Yaxın 10 ildə qlobal iqtisadiyyatda əsas fərqi süni intellektdən istifadə səviyyəsi deyil, bu texnologiyanı istehsal etmək və inkişaf etdirmək imkanları müəyyənləşdirəcək.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, deputat Kürşat Zorlu Türk Dövlətləri Təşkilatının (TDT) Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

Kürşat Zorlu türk dövlətlərinin yeni texnologiyalar və strateji investisiyalar sahəsində daha iddialı addımlar atmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Fondun kapitalının 600 milyon dollara çatması, Türk Ticarət və Sənaye Palataları Birliyinin isə 2 milyondan artıq müəssisəni təmsil etməsi türk dünyasının əhəmiyyətli iqtisadi potensiala malik olduğunu göstərir.

Deputat hesab edir ki, mövcud imkanlarla kifayətlənmək olmaz və növbəti mərhələdə daha genişmiqyaslı iqtisadi layihələrə fokuslanmaq lazımdır.

Zorlu nəqliyyat, enerji, rəqəmsal infrastruktur, yaşıl transformasiya və sənaye sahələrində investisiyaların artırılması üçün uzunmüddətli layihə maliyyələşdirilməsinin genişləndirilməsini, ortaq zəmanət mexanizmlərinin yaradılmasını və türk dövlətlərinin kapital bazarları arasında əlaqələrin gücləndirilməsini təklif edib.

O, eyni zamanda ortaq investisiya fondlarının yaradılması və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsini türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirə biləcək əsas istiqamətlər sırasında göstərib.