orda adamdan nə soruşurlar? Onlar da təəccüblə üzümə baxırlar ki, imtahana gəlib, hələ bilmir içəridə nə soruşurlar?

Növbəm çatdı, içəri girdim. Ora da güzgülü zal idi, hər tərəfdən özünü görürdün. Qarşıda da 3 nəfər imtahan götürən oturub, biri qadın idi, ikisi kişi. Kişilərdən biri dedi ki, “nə istedadın var?” Dedim, şeir deyə bilərəm. Dedi, “şeiri keç, başqa?”. Dedim lal səhnə oynaya bilərəm. Dedi “oyna görək nə oynayırsan?”. Kənd uşağı nə bilər? Guya toyuğun dalınca düşmüşəm, qovub-qovub tutdum, ayağımın altına qoydum, guya başını kəsdim. Dedilər “yaxşıdır, amma sən bıçağı cibindən çıxarmadın axı”. Doğrudan da, onu unutmuşdum. Beləcə “2” yazdılar, çıxdım sənədlərimi aldım ordan. Evə gəldim, qardaşıma dedim ki, kəsildim. Onda da hələ Energetika Texnikumuna sənəd qəbulu var idi. O vaxt, dediyim kimi, fərqli idi. Hərə öz vaxtına qədər sənəd qəbul edirdi. İmtahan verdim, o texnikuma qəbul oldum. Suallar riyaziyyat və dil-ədəbiyyatdan idi. Orda da inşa yazmalıyqdıq. Uşaqlıqda da elə idim, indi də beləyəm ki, desələr filan mövzuda köşə yaz, yarım saata yazıb hazırlayacam. Təbii ki, o vaxt indiki səviyyədə yazmırdım, uşaq idim. İnşadan 4 aldım, riyaziyyatdan da 3 alıb qəbul olundum texnikuma. Yaşım çox olduğuna görə, texnikuma daxil olan kimi əsgərliyə apardılar. Beləcə 1986-cı ilin 15 oktyabrında əsgər getdim.

Yuxarıda soldan 3-cü

- Sonra əsgərlik başladı?

- Uşaqlar texnikumdan getdilər pambıq yığmağa, mən də onlarla sağollaşdım ki, əsgər gedirəm. Getdim Xaçmazın özünə, gətirdilər Biləcəriyə toplantı mənqətəsinə. Orda qeydiyyat aparılanda yaxınlaşıb dedim ki, Əfqanıstana getmək istəyirəm. Üzümə tərs-tərs baxıb dedilər ki, “Əfqanıstanda adamın başını kəsirlər”.

- Niyə Əfqanıstan?

- Onun da bir əhvalatı var. Əgər Sovet İttifaqı qalsaydı, bəlkə də indi Sovet İttifaqının ən tanınmış xadimlərindən biri idim. Çünki ideologiya beynimizi o qədər yumuşdu ki, sovetlər üçün ölməyə hazır olan adamlar idik. Səhər açılır, televiziya, qəzet, radio hamısı kommunist ideologiyasını beynimizə yeridirdi. Məktəb, pioner, komsomol. Özüm də aktiv adamam. Təbii idi ki, o ideologiya mənim də beynimə oturmuşdu. Ona görə də düşünürdüm ki, Əfqanıstan bizim 16-cı respublikamız olmalıdır. İnanırdım ki, Sovet İttifaqı dünyanın ən xoşbəxt dövlətidir. Yəni Amerika dağılır, Avropa dağılır, pis gündə yaşayırlar, ən yaxşı biz yaşayırıq. Çünki qapalı rejim idi, sərhəddən kənarda nə var idi bilmirdik, dünyaya açıq olan mətbuat yox, televiziya yox, radio yox. Bütün bunlara inanmışdıq, inandığımıza görə də Sovet İttifaqı uğrunda can qoymağa hazır idik. Mən də vətərpərvər biri olduğuma görə, arzu edirdim ki, əsgərlik üçün Əfqanıstana aparsınlar.

