Bakı, 4 may, AZƏRTAC
“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.
DBNX-dən AZƏRTAC-a bildiriblər ki, köçəri quşların yaz miqrasiyası nəzərə alınaraq mayın 4-dən növbəti monitorinqə başlanılıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə aparılır.
Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.
Monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr mayın 15-də ictimaiyyətə açıqlanacaq.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.