Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1 ci nömrəsini nəşr edib.
Metbuat.az-ın məlumatına görə, bu barədə mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Ali Təhsil üzrə Yoxlama-Ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev məlumat verib. Onun sözlərinə görə,
"Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu nəşrdə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumat, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, suallarına aydınlıq gətirən, imtahanlara hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.
Natiq Əliyev bildirib ki,
“Xüsusi qabiliyyət imtahanları” jurnalında ilk dəfə olaraq hər bir komissiyaya daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul aparılan ali təhsil müəssisələrinin adları, jurnalistika ixtisası üzrə yazı işi nümunələri, islamşünaslıq ixtisasına qəbul haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, 2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib. Belə ki, ödənişli və dövlət sifarişli ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər eynidir. V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılırlar.
Bundan əlavə, dizayn ixtisası “Təsviri sənət” istiqamətinə daxil edilib. Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst seçim imkanı verilib. Abituriyentlər 1-ci rəsm imtahanında iştirak etməlidirlər. Rəsm imtahanında abituriyentə çəkmək üçün antik baş və ya ornament olmaqla 2 tapşırıq təklif ediləcək. O çəkəcəyi tapşırığı qeydiyyatdan keçərkən seçməli və imtahanda həmin tapşırığı işləməlidir. Rəsm imtahanından müsbət (5 və daha çox) qiymət almış abituriyentlər 2-ci imtahan (rəsmxət və ya kompozisiya fənlərindən 1-i olmaqla) verməlidirlər. 2-ci imtahanı hansı fənn üzrə verməsi üçün də abituriyentlərə sərbəst seçim imkanı verilib. Belə ki, onlar qeydiyyatdan keçən zaman 2-ci imtahanı hansı fənn üzrə (rəsmxət və ya kompozisiya) vermək istədiyini qeyd etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncə şəhərlərində keçiriləcək. Bu ixtisas üzrə Gəncədə keçiriləcək qabiliyyət imtahanının fənləri rəsm və rəsmxət olacaq. Dizayn ixtisası üzrə qabiliyyət imtahanının yekun nəticəsi məqbulla qiymətləndirilir.
Günay Elşadqızı / METBUAT.AZ