“Ukraynada nəticələr gözlənilən idi”

Xəbər verdiyimiz kimi, ötən gün Ukraynada prezident seçkiləri keçirilib. Seçkilərlə bağlı bülletenlərin 70 faizindən artığı artıq hesablanıb.

Məlumata görə, aktyor Vladimir Zelenski 30,45 faiz səs toplayaraq birinciliyi qoruyur. Hazırki prezident Pyotr Poroşenko 16,19 faiz seçicinin dəstəyini qazanıb. “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 13,15 faiz səslə 3-cü, “Həyat naminə-müxalifət platforması”nın lideri Yuriy Boyko isə 11,55 faizlə 4-cü yerdə qərarlaşıb.

Artıq rəsmən prezident seçkiləri ilə bağlı ikinci mərhələnin keçiriləcəyi elan olunub. Aprelin 21-də keçiriləcək səsvermədə Vladimir Zelenski və Pyotr Poroşenko mübarizə aparacaqlar.

Məsələ ilə bağlı Metbuat.az-a şərh verən politoloq İlqar Vəlizadə deyir ki, nəticələr gözlənilən idi: “Həm ekspertlər, həm müşahidəçilər, həm də bu ölkənin aparıcı siyasətçiləri proqnozlaşdırırdılar ki, birinci turun nəticəsində Poroşenko, Zelenski və Timoşenko liderlər sırasında olacaqlar. Bu siyahıya Yuriy Boyko da əlavə olunurdu. Bu əslində onu göstərir ki, birinci tur proqnozlaşdırılan kimi oldu. O ki, qaldı Zelenskinin digər namizədlərdən üstünlüyünə, bildiyiniz kimi, o, Poroşenkodan təxminən 12 faiz üstündür. Bu isə onu göstərir ki, Ukraynada elektorad daxili siyasi, iqtisadi vəziyyətdən narazıdır.Bu narazıçılıq seçicilərin münasibətində də özünü göstərdi”.

Politoloq Elşad Mirbəşir isə deyir ki, Ukraynadakı seçkilər bir sıra cəhətlərinə görə fərqlənirdi: “Hər şeydən öncə seçkidə iştirak edən namizədlərin sayı çox idi, hətta ilkin mərhələdə 90-dan artıq namizəd iştirak edirdi. Ondan sonra namizədlərin sayı azaldı. Seçki öncəsi müşahidələr göstərirdi ki, əsas şanslı namizədlər Zelenski, Poroşenko və Timoşenko olacaq. Gözlənildiyi kimi seçkilərdə bir sürpriz olmadı, əvvəlcədən proqnozlaşdırılanlar öz təsdiqini tapmış oldu. Amma nəzərə almaq lazımdır ki, Zelenskinin özünün qısa zamanda siyasi arenaya atılması və elektoratdan dəstək alması özü-özlüyündə maraqlı hal idi, gözlənilməz idi. Çünki Zeleneski namizədliyini irəli sürənə kimi demək olar ki, siyasi arenada heç bir fəaliyyəti olmayıb.

Bu zaman sual yaranır ki, bəs onun ətrafında elektoratın cəmlənməsini şərtləndirən məqam nədən ibarət idi? Təbii ki, bu məqam ondan ibarət idi ki, Poroşenkonun hakimiyyəti dövründə Ukrayna bütün mənalarda xeyli geriləyib. Nəzərə almaq lazımdır ki, 45 milyon əhalisi olan Ukraynanı xeyli sayda adam tərk edib. Yəni ölkədəki siyasi-iqtisadi vəziyyət kifayət qədər ağır idi və əhali sürətlə Şərqi Avropa ölkələrinə , eyni zamanda Almaniya və digər qərb ölkələrinə üz tuturdular. Hətta təxmini hesablamalara görə, son bir neçə ildə Ukraynanı 2-3 milyondan artıq adam tərk edib. Bu da ondan xəbər verir ki, həqiqətən də Poroşenkonun ölkədə siyasi-iqtisadi fəaliyyəti olduqca yarıtmaz olub. Hesab edirəm ki, Zelenskiyə yönələn elektorad Poroşenkodan narazı olan elektorad idi”

Politoloq deyir ki, seçkilərin digər səviyyəvi cəhətlərinə də nəzər yetirmək lazımdır: “Bildiyiniz kimi, Zelenskini yəhudi əsilli oliqarx İqor Kalamoyski dəstəkləyirdi. Yeri gəlmişkən, Zelenskinin özü də yəhudi əsillidir. Bu ondan xəbər verir ki, Ukraynada bu seçkilərdə oliqarxlararası qızğın mübarizə də özünü göstərdi. Poroşenkonun hakimiyyəti dövründə Ukraynada ciddi oliqarxlaşma getmişdi, bunu da nəzərə almaq lazımdır. Amma hesab edirəm ki, ikinci turda Poroşenkonun qələbə çalması ehtimallarını nəzərdən keçirmək lazımdır. Çünki Qərb Poroşenkonu dəstəkləyir və onun atacağı addımlara bələddir. Yəni Qərb üçün Poroşenko proqnozlaşdırılan siyasi subyektdir. Zelenskinin atacağı addımlarla bağlı təsəvvürlər isə tam aydın deyil. Qərb əsasən Poroşenkonu prezident görmək istəyir. Bu baxımdan hesab edirəm ki, apreldə ikinci turun keçirilməsi zamanı Zelenski Poroşenkonun qalibiyyətini qəbul etmək məcburiyyətində qala bilər”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR