Tokio, 4 may, AZƏRTAC
Yaponiyanin NHK televiziya kanalının yaydığı məlumata əsasən, maliyyə naziri Taro Aso ölkəsinin Asiyada infrastruktur investisiyalarını genişləndirmək niyyətində olduğunu bəyan edib.
Bu barədə Yaponiyanın maliyyə naziri Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci illik toplantısı çərçivəsində təşkil olunmuş seminarda danışıb.
T.Aso bildirib ki, Yaponiya xüsusi maliyyə institutları ilə birlikdə Asiyanın müxtəlif hissələrində infrastruktur investisiyalarını artıracaq. Nazirin fikrincə, infrastruktur layihələri üçün uzunmüddətli planlar daha səmərəlidir.
T.Aso əlavə edib ki, Yaponiya hökuməti yerli iqtisadiyyatın inkişafı və ətraf mühitin mühafizəsinə xidmət edən infrastruktur layihələrinə keyfiyyətli investisiyalarla yardım etməyə hazırdır. Yaponiya hökuməti keyfiyyətli investisiyaların beynəlxalq standartlar səviyyəsində tətbiqi üçün lazım olan addımları atacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio