Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “Qalatasaray” və “Fənərbağça” arasında keçirilən derbidən sonra baş verən hadisələrlə bağlı qərarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, komitə qarşılaşmadan sonra baş verən insidentdə iştirak edən “Qalatasaray”ın futbolçusu Abdülkerim Bardakcıya 2, “Fənərbağça”nın üzvü Archie Brovna isə 3 oyunluq cəza verib.

Bundan başqa, Bardakcı 67 min türk lirəsi, Brovn isə 100 min türk lirəsi məbləğində cərimələnib.

Qeyd edək ki, oktyabrın 26-da keçirilən və “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatan derbinin final fitindən sonra futbolçular arasında gərginlik yaşanmışdı. Hadisələr zamanı hər iki oyunçu qırmızı vərəqə ilə cəzalandırılmışdı.

PFDK klublara da maliyyə sanksiyaları tətbiq edib. Belə ki, “Qalatasaray” ümumilikdə 2 milyon 120 min türk lirəsi, “Fənərbağça” isə 1 milyon 277 min 500 türk lirəsi məbləğində cərimələnib.

Bununla yanaşı, “Qalatasaray”ın məşqçisi Serhat Doğana 21 günlük futboldan məhrumetmə cəzası verilib. “Fənərbağça” rəsmisi Ahmet Aytar isə 50 min türk lirəsi məbləğində cərimələnib.