Bakı, 4 may, E. Hüseynov, AZƏRTAC
Mayın 4-də Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusunda Azərbaycan uroloqlarının birinci beynəlxalq konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Milli Onkologiya Mərkəzi, Azərbaycan Uroloqlar Assosiasiyası və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) təşkilatı dəstəyi ilə reallaşan konqresdə Almaniya, Avstriya, Gürcüstan, Rusiya, Qazaxıstan və Türkiyənin uroloqları iştirak edirlər.
Açılışda ADHTİ-nin rektoru Nazim Qasımov və Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti Samir Cavadzadə çıxış edərək konqresin əhəmiyyətini qeyd ediblər.
Avropa Uroloqlar Assosiasiyasının urotexnoloji bölümünün sədri, professor Yens Rassvailer urologiyada minimal invaziv əməliyyatların tətbiqinə dair məruzə ilə çıxış edib.
Hazırda urologiyanın ən aktual problemlərinə dair yerli və xarici mütəxəssislərin məruzələri dinlənilir və müzakirələr aparılır.
Mayın 5-də isə Milli Onkologiya Mərkəzində tanınmış uroloqlar tərəfindən canlı cərrahiyyə əməliyyatlarının keçirilməsi nəzərə tutulur.