Bir sinif yoldaşım vardı, İlqar adlı. Taleyin ironiyasına bax, o deyirdi ki, hara gedirəmsə-gedim əsgərlik üçün, təki Əfqanıstan olmasın. İlqar müharibədən qaçırdı, mən isə əksinə can atırdım. Biləcəridən sonra Tağıyev qəsəbəsinə apardılar, paltarımızı geyindik, hazır olduq. Orda dedik hara gedirik, dedilər “3 ölkədən birinə - Monqolustan, Əfqanıstan, Almaniya”. İş elə gətirdi ki, məni apardılar Almaniyaya. Hətta Almaniyada da ərizə yazdım ki, Əfqanıstana göndərin. Bir müddət ona görə məni posta göndərmədilər, dedilər “yəqin intihar eləmək istəyirsən”. Dedim, intihar nədir, mən Sovet əsgəriyəm.

İlqar isə məndən 6 ay sonra getdi əsgərliyə. Özü də Əfqanıstana. Mənə məktub da yazırdı. O, 1989-cu ilin yazında əsgərliyini bitirib Azərbaycana qayıtdı. Onda da buralarda vəziyyət qarışmışdı. 1 il sonra burdan da getdi ki, Azərbaycanda da müharibə başlayır. Gedib Ukraynaya yerləşdi, Luqanska. İndi də orada müharibə gedir. Bu adam ömrü boyu müharibədən qaçıb, həmişə müharibə ilə qarşılaşıb. Mən isə can atmışam, amma müxtəlif səbəblərlə gedib çıxa bilməmişəm. Yəni, deməyim odur ki, tale insanı hara aparar, necə aparar, başına nələr gələr bunu bilmək olmaz.

Sağdan birinci. Sinif yoldaşı İlqarla

- Əsgərlikdən geri qayıdıb təhsilinizi davam etdirdiniz, eləmi?

- Bəli, texnikumu oxuyub bitirdim. Sonra universitet istəyim yenidən baş qaldırdı. 1991-ci il idi, rus dilini yaxşı bildiyim üçün buna güvənib rus dili və ədəbiyyatına, o vaxtki M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna sənəd verdim. Hazırlıqsız getdiyim üçün kəsildim. Bundan sonra artıq dedim Bakı, salamat qal. Qayıtdım Dədəliyə. Geri gedəndə də özümlə bir maşın kitab aparmışdım. Rəhmətlik anam sevinmişdi ki, oğlum kəndə qayıtdı, çünki ailənin axırıncı uşağı idim. Anam düşünüb ki, bir maşın yüklə gəlib, yəqin yaxşı gəlib. Mən isə bir maşın kitab almışdım.

- O kitabları özünüz almışdınız?

- Hə, fəhlə işləyirdim, yaxşı maaşım var idi, eyni zamanda əlaçı təqaüdü alırdım. Aylıq 400 manat sabit gəlirim var idi, bir aya 200 manat güclə xərcləyirdim. Tək idim axı. Ona görə də hər həftə sonu Bakının ən azı 10 kitab mağazasını gəzirdim. Romanlar oxuyurdum hər gün. O vaxt kitablar bu qədər əlçatan deyildi. Elə kitablar var idi ki, onları çox vaxt tanışlıqla alırdıq. Adi romanlardan söhbət gedir, hansı ki, indi kitab dükanları o kitablarla doludur. Kağız toplayıb aparıb verirdin, sənə talon verirdilər. O talonu dükana verib kitab ala bilərdin. Hər həftə 5-10 dənə kitab alırdım. Kitablar o vaxt indiki kimi baha da deyildi. Maksimum 2-3 manata.

Anam zarafatla deyirdi ki, “mən də bir maşın yükə baxıb deyirəm nə gətirib, sən demə kitabmış”. Düzdür, anam da kitab sevəndi. Təbii ki, kitab aldığıma sevinirdi, sadəcə zarafatla deyirdi ki, “bir maşın cehizlə gəlmişdin, cehiz də kitab imiş”. Dediyim kimi, universitetə qəbul olmadım, kəndə gedib orada yaşamağa başladım. Bu yaxınlarda “Facebook”da armud şəkli paylaşmışdım, bax o armud ağacını da həmin vaxtlarda – 1991-ci ildə əkmişdim.

- Dediniz kənddə yaşamağa başladınız. Bəs Bakı Dövlət Universitetində oxumağınız necə olub?

