"Məhkəmə sahəsində islahatlar Azərbaycan dövlətinin siyasətinin əsas prioritetlərindəndir"-

"Məhkəmə sahəsində islahatlar Azərbaycan dövlətinin siyasətinin əsas prioritetlərindəndir. Artıq xeyli müddətdir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmələrə əlçatanlığın artırılması üzrə ardıcıl və məqsədyönlü tədbirlər görülür. "Prezident İlham Əliyevin elektron məhkəmə informasiya sisteminin yaradılması ilə bağlı Sərəncamının icrası nəticəsində elektron məhkəmə informasiya sistemi yaradılıb".

Metbuat.az-ın məlumatına görə, bunu Ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, hazırda bu sistem Naxçıvan Muxtar Respublikasını da əhatə etməklə ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur:

"Elektron məhkəmə informasiya sistemi ədalət mühakiməsi işini asanlaşdıran sistemdir. Bu, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə icrasının tamamlanması anına qədər bütün prosesi əhatə edir. Sistemin mühüm tərkib hissəsindən biri ölkə məhkəmələrinin vahid portalıdır. Portal vətəndaşların məhkəmələrə daha rahat, çevik və elektron qaydada müraciət etməsinə imkan verir. Məsələn, istənilən şəxs sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi üçün portal vasitəsilə dövlət rüsumunun həcmi, iddia, şikayət və ərizələrlə tanış ola bilərlər. Həmçinin burada vətəndaşlara məhkəmələrə onlayn rejimdə müraciət etmək və cavab almaq, qəbul günləri və s. barədə ətraflı məlumat əldə etmək imkanı yaradılıb. Məhkəmələrin strukturu, növü, əlaqə vasitələri və hər bir hakim barədə informasiyalar yerləşdirilib".

Nazir müavini qeyd edib ki, digər yenilik həmin portal çərçivəsində məhkəmə prosesi iştirakçısının şəxsi kabinetidir: "Şəxsi kabinet proses iştirakçılarının ədalət mühakiməsinə əlçatanlığını daha da asanlaşdırır. Hakim və tərəf arasında münasibətləri tamamilə elektron müstəvidə tənzimləyir, məhkəmə baxışını tezləşdirir. Süründürməçilik və digər bu kimi halları aradan qaldırır. Şəxsi kabinetdən istifadə proses iştirakçılarına bir sıra imkanlar açır. Məsələn, onlar həmin kabinet vasitəsilə elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədləri vermək, məhkəmə işinin materialları ilə tanış olmaq, proseslər barədə məhkəməyə gəlmədən SMS, elektron məktub və s. vasitəsilə xəbər tutmaq, məhkəmələrlə elektron formada əlaqə yaratmaq, elektron məktubla onlara müraciət etmək, iştirakçısı olduğu məhkəmə prosesi izləmək, icra icraatının gedişi ilə tanış olmaq, onlara qarşı qaldırılmış bütün məhkəmə iddiaları barədə elektron məktub vasitəsilə xəbər tutmaq, həmçinin onlayn məhkəmə rüsumunu ödəmək və nəhayət məhkəmə qərarlarını elektron formada əldə etmək imkanına malikdir. Eyni zamanda həmin sistem bütün qərarların avtomatik elektron qeyd olunmasına, məhkəmə qərarlarının icrası vəziyyətinin elektron izlənilməsinə imkan verir, habelə proses iştirakçılarını poçt, yol xərclərindən azad edir, eləcə də vaxta qənaət edir. Elektron məhkəmə informasiya sistemi strukturuna daxil olan məhkəmə qərarlarının vahid bazası olduqca əhəmiyyətlidir. Vahid bazada işlər üzrə yekun məhkəmə qərarları toplanır ki, bu da hakimlərə, vəkillərə və digər hüquqşünaslara həmin qərarlarla tanış olmağa şərait yaradır, beləliklə onlar məhkəmə təcrübəsinə yiyələnməkdə, müdafiə işini düzgün qurmaq və s. məsələlərdə köməklik etmiş olur. Hazırda gündəmdə olan mülki mübahisələrin alternativ həllində, məsələn miqrasiyanın səmərəli tətbiqində bu baza faydalı ola bilər.

Bildiyiniz kimi, bir neçə gün əvvəl Miqrasiya haqqında Qanun qəbul olunub və ötən gündən qüvvəyə minib. Sözsüz ki, ədalət məhkəməsi o zaman daha əlçatan olur ki, məhkəmə qərarlarının icrasına nail olunsun. İcra orqanlarının fəaliyyətində operativlik və şəffaflığın təmin olunması məqsədilə, elektron icra sistemində bir çox üstünlükləri var. Artıq 2017-ci ilin əvvəlindən bütün icra sənədlərinin qeydiyyatı bu sistem vasitəsilə aparılır. Eyni zamanda elektron icranın tətbiqi, icra qurumlarında və məhkəmələr arasında kağızsız əlaqənin qurulmasına, icra işini elektron qaydada nəzarətin həyata keçirilməsinə, aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasına imkan verir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR