İsmayıllı, 1 may, AZƏRTAC
Kənd təsərrüfatı sahəsində bazar infrastrukturunun inkişaf etdirilməsi aqrar sahədə prioritet islahatlardandır. “Yaşıl market”lərin yaradılması da bu islahatların tərkib hissəsidir.
AZƏRTAC xəbər verir ki, hazırda bir sıra rayonlarda “yaşıl market”lər inşa olunur. İsmayıllı rayonu da onlardan biridir. Rayonda tikintisinə ötən ildən başlanılan “yaşıl market”in sahəsi 3200 kvadratmetr ərazini əhatə edir. Burada 1200 kvadratmetr sahədə soyuducu anbarın, 84 satış yerinin inşası başa çatmaq üzrədir. Digər satış yerlərinin, açıq bazarın, eləcə də yardımçı tikililərin inşası isə davam etdirilir. “Yaşıl market”də ilkin mərhələdə 250 nəfər, ikinci mərhələdə isə 500 nəfər işləyəcək.
Şamaxıda da “yaşıl market”in inşası üçün hazırlıq işlərinə başlanılıb. Artıq bu məqsədlə şəhərin şimalında ərazi də ayrılıb. Yaxın vaxtlarda burada da tikinti işlərinə başlanılacaq.
Qeyd edək ki, “yaşıl market”lər bazar infrastrukturunda yeni sahə olmaqla bərabər, məhsul istehsalçıları üçün əlverişli, sabit satış bazarları əldə etməyə imkan yaradacaq. Kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına və daxili bazarın qorunmasının gücləndirilməsinə xidmət edəcək “yaşıl market”lər şəbəkəsi məhsulun istehsalçıdan istehlakçıya çatdırılmasında maneələrin aradan qaldırılmasına, ərzaq bazarında süni qiymət artımının qarşısının alınmasına, kənd təsərrüfatı məhsullarının qəbulu məqsədilə ixtisaslaşdırılan terminalların və anbarların yaradılmasına, həmin məhsulların daşınması üçün nəqliyyat infrastrukturunun inkişafına imkan verəcək.