Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Nvidia-nın baş direktoru Censen Huang şəxsi həyatı ətrafında yaranan qalmaqaldan sonra vəzifəsindən istefa verib.

Metbuat.az xəbər verir ki,“The Guardian” nəşrinin noyabrın 12-də yaydığı məlumata görə, şirkətin həmtəsisçisi olan Huangın gedişindən sonra maliyyə direktoru Kolet Kress müvəqqəti baş icraçı direktor vəzifəsini icra edəcək. Şirkət daimi rəhbərin müəyyənləşdirilməsi üçün namizədləri nəzərdən keçirəcək.

Nvidia-nın direktorlar şurası Huangın istefasını təsdiqləyib. Şuranın açıqlamasında onun şirkətin inkişafına və bütövlükdə texnologiya sənayesinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Bununla belə, bəyanatda son günlər gündəmi zəbt edən şəxsi münasibətlər qalmaqalına münasibət bildirilməyib.

Qalmaqalın başlanğıcında Huangın Çin hökuməti ilə əlaqədə olmaqda şübhəli bilinən biznesmen Elis Huangla münasibətləri dayanır. Nvidia məsələni araşdırmaq üçün nüfuzlu “Wachtell, Lipton, Rosen & Katz” hüquq şirkətini cəlb etmişdi. Censen Huang həmin qadının Çin hökuməti üçün çalışdığından xəbərdar olduğunu təkzib etsə də, həyat yoldaşına xəyanət etdiyini etiraf etmişdi.

Vəziyyəti daha da mürəkkəbləşdirən digər məlumat isə “The New York Times” nəşrinin yaydığı iddialar olub. Nəşrin məlumatına görə, Huangın şirkətin səhiyyə istiqaməti üzrə rəhbəri Kimberli Pauelllə də nikahdankənar münasibəti olub. Onların mart ayında şirkətin konfransı zamanı hoteldə birlikdə görüntüləndiyi iddia edilir.

Xatırladaq ki, Censen Huang 1993-cü ildə həmtəsisçisi olduğu Nvidia şirkətinə rəhbərlik etməyə başlayıb. “Bloomberg”in məlumatına əsasən, o, şirkətin 870 milyondan çox səhminə, yaxud təxminən 3,6 faizlik payına sahibdir. Milyarderin sərvəti isə 145 milyard dollar qiymətləndirilir.

Şəxsi həyatla bağlı qalmaqal artıq şirkətin maliyyə göstəricilərinə də təsir göstərib. Son günlər Nvidia səhmlərinin dəyəri 11 faizdən çox azalıb. Bazar kapitallaşması 4 trilyon dolları aşan texnologiya nəhəngində rəhbər dəyişikliyi investorların gələcək strategiya ilə bağlı narahatlıqlarını da artırıb.