- 1992-ci ildə test söhbəti ortaya çıxdı. Mən də dedim, özümü bir daha sınayım. Hazırlıqsız idim, iki kitab oxuyub getmişdim. Biri abituriyentlər üçün hazırlıq kitabı idi, nazik kitab idi, onu başdan-ayağa oxumuşdum. Biri də Azərbaycan tarixi kitabı idi, 7-8-ci siniflər üçün. O da nazik kitab idi. Bu iki kitabı oxuyub, gedib imtahan verdim və 407 balla Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olundum. Kitabxanaçılıq sevdam hələ də davam edirdi. O illərdə də, indinin özündə də kitabxanaçı işləməyi çox arzulayıram. Bu, mənim həyat kredomdur. Həmişə istəmişəm ki, kitabların içində olum. Bu gün də eləyəm, evdə də böyük kitabxanam var. Kitab əlindən ayaq qoymağa yer yoxdur. Yazı-pozu öz yerində, amma fürsət tapdıqca roman oxuyuram. Bəzən elə gənclərə rast gəlirəm ki, təəccüblənirəm. Çünki bədii ədəbiyyat oxumurlar. Bədii ədəbiyyat insanı formalaşdırır. Sadəcə nitqini deyil, ümumiyyətlə xarakterini formalaşdırır. Çox xoşbəxtəm ki, kitaba bağlı adamam. Amma bu arzuma yəqin ki, heç vaxt çatan deyiləm. O vaxt qardaşım demişdi ki, “kitabxanaçılığın maaşı çox aşağıdır, sən bununla ailə saxlaya bilməzsən, get aktyor ol və ya başqa sahə seç”. Amma aktyor olmadım, energetikada oxudum, energetik də olmadım. Elə texnikumda da yaxşı oxumuşam. Sadəcə bircə dənə 3-üm olduğuna görə qırmızı diplom ala bilməmişdim. Amma əksər semestrlərdə əlaçı təqaüdü almışdım. Onda da fəal idim. Xalq hərəkatında çox aktiv iştirak etmişəm. Bununla bağlı hətta kitab da yazmışam. Yəni daima qaynayıb-coşan biri olmuşam, indi də eləyəm. Sağlam həyat tərzi sürürəm, insanlara özümə yanaşdığım kimi yanaşıram.

- Universitet illərinizi necə xatırlayırsınız?

- Universitetə də qəbul olunanda ilk gündən müəllimlərim gördü ki, mənimlə başqa cür davranmaq lazımdır. Bu gün də müəllimlərim məni görəndə çox hörmətlə yanaşırlar. Universitetə başlayan kimi dedilər ki, burada bir Tələbə Elmi Cəmiyyəti var, amma işləmir. Dedim, mən onu işlədərəm və o elmi cəmiyyətin sədri seçildim, başladıq işlətməyə. Ayda bir dəfə tələbələr gedib araşdırma aparırdılar, mühazirə deyirdilər, müzakirə keçirirdik. Bizim fakültənin həmkarlar ittifaqı məsələsini də aktivləşdirdik o zaman. Universitet həyatında özümüzü göstərməyə başladıq. O vaxt bizim rektor Murtuz Ələsgərov idi, Allah rəhmət eləsin ona. 1995-ci ildə Milli Məclisə seçiləndən, parlament sədri olandan sonra prorektor Misir Mərdanov rektorumuz oldu. Ondan sonra Misir müəllimlə çox yaxşı münasibətim oldu. Həm insan kimi, həm rektor kimi çox yaxşı adamdır. Hətta ondan sonra da münasibətimiz davam etdi. Misir müəllim nazir vəzifəsindən çıxarılanda mən onun haqqında çox gözəl bir yazı yazdım. Almatıda idim, may ayı idi. Yazım dərc olunmuşdu, zəng gəldi. Bilmədim kimdi. Dedi ki, “Misir Mərdanovdur. Mən sənə təşəkkür edirəm. Yazını oxudum, çox ürəyimcə oldu”. Ondan sonra biz Misir müəllimlə ailəlikcə çox yaxın olduq. Pedaqoq kimi, insan kimi, bir ağsaqqal kimi həmişə hörmətini saxlayırıq. Əslində, universitet vaxtı Misir müəllimlə çox sərt mübahisəm də olmuşdu. Amma ona baxmayaraq, sonra nazir olduğu dövrdə nə mənimlə, nə də həyat yoldaşımla (təhsil işçisidir) bunun hesabını apardı. Əksinə, daha hörmətlə yanaşdı bizə. Ona görə düşündüm ki, nazir vəzifəsindən gedəndən sonra ona vəfa borcumu verim.

Sözüm odur ki, universitetdə də fəal oldum, xalq hərəkatında da. Universitet vaxtlarında gənclər təşkilatlarında da fəal idim. Hətta təcridxanaya da salındım. Bir dəfə təcridxanadan çıxıb imtahana getmişdim. Üzüm tüklü idi. Çağdaş ədəbiyyat imtahanı idi. Müəlliməmiz də Almaz Əliqızı. Allah canını sağ eləsin, indi də hər zaman hörmətlə yanaşdığım biridir. İmtahana gəldim, üzüm tüklü, özüm yorğun halda. Dedi, “bilet çək”, dedim, çəkmirəm. Mən də həmişə “5” alan tələbə olmuşam. Dedi, “necə yəni, imtahandır, bilet çək”. Dedim, bilirəm ki, imtahan verməyə halım yoxdu, sualın birinə cavab verəcəm, birinə verməyəcəm, mənə “2” düşür, amma siz “5” yazın. Baxdı üzümə ki, bu nə deməkdir? Dedim, heç nə, təcridxanadan gəlirəm. O da hərəkatçı biri idi. Baxdı üzümə, sağ olsun, heç sual da vermədi, dedi “5” yazdım.

Bir də bir rus dili müəllimimiz var idi. Abuzər müəllim. Allah rəhmət eləsin, eşitdiyimə görə, vəfat edib. Bizə rus ədəbiyyatından dərs keçirdi, çox yaşlı biri idi. Mən də rus dilini yaxşı bilirdim. Gəldi imtahana, yanında da bir xanım. O da rus ədəbiyyatı üzrə mütəxəssisdir, amma görməmişik daha əvvəl. İmtahanda oturdum qarşılarında, Abuzər müəllim məni xanıma təriflədi ki, “bilirsən, bu necə yaxşı oğlandır?”. Mən də baxıram, Abuzər müəllim sözünü bitirəndə baxdım xanıma, dedim ki, müəllim düz deyir, bilirsiniz mən necə yaxşı oğlanam? Qadın da təəccüblə baxır ki,bu niyə özünü tərifləyir? Məni tanımır axı. Abuzər müəllim də zarafatlarımı bilirdi, baxıb gülümsündü, xanıma dedi ki, bu oğlan çox zarafatcıldır, ruscası da çox yaxşıdır. 5-imi yazdılar ki, buna vaxt sərf etməyə gərək yoxdur.

Bənzər hadisə aspiranturada oxuduğum vaxtlarda da olub. Ədəbiyyat İnstitutunda ingilis dili dərsi idi. Gənc bir müəlliməmiz var idi, Aygün. Soruşdu ki, nə bilirsən? Mən də götürüb Qurandan bir ayə tərcümə elədim. Çox təəccübləndi, Quran da çətindir axı. Baxdı tərcüməmə, dedi, “siz niyə dərsə gəlirsiniz?” Dedim, nə bilim, deyirsiniz gəl, mən də gəlirəm. Dedi, “get, imtahanda gələrsən”. Özünü tərifləmək kimi olmasın, amma düşünürəm ki, mənim həyatımdan örnək götürüləcək çox məqam var. Düzdür, tənqid edənlər də var, təhqir edənlər də, söyənlər də. Amma bunların heç birinə əhəmiyyət vermirəm. Çünki vicdanım təmizdir, özümü yaxşı tanıyıram. Mən bilirəm ki, bu addımı atıramsa, vətənim üçün, millətim üçün atıram, şəxsi mənafeyim üçün etmirəm. Azərbaycanda da beləyəm, xaricdə də. Xaricə gedəndə daha da diqqətli oluram ki, hansısa xarici mənə baxır, onda Azərbaycan haqqında təsəvvür formalaşır. Hər yerdə davranışıma diqqət edirəm. Düşünürəm ki, əslində, hər bir azərbaycanlı belə davransa, bizim bir çox problemimiz həll olunar.

- Azər müəllim, Həsrət öz soyadınızdır, yoxsa ləqəb götürmüsüz?

- Öz soyadımdır, Həsrətov idi. Bizim Dədəli kəndində əhalinin təxminən 70 faizi əmioğlularımızdır. Dörd ailə bizim nəsildir: Qədirovlar, Yusifovlar, Turabovlar, Həsrətovlar. Soyad da, bilirsiz, necə çıxıb bizdə? Məsələn, mənim Abdulla babamın soyadı olmayıb. Sənədləri var evdə, onun ad-soyadı Abdulla Xələfoğlu kimi yazılıb. Yəni öz atasının adı. Atamın adı Hacıquludur, onun adı şəhadətnaməsində Hacıqulu Abdullaoğlu yazılıb. 30-cu illərdə Sovetləşmə genişlənəndə - sənədləşmə işi aparılanda (atam valideynlərini tez itirib), baxıblar, yetim uşaq, 14 yaşında traktor sürür, hətta məktəbə də gedə bilməyib. Cəmi 4-cü sinfə qədər oxuya bilib. Müharibə başlayıb, kişilər gedib əsgər, texnikaları idarə edən olmayıb. Baxıblar cüssəli uşaqlar harda varsa, deyiblər, “sən traktor sür”, “sən suvarma elə” və s. Atamı da məktəbdən çıxarıb aparıblar ki, “sən traktor sürəcəksən, təsərrüfatda çalışacaqsan”. Sənədləşmə aparılanda kəndin başbilənləri, savadlı adamları, dövlət işində çalışanları baxıblar ki, bu Hacıquludur, atası Abdulla, Abdullanın atası Xələf, Xələfin atası Həsrət, bunu Həsrətov yazaq. Bizim, bir əmimin və bir əmimoğlunun ailəsi, onlar Həsrətov olub. Bunların əmisi oğlu olub, bunun atası filankəs, babası filankəs, babasının atası Həsrətin qardaşı Yusif, bunları edək Yusifov, o birini edək Turabov, o birini edək Qədirov və s. Halbuki hamımız əmioğlularıq. Bir gün qismət olub mənimlə bizim kəndi gəzmiş olsanız, görəcəksiz ki, kimə rast gəlirəmsə, “salam, əmioğlu” deyirəm. Yaxud, kim mənə rast gəlirsə, deyir ki, “əmioğlu, necəsən?”. Kənddə 326 ev var, onların hardasa 250-260-ı bizim nəsildəndir. Bir hissəsi də anamın nəslindəndir. Əslində, kənddə bir az kənardan gəlmələr də var. Sovet vaxtı mütəxəssislər gəlib, qalıb orda və bir neçə başqa nəsli çıxmaqla təxminən kəndin 70-80%-i bizimkilərdir.

Ailəsi

Dediyim Həsrətov da soyaddır, “-ov” hissəsini çıxarmışam. İşğal nəticəsində bizlərə sırınan soyad sonluğundan ilk fürsətdə imtina eləmişəm. Etməyənləri də qınayıram. Düşünürəm ki, biz müstəqilliyi qazananda ilk edəcəyimiz işlərdən biri rus soyad sonluğundan qurtulmaq olmalı idi.

Bir məsələyə də toxunmaq istəyirəm. İndi rusdilli təhsil müzakirəsi gedir. Bu, bizim üçün ayıbdır. Müstəqillikdən 27 il keçib, biz hələ də deyirik ki, bu olmalıdır, ya yox? Öz dövlət dilimiz var axı. Azərbaycan özünə milli bir dövlət qurub. Ailənin böyüyü, ana-ata rus dilini bilmir, uşağını aparıb rus dili qrupuna qoyur. Harada görülüb belə şey? Rus dili olur uşaq üçün ana dili, ana dili isə keçir arxa plana. O uşaq sonra azərbaycanlı olan deyil. Bu, həmin uşağı Azərbaycandan qoparır, şüurunun başqa cür formalaşmasına səbəb olur, başqa ideologiyada böyüdülür uşaq. Mənim uşaqlarımın ikisi də Azərbaycan məktəbində oxuyub. Amma ikisi də rus dilini də, ingilis dilini də orta səviyyədə bilir. Məktəbə öz dilində getsin, sonra qoy kursa, hansı dili istəsə öyrənsin də. Ona görə bu cür məsələlərdə mən radikalam. Bizim ailəmizdə yoldaşım da, uşaqlarım da hamısı Həsrət soyadlıdır, hamısında “-ov” sonluğunu ləğv etdirmişik. Mən heç bir dilə qarşı deyiləm, dilləri öyrənmək lazımdır, fars dilini də öyrənmək lazımdır, 40 milyon azərbaycanlı var orda, amma öz dilimizdə oxumalıyıq.

- İstərdim jurnalistika fəaliyyətinizdən də danışaq. Təsadüf nəticəsində bu sənətə gəlmisiz, bəs sonra necə oldu bu karyeranız davam etdi?

- Dediyim kimi, ömür boyu kitabxanaçılığa can atmışam. Ancaq həyat məni gətirib çıxarıb jurnalistikaya. Eyni uğurla aktyor da ola bilərəm xarakterimə uyğun. Hətta bir dəfə Sabir Rüstəmxanlının “Difai fədailəri” kitabını oxudum. Mən də həmişə oxuduğum kitablar haqqında yazı yazıram maraq cəlb etmək üçün ki, başqaları da oxusun. “Difai fədailəri” haqqında yazımda yazmışdım ki, çox arzu edərdim kimlərsə bu romanı senariləşdirib kino çəksin, məni də Əhməd bəy Ağaoğlu roluna dəvət etsin. Həmin romandakı Əhməd bəy Ağaoğlunda özümü tapdım. İdeologiyası, məntiqi, düşüncəsi, bütün bağlılığı, yanaşması, hamısı mənə uyğundur. Təsəvvür edin ki, mən elə bil o adamam, yaxud o adam mənəm.

Bununla belə hələ ki, aktyor deyiləm, jurnalistikaya gəlmişəm. Bildiyiniz kimi, 1993-cü ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlmişdi, yenilənmələr gedirdi, siyasi proseslərin qızğın çağı idi, mən də tələbə idim. Proporsional və majoritar seçki sistemləri müzakirə olunmağa başlamışdı. Bizdə Sovet vaxtı həmişə majoritar olub. Majoritar odur ki, kimlərsə fərdolaraq namizəd olur, seçicilər gedib fərdi seçir. Proporsional odur ki, partiya siyahısı təqdim olunur, seçici də gedib partiya siyahısına səs verir. Hansı partiyanın siyahısı çox səs toplasa, o faizə uyğun siyahıdan şəxslər deputat olur. Bunu o vaxt çox adam anlamırdı. Yəni xalq arasında izah etməyə ehtiyac var idi. 1995-ci il idi, mən də siyasət içində olan adam kimi ard-arda iki yazı yazdım: “Majoritar seçki sistemi nədir?” və “Proporsional seçki sistemi nədir?” Bu iki yazım o vaxt “Vətən ocağı” qəzetində dərc olundu. Dostumuz İmran Bədirxanlı o qəzetdə redaktor idi. O, yazılara baxdı, dedi “qəzetdə verək” və imzamla ilk yazım dərc olundu. Amma bu da jurnalistika istəyi deyildi.

Sonra 1997-ci ildə universiteti bitirdim, işləmək, pul qazanmaq lazım idi. Bakının küçələrində gəzəndə bir elana rast gəldim. “Xəbər Servis” İnformasiya Agentliyi rus dilli siyasət müxbiri axtarırdı. Mən də həm rus dilini bilirdim, həm də siyasi prosesləri. Redaksiyaya getdim. Elxan Məmmədov var idi. Onların baş redaktoru idi. Təsisçiləri Alyoşa Kabanadze adlı bir cavan oğlan idi. Elxan müəllimlə görüşdüm, dedim rus dilini də, siyasəti də bilirəm. Danışdırdılar, dedilər “Hə, əla. Gəl səni xüsusi müxbir kimi işə götürək”. Bir mövzu dedi, tapşırdı ki, “bununla bağlı bir xəbər yaz”. Mən də oturub rus dilində o mövzuya uyğun bir xəbər yazdım, bəyəndilər. Beləcə başladım. 1997-ci ildə orada işlədim, sonra orda qonorar problemi var idi, maddi sıxıntılar yaşanırdı. Ona görə gedib bir müddət “Olaylar”da işlədim. Fatma xanımı, Yunus Oğuzu yəqin ki, tanıyırsız. Onlarla bir müddət işlədim, sonra onlarda da maddi problem yaranmağa başladı. Ardından da, siyasi burulğanın içində olduğuma görə (həm də əlaqələrim də geniş idi, adamları tanıyırdım, onlar da məni tanıyırdı), getdim 1997-ci ilin axırlarında “Azadlıq” qəzetinə. Digər iki iş yerində maaş problemi var idi, amma bu qəzetdə maaş sabit idi, reklamları da var idi. 1998-ci il yanvarın 4-də həmin qəzetdə ilk yazım çıxdı. 1 il orda reportyor işlədim. Lakin ictimai fəaliyyətim o qədər üstələdi ki, bir müddət Amerikaya getdim, ölkə içərisində tanınmağa başladım, Jurnalistlərin Həmkarlar İttifaqını qurdum. (Hazırda o təşkilata Müşfiq Ələsgərli başçılıq edir.) Təşkilat olaraq da çox aktiv idik, xüsusilə də xarici əlaqələri çox geniş qurmuşdum, internetlə çox aktiv işləyirdim. Artıq 1998-ci ilin sonunda baxdım ki, müxbirliyə vaxtım çatmır. Ona görə, 1999-cu ildən başladım köşə yazmağa. Bu günə kimi də köşə yazarlığını davam etdirirəm.

2005-ci ilin dekabrına qədər həmin qəzetdə işləsəm də yalnız 1998-ci ildə qonorar almışam. 1999-cu ildən 2005-ci ilə qədər ordan bir qəpik pul almamışam. Çünki 1998-ci ildən sonra qəzetin vəziyyəti pisləşməyə başladı, reklam azaldı, tiraj düşdü. Mən də gedirdim xaricdə çıxış edirdim, qonorar alırdım, qrantlar alırdım, əlavə gəlir imkanlarım yaranmışdı, pullu adama çevrilməyə başlamışdım. Ona görə düşünürdüm ki, bunlardan 50 dollar qonorar istəsəm ayıb olar. Sonrakı illərdə isə xəbərim oldu ki, əslində pulları var imiş, sadəcə vicdansızlıq edib işçilərə pul verməyiblər. Aylarla maaş, qonorar almayan işçilər olub orda. Orda mən köşələr verirdim, bəzən bir səhifə türk dünyasından xəbərlər verirdim. Bir dəfə də təklif elədim ki, həftədə bir dəfə bu qəzetin öz dili, üslubu ilə bağlı tənqidi yazılar yazım. Həftə boyu bütün yazıları oxuyurdum, həftə sonu qəzetdəki dil, üslub, qrammatik problemlər və s. ilə bağlı köşə yazım gedirdi. Heç kim də incimirdi. Mən Azərbaycan dilində yazarkən, danışarkən o qədər həssasam ki, bu məsələlərə, istəyirəm ki, jurnalistikanın dili təmiz olsun.

