[ 06 May 2015 11:56 ]



Bakı – APA. “Avropa Oyunlarının başlamasına sayılı günlər qaldığı bir zamanda, “insan haqları” məsələsi ətrafında 5-10 nəfər yığan beynəlxalq hüquq təşkilatlarının diqqət mərkəzinə çevrilib. Artıq Azərbaycandan qanunvericiliyə qarşı addım atan şəxslərin “dərhal” buraxılması tələb edilir. Bu kimi xəbərləri yayan şəxslər “dərhal” sözünün arxasında hansı amillərin olduğunu görürmü?! Təbii ki görmür, çünki bunlar Avropanın ABŞ-a satılmış müavinətli adamlarıdır”.

APA-nın məlumatına görə, bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

M. Seyidov bildirib ki, Amerika hökumətinin son günlərdə Azərbaycandakı ictimai-siyasi sabitliyi pozması cəhdləri Avropa İnsan haqları institutlarının fəaliyyətinə ciddi şəkildə stimul verib: “Avropa Oyunları dövründə bu kimi addımların atılması, ikili standartların üzə çıxması Avropa institutlarının daxili maraqlarını birmənalı şəkildə ortaya qoydu.

Məhz bu səbəbdən son günlər bəyanatlar dayanmır. Bu bəyanatları səsləndirən dairələr ilk növbədə Dağlıq Qarabağ münaqişənin həllini istəmir. Bunu birmənalı şəkildə dərk etməliyik ki, bu dairələr həqiqətən də insan haqları haqqında düşünsəydi, Ermənistanın Azərbaycan insanına qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində hüquqları tapdalanan milyona yaxın insanımızın da taleyindən narahat olardı. İnsan haqları himayədarlarına çevrilən NED, “Human Right Watch”, “Amnesty International” kimi qurumlar bir dəfə də olsun, bu məsələ ilə bağlı münasibət bildirməyib. Xatırlatmaq istərdim ki, sonuncu dəfə 1997-ci ildə “Human Right Watch” təşkilatı Ermənistan tərəfinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət edib. Son 18 ildə insan haqlarının hesabını sormaq imkanı və uyğun zamanı olmayıb yəqin ki... Beynəlxalq hüquq təşkilatlarından Qarabağla bağlı bəyanat gözləyirik”.

Bəyanatları səsləndirən bu kimi və bunların sırasında olan bir çox təşkilatların indiki zamanda ən böyük hədəflərindən biri də Azərbaycanın hər gün beynəlxalq aləmdə güclənən imicini sarsıtmaqdır. Eyni zamanda Avropa ölkələrinin Bakıda Avropa oyunlarında iştirakı birbaşa həqiqətləri gözləri ilə görmək imkanı yaradacaq. Bu da bir çox beynəlxalq təşkilatların maraq dairələrindən kənardadır. Gündən-günə inkişaf edən Azərbaycan bir çox böyük dünya ölkələrində qısqanclıq yaradır.

36 gün sonra dünya tarixində daha bir ilkin həyəcanı Bakıda yaşanacaq. Bizlər bu kimi böyük məsuliyyətin öhdəsindən ilklərə imza atan ölkə kimi uğurlar gələcəyik”.