“Birgə Monitorinq Mərkəzi koordinasiyanın ən yaxşı nümunəsi idi” - General Karauz

Bu gün Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yekun vurulub.

Metbuat.az bu barədə Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauzun fikirlərini öyrənib. General bildirib ki, sülhməramlıların ərazini tərk etməsindən sonra Monitorinq mərkəzinin işinə ehtiyac qalmadığı qeyd olunub:

“Ermənistan terror dövləti olduğunu bir daha sübut etdi” -

“Bu mərkəz Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da yaradılıb. Orada çalışan şəxsi heyət vəzifələrini tamamlayaraq, ölkəsinə geri dönəcəkdir. Mərkəz Azərbaycan və Ermənistan arasında atəşkəsin sülh müqaviləsinə çevrilməsi istiqamətində birgə fəaliyyət göstərərək, Qarabağda yaşayan ermənilərlə azərbaycanlılar arasındakı fəaliyyəti koordinasiya edib. Ümumi olaraq Mərkəzin fəaliyyəti uğurlu qiymətləndirilir.

İkinci Qarabağ müharibəsi, otuz illik böyük münaqişədən sonra bu fəaliyyəti uğurla həyata keçirmək asan olmadı. Mərkəzin fəaliyyəti dövründə Ermənistanın təxribatları nəticəsində Qarabağ ermənilərinin hərbi fəaliyyətə başlamasından savayı ciddi hadisələr qeydə alınmayıb.

Düzdür, ümumi mənzərəyə baxanda Monitorinq Mərkəzinin hadisələrin qarşısını almaq üçün heç bir hərbi gücü olmasa da, onlar həm kəşfiyyat, həm də elektron vasitələrlə fəaliyyətləri yaxından izləyərək tədbir görməli idilər. Hesab edirəm ki, Mərkəzin heyəti bu aspektlərdə, o cümlədən minalanmış sahələrə nəzarət baxımında üzərinə düşən vəzifələri uğurla yerinə yetirib”.

General onu da qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyəti dövründə həm hərbi, həm də bölgənin sülh və sabitliyi baxımından Türkiyə, Azərbaycan və Rusiya arasında koordinasiyanın, şəffaf münasibət modelinin ən yaxşı nümunəsi oldu.


Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb. Bağlanış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqramın təqdimatı ilə başa çatıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı