İlk xəbər saat 12:02-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bakının Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın zamanı 7 sakinə yerində tibbi yardım göstərilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerində olan iki təcili tibbi yardım briqadası həmin şəxslərə dərhal tibbi yardım göstərib.

Onlardan 3 nəfər kişi, 3 nəfəri qadın, 1 nəfəri isə uşaqdır.

Qeyd edək ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb. Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.

X X X

12:02

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə bildirib ki, Babək prospektində baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.

Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları hadisə yerində bir neçə nəfərə tibbi yardım göstərib: "Hadisə zamanı 45 yaşlı kişi isə alovun əhatəsində qaldığından qorxaraq özünü 5-ci mərtəbədən atıb. Hazırda həmin şəxsin vəziyyəti çox ağırdır və təcili yardım briqadası xəstəni 3 saylı Şəhər Klinik Xəstəxanasına aparır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin