DST: qızılcanın qarşısını almaq üçün...

DST: qızılcanın qarşısını almaq üçün...
07:47 26 Aprel 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

Qızılca bütün dünyada - həm yoxsul, həm də zəngin dövlətlərdə çox sürətlə yayılmaqdadır. Bunun əsas səbəbi immunlaşdırlmanın aşağı səviyyəsidir ki, bu da bir qayda olaraq, valideynlərin öz övladlarını peyvəndləməkdən imtina etməsi ilə izah edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunda vaksinləmənin zərəri barədə mifləri yox etməyə və qızılcanın yayılmasının qarşısını almağa çağırırlar.

Bu ilin ilk üç ayında dünyada 110 min qızılcaya yoluxma halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 faiz çoxdur. Qızılcadan ölüm halları da artmaqdadır: 2017-ci ildə bu xəstəlik nəticəsində 110 min nəfər ölüb. Bu, ondan əvvəlki illə müqayisədə 22 faiz çoxdur. Ölənlərin əksəriyyəti uşaqlardır.

Ekspertlər qeyd edirlər ki, qızılca dünyanın hər yerində yayılır. Xəstəliyin yayılması barədə Gürcüstan, Konqo Demokratik Respublikası, Qazaxıstan, Qırğızıstan, Madaqaskar, Myanma, Sudan, Tailand, Filippin, Ukrayna və Efiopiyadan xəbər verirlər. Son aylar hətta vaksinləmə səviyyəsinin yüksək olduğu ABŞ, İsrail, Tailand və Tunis kimi ölkələrdə də yoluxma halları qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ildə DST-nin Avropa regionundakı 53 ölkədən 47-də təxminən 83 min insan qızılcaya tutulub, 72 nəfər isə bu xəstəlik ucbatından dünyadan köçüb. Regionda qızılcaya tutulma hallarının 60 faizindən çoxu Ukraynanın payına düşür.

UNICEF-də bildirirlər ki, bir çox valideynlər öz uşaqlarını peyvəndləməkdən imtina edir və ya sonraya saxlayırlar. Bir qayda olaraq, bu, peyvəndin zərəri barədə hazırda internetdə çox asanlıqla yayılan miflərlə bağlıdır. Bir sıra onlayn platformalar vaksinlər barədə bu yalan xəbərləri aradan qaldırmaq üçün tədbirlər görürlər. Lakin Uşaq Fondunda hesab edirlər ki, bu, kifayət etmir. Onlar vaksinləmənin vacibliyi barədə valideynləri məlumatlandıracaq tibb işçilərinə daha çox ümidlər bəsləyirlər. Dövlət də, öz növbəsində, ilkin tibbi yardımın və immunlaşdırmanın əlçatan olmasını təmin etməlidir.

Azərbaycanda 2013-cü ilin iyulundan ötən ilin payızınadək qızılcaya yoluxma halları qeydə alınmayıb. Respublikaya qızılca və məxmərəyə qarşı 160 min vaksinləmə dozası gətirilib. Mart ayında 50 minə yaxın insan peyvəndlənib.

Aprelin 24-dən 30-dək Dünya İmmunlaşdırma Həftəsi keçirilir. BMT-nin Uşaq Fondu (UNICEF) və Dünya Səhiyyə Təşkilatı bu il kampaniyanı Bill və Melinda Geyts Fondunun dəstəyi ilə həyata keçirirlər.

İmmunlaşdırma həftəsi dövründə Milli Peyvəndlər (planlaşdırılan immunlaşdırma) Təqvimi əsasında Azərbaycanın bütün tibb müəssisələrində təmizləyici immunlaşdırma tədbirləri görüləcək, hər hansı səbəblər üzündən vaksinləşdirmə kursunu tam qəbul etməmiş və ya ümumiyyətlə peyvənd edilməmiş uşaqların vaksinləşdirilməsi həyata keçiriləcək.

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda keçirilən İmmunlaşdırma Həftəsinə - dünya əhalisinin zəruri və qiymətcə münasib olan vaksinlərlə təmin edilməsinə yönəlmiş qlobal kampaniyaya 2007-ci ildən Azərbaycan da qoşulub.

Son illərdə ölkəmizdə yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində Azərbaycanda davamlı epidemioloji sabitlik təmin edilib. Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinləşdirmə keçirilir, ölkədəki bütün uşaqları əhatə edən planlaşdırılmış peyvənd tədbirləri tətbiq olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/religion/749715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR