Bakı, 5 may, S.Allahverdiyeva, AZƏRTAC
Mayın 5-də Bakı Biznes Universiteti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “İnvestisiya qoyuluşlarının siyasi aspektləri və iqtisadi səmərəliliyi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda respublikamızın görkəmli iqtisadçı alimləri, tədqiqatçı-mütəxəssislər, Portuqaliya, Kamerun, Rusiya, Gürcüstan universitetlərindən gəlmiş alimlər çıxış ediblər.
Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov müasir müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin tarixində misilsiz xidmətlərini qeyd edib. O, Bakı Biznes Universitetinin fəaliyyətinin dövlətçiliyə, təhsilin inkişafına verdiyi töhfələrdən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib.
YAP Yasamal rayon təşkilatının sədr əvəzi, tarix üzrə fəlsəfə doktoru Tağı Əhmədov, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Xanhüseyn Kazımlı, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru Akif Musayev və digərləri çıxış edərək investisiya qoyuluşlarının qanunvericilik təminatı, siyasi aspektləri, iqtisadi səmərəliliyin yüksəldilməsi yolları, regionların inkişafı siyasəti və s. bu kimi aktual məsələlərlə bağlı çıxış ediblər. Respublikamızda investisiya qoyuluşlarının siyasi və beynəlxalq aspektlərinə toxunan məruzəçilər qeyd ediblər ki, Azərbaycana qoyulan iri həcmli investisiyalar onun beynəlxalq arenada çəkisini artırıb, Qafqazda təhlükəsizliyə zəmin yaradıb.
Portuqaliyalı professor Helena Santos və digər xarici ölkələrin alimləri də mövzu barədə öz fikirlərini bildiriblər.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
Konfransda alimlərin və qonaqların apardıqları müzakirələrdən belə qənaətə gəlinib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu iqtisadi siyasətin tərkib hissəsi olan investisiya siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi nəticəsində ölkəmizə yatırılan investisiyaların böyük iqtisadi səmərəsi olub. Hazırkı dövrə qədər respublikamıza 199 milyard dollar investisiya yatırılıb. Onlardan 52,5 faizi daxili investisiya, 47,5 faizi isə xarici investisiya olub. Ümumilikdə, yatırılan investisiyanın 64 faizi qeyri-neft sektoru, 36 faizi isə neft sektoruna aiddir.
Azərbaycan beynəlxalq aləmə sübut edir ki, öz sərvətlərinin sahibidir. Bu ölkədə investisiya mühiti çox əlverişlidir və sərmayə qoyuluşuna heç bir təhlükə yoxdur.
Konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib.