"Diqlas" Ticarət Mərkəzində yanğın nəticəsində zərər çəkən sahibkarlara ayrılan vəsaitin verilməsi qaydası hazırdır".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Nazir müavini qeyd edib ki, hazırda qaydalar təsdiqlənmə prosesindədir və bu günlərdə açıqlanacaq: "Sahibkarlarla görüş martın 31-də yekunlaşıb. Nəticədə bu hadisə ilə bağlı 441 sahibkarla fərdi qaydada görüş keçirilib və onların qarşılaşdığı çətinliklər fərdi qaydada individual şəkildə onlarla müzakirə edilib və dolğun informasiya bazası formalaşdırılıb". Qeyd edək ki, Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat vəsait ayrılıb. Sahib Məmmədov eyni zamanda bildirib ki, digər dövlət dəstək tədbirləri kimi, alternativ ticarət mərkəzlərində sahibkarlıq subyektlərinə boş yerlər təqdim olunub və olunmaqdadır:

"Eyni zamanda dövlətin güzəştli kreditlərindən istifadə etmək imkanları da mövcuddur və bu barədə həmin sahibkarlara artıq məlumat verilib. Müraciət olduğu təqdirdə aidiyyəti üzrə Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək və həmin sahibkarlara dövlətin güzəştli kreditləri təqdim olunacaq".

Günay Elşadqızı / METBUAT.AZ