"Bu saziş Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri yeni bir səviyyəyə qaldıracaq"

"Azərbaycan prezidenti İlham Əliyevə və cənab nazir Pərviz Şahbazova təşəkkür edirəm ki, Cənub Qaz Dəhlizi layihəsinə əvvəldən güclü dəstək vermisiniz".

Metbuat.az-ın məlumatına görə, bunu Cənub Qaz Dəhlizinin Məşvərət iclasından sonra keçirilən mətbuat konfransında Avropa Şurasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Ottinger deyib.

Onun sözlərinə görə, biz əslində ilkin təşəbbüs kimi 2009-cu ildən bəri bu ideyaları eşitməyə başladıq. İlk olaraq Nabukko layihəsi fikri irəli sürüldü. Layihə çərçivəsində nəzərdə tutulurdu ki, Xəzər dənizində hasil edilən təbii qaz Avropa bazarlarına çatdırılsın. Cənubi Qaz Dəhlizi reallıqdır. Şahdəniz2 yatağından hasil edilən qaz artıq qaz boru kəmərilə Türkiyəyə çatdırılmaqdadır. Transadriatik boru layihəsi ilə bağlı işlər də gedir və ümidvarıq ki, 2019-2020-ci illərdə bu işlər də tamamlanacaq. Əslində nazirlər səviyyəsində keçirilən 5-ci toplantı çox mühüm bir tədbirə çevrildi. Baxın görüm iştirakçılar tərəfindən verilən bəyənatlar nə dərəcədə aydındır. Xüsusilə bu baxımdan italiyalı həmkarımız tərəfindən verilən bəyənatı qeyd etmək istəyirəm ki, bu layihə çərçivəsində işlər konstruktiv gedir. Bu gün məhz enerji bazarında Avropa İttifaqının enerji bazarını götürsək, bura böyük bir enerji bazarıdır və orada 510 milyona yaxın Avropa İttifaqının üzv dövlətlərində yaşayan istehlakçı var ki, onlara bu lazımdır. Hazırda əslində bu enerji tələbatı əsasən kömür vasitəsilə ödənilir. Lakin biz bir halda ki, Avropa İttifaqı olaraq bərpa olunan enerji mənbələri istiqamətində addımlar atırıqsa, bu o deməkdir ki, bu sahədə gələn on illik ərzində təbii qazın rolu daha da artacaq. Bu gün Avropa daxilində qaz ehtiyatları ilə bağlı Niderlandın ərazisində işlər aparılır. Lakin orada olan qaz ehtiyatları sürətlə azalmaqdadır. Bu o deməkdir ki, bundan sonra bizə daha çox idxal edilən qaz həcmi lazım olacaq. Bu baxımdan bizim üçün vacibdir ki, həm marşrutları, həm də enerji mənbələrini şaxələndirək. Xəzər dənizi və Azərbaycan bu baxımdan strateji istiqamət olaraq Cənub Qaz Dəhlizi bizim üçün yeni marşrut və yeni mənbə deməkdir. Azərbaycan və Dövlət Neft Şirkəti Avropa İttifaqının strateji enerji tərəfdaşıdır. Bu gün müzakirələr aparıldı ki, Cənub Qaz Dəhlizi tamamladıqdan sonra növbəti digər ünvanlar da genişləndirilsin. Ümumi məqsəd bizi birləşdirir. Məqsəd eynidir ki, gələn 10 il ərzində burada hasil edilən Avropa istiqamətinə gedən təbii qazın həcmi ən azı 2 dəfə artırılsı. Yəni bu həcm növbəti 10 il ərzində 20, hətta 25 milyard kubmetrə çatdırıla bilər".

G.Ottinger bildirib ki, mətbuat konfransından sonra o və heyəti cənab nazirlə danışıqları davam etdirəcək: "Bildiyiniz kimi, iki tərəf arasında əhatəli saziş üzrə danışıqlar gedir və orada bir sıra bölümlər var ki, bununla bağlı müəyyən irəliləyiş əldə olunub. Əslində bu saziş Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri yeni bir səviyyəyə qaldıracaq. Bu, aramızdakı münasibətləri daha da güclü edəcək. Avropa İttifaqı ilə Azərbaycan arasındakı enerji sahəsindəki əməkdaşlığın çox geniş üfüqləri var. Onlar sırasında hasil olunan yanacaq, bərpa edilən enerji mənbələri, həmçinin elektrik şəbəkələrinin müasirləşdirilməsi kimi məqamlar var, həmçinin digər sahələrdə də bizim iş birliyimiz genişləndirilə bilər. Bu sahədə nəqliyyatı və digər bir çox sahələri deyə bilərəm. Biz Aİ olaraq Azərbaycan hökumətinin öz iqtisadiyyatını daha da şaxələndirməsinə dəstək verməyə hazırıq. Enerji sahəsindən əlavə olaraq bərpa olunan enerji sahəsində də iş birliyini qurmaq əzmindəyik".

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR