"“Doing Business”-in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb".

Metbuat.az-ın məlumatına görə, bunu "Doing Business 2020" islahatlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyən edilib:

"Yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər, ASAN imza olmadan elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Aparılan islahatlar nəticəsində artıq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması, eyni zamanda, işçilərin ƏƏSMN-də qeydiyyatı da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür".

Vüsal Qasımlı bildirib ki, tikinti üçün icazələrin alınması indikatoru üzrə tikintiyə icazə ilə bağlı bütün texniki şərtlər və rəylər sahibkarın iştirakı olmadan elektron qaydada əldə olunur:

"Tikinti obyektinin istismarına icazə müddəti 20 gündən 10 günə endirilib. Tikintiyə və tikinti obyektinin istismarına icazə elektron müqavilə əsasında tam ödənişsiz aparılır. Tikinti və istismar üçün icazələrin alınması “Bir Pəncərə” prinsipi əsasında elektron şəkildə həyata keçirilir.

Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə aparılan islahatlar nəticəsində sahibkarların şəbəkəyə qoşulma ilə əlaqədar elektron müraciət imkanı yaradılıb. Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə təkmilləşdirilmiş qaydalara əsasən sahibkarlarla təmas minimuma endirilib, şəbəkəyə qoşulma ilə əlaqədar sahibkarın iştirakı bir dəfə müraciət zamanı, bir dəfə də yekunda tikinti obyektinə elektrik enerjisinin verilməsi zamanı tələb olunur".

İcraçı direktor bildirib ki, “Elektron Xəritə” vasitəsi ilə sahibkarın obyektinin, güc mərkəzlərinin yeri və həmin mərkəzlərdə sərbəst güc səviyyəsi əraziyə baxış olmadan avtomatik onlayn qaydada müəyyən olunur:

"Əmlakın qeydiyyatı üzrə aparılan islahatlar nəticəsində əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlər “Əmlak Xidmətləri Məkanı”nda aparılır. Bir prosedurla, tərəflərin müraciəti əsasında əmlakın qeydiyyatı prosesi həyata keçirilir. Aparılan islahatlar nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən kağız çıxarış əldə olunması prosesi ləğv olunub, qeydiyyat tamamlandıqdan sonra qısa müddət ərzində elektron çıxarış onlayn olaraq göndərilir. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı problemlər üzrə müraciət və müvafiq olaraq onların həlli üçün hər biri ilə əlaqədar ayrılıqda, xüsusi və müstəqil mexanizmlər fəaliyyət göstərir".

Günay Elşadqızı / METBUAT.AZ