Gün ərzində dəfələrlə telefonu yoxlamaq, heç bir ehtiyac olmadığı halda ekranı açmaq və telefonu kənara qoyduqdan bir neçə dəqiqə sonra yenidən əlinizə almaq adi vərdiş kimi görünə bilər. Lakin bu davranışın arxasında müəyyən psixoloji səbəblər dayanır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, klinik psixoloq Ayşə Sena Sarıdoğan Öztürk telefonun tez-tez yoxlanılmasının öyrənilmiş mükafat dövrü, maraq, dopamin sistemi və diqqət mexanizmləri ilə əlaqəli ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, ehtiyac olmadığı halda avtomatik şəkildə telefona baxmaq, qısa müddətli istifadənin uzunmüddətli istifadəyə çevrilməsi və telefondan uzaq qalanda narahatlıq hiss edilməsi problemli istifadənin əlamətləri ola bilər.
Psixoloq bildirib ki, insan bəzən telefona sadəcə bir mesajı və ya elektron məktubu yoxlamaq üçün əl atır. Lakin “bir dəqiqə baxacağam” düşüncəsi daha uzunmüddətli istifadəyə çevrilə bilər.
Onun sözlərinə görə, telefonu tez-tez yoxlamaq diqqətin bölünməsinə də səbəb olur. Xüsusilə zehni əmək tələb edən işlər zamanı bu vərdiş səhvlərin artmasına, işin tamamlanmasına sərf olunan vaxtın uzanmasına və diqqətin cəmlənməsinin çətinləşməsinə gətirib çıxara bilər. Nəticədə işlərin yarımçıq qalması və unutqanlıq hissi yarana bilər.
Telefon kənarda olduqda yaranan narahatlıq da diqqətçəkən əlamətlərdən biridir. Mütəxəssis qeyd edib ki, beyin davamlı olaraq müxtəlif bildirişlərə və yeni məlumatlara alışdıqda telefon uzaqda olduğu zaman insanda nəyisə qaçırdığı hissi yarana bilər.
Psixoloq uşaqların telefon istifadəsi ilə bağlı valideynlərə də xəbərdarlıq edib. Onun sözlərinə görə, uşağa telefonu qəfil və səbəbini izah etmədən qadağan etmək əks nəticə verə bilər.
Valideynlərin öz telefon istifadəsinə nəzarət etməsi və bu məsələdə uşaqlara nümunə olması da vacibdir.