Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu mayın 1-də Yevlaxda keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Bərdə, Göygöl, Goranboy və Yevlax rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən 70-ə yaxın vətəndaş iştirak edib.
Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı olub.
Qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapıb, digər müraciətlərin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatının, iri heyvandarlıq kompleksinin, kiçik ailə fermer təsərrüfatının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
