Kolleclərə qəbul olmaq istəyən 115 mindən artıq şagird

"3, 10 və 17 mart 2019-cu il tarixlərində cari ilin məzunları, martın 31-də isə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilib".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, 4 istiqamət üzrə keçirilən imtahanlarda ümumilikdə 115 mindən artıq şagird iştirak edib:

"Bu imtahanlarda şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə onların bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə qapalı və açıq tipli 45 tapşırıq təqdim edilib. Bu suallardan 26-sı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardır. İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. İkinci mərhələdə yalnız qapalı tipli tapşırıqlardan istifadə olunur. Beləliklə hər iki mərhələ üzrə 135 tapşırıqdan 109-u ənənəvi qapalı formada olan tapşırıqlardır və şagirdlər yalnız bu qapalı tapşırıqların bir hissəsinə cavab verməklə də müsabiqə şərtlərini ödəyərək orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər".

Məleykə Abbaszadə bildirib ki, 4 zona üzrə keçirilən imtahanlarda ümumi yazı