İndi bir kitab yazıram, adı da “Əməkdar jurnalist”dir. Öz haqqımdadır. Kitabı da heç vaxt jurnalist olmaq istəməyən, ümumiyyətlə bu haqda xəyalı olmayan biri kimi başlamışam, təsadüfən gəlmişəm və bu gün ölkənin əməkdar jurnalistiyəm. Üstəlik də Mətbuat Şurasının İdarə Heyətində təmsil olunuram, İctimai Televiziyanın Yayım Şurasının üzvüyəm. Yəni, jurnalistikanın zirvəsindəyəm. İnsan həqiqətən də arzu etmədiyi, xəyal etmədiyi zirvəyə gedib çıxa bilərmiş. Bu, bir təsadüf idi və düşünürəm ki, bu təsadüf mənim həyatımı müəyyən edib. Bu gün peşman deyiləm. Əksinə, sevinirəm ki, jurnalistikaya gəlmişəm və kifayət qədər yol qət etmişəm. Üstəlik mən tək Azərbaycanın daxilində deyil, xaricdə də səsi, sözü eşidilən jurnalistə çevrilmişəm. Xarici ölkələrdən hansısa mövzularla bağlı mənə müraciətlər olur ki, şərh edim, qarşılığında da qonorar verilir. Bu, qəbul edilmək deməkdir.Yəqin jurnalistikada öz yerimi tapmışam və təsdiqləmişəm ki, bu qədər dəvətlər olur. Bu yaxınlarda Bakı Dövlət Universitetindən mənə müraciət olundu ki, jurnalistika fakültəsində ingilis dilində dərs deyə bilərsinizmi? Təbii ki, deyə bilərəm. Sadəcə olaraq vaxtımı uyğunlaşdıra biləcəyim şübhəli qalır. Çünki həm səfərlərim, həm də işlərim çoxdur. Üstəlik, davamlı və nizamlı işləməyə öyrəşməmişəm. Amma sağ olsunlar, böyük etimad idi. Dedim ki, istənilən vaxt Azərbaycan, türk, rus və ingilis dillərində jurnalistika ilə bağlı, yeni media ilə bağlı beynəlxalq əlaqələr sahəsində seminar da, mühazirə də, treninq də keçə bilərəm. Amma müəllim kimi işləmək alınmayacaq.

- Sonda oxucularımıza sözünüz nədir?

- Mənim həmişə qarşılaşdığım bir problemim var. Xislət olaraq insan elədir ki, hamını özü kimi görər, mən də eləyəm. Təbiətim elədir ki, olduğum kimi görünüb, göründüyüm kimi olmağı bacarıram. Ona görə də bəzi adamlar haqqımda müxtəlif söhbətlər yayırlar, müzakirələr açırlar. Əslində, müzakirə olunmağım məni sevindirir, hətta bəzən görürəm ki, şəxsimlə bağlı video paylaşırlar. Şükür ki, məni utandıracaq videom yoxdur. Bir dəfə gördüm bir videomu paylaşmışdılar, 300 min izləmə var idi. Elə videolar var ki, mənimlə bağlı minlərlə, yüz minlərlə izlənməsi olur. Məni isə narahat edən odur ki, şəxsimlə bağlı o cür müzakirələrdə bəzən küçə söyüşləri söyənlər, əxlaqsız ifadələr işlədənlər olur. Bunu isə məqsədli şəkildə edirlər. O sözləri deyənlərin 90%-i məni düz-əməlli tanımır, tanısalar, elə şey eləməzlər. Ona görə oxucularımıza çağırışım odur ki, mənimlə bağlı müzakirə, mübahisə, tənqid etmək istəyən şəxsən özümə hər şeyi desin. Hətta mənim şəxsimi tənqid edənlər ən sərt yazılarını azerhasret.com saytımda dərc edə bilərlər.


Mənimlə bağlı ən sərt yazıları məhz öz saytıma qoymuşam. Götürüb yazının nöqtə-vergülünə belə toxunmadan, heç bir qeyd aparmadan sayta yerləşdirmişəm. Tənqidə, mübahisəyə və müzakirəyə açıq olan adamı kənarda söyməyə nə ehtiyac var ki? Ona görə belələrini görəndə sadəcə onlarla mübahisə etməsinlər, desinlər ki, “get adamla açıq şəkildə müzakirə apar”. Əxlaq çərçivəsindən kənar sözlər işlədilmədikcə həmin adamla söhbətimi davam etdirirəm. Əxlaq çərçivəsindən kənar sözlər deyənlərə isə deyirəm ki, lütfən, ifadələrinizi düzəldin, söhbətimizə davam edək. Ona görə oxucularımız diqqətli olsunlar, məndə tənqid pəncərəsi həmişə açıqdır, açıq olmağa da davam edəcək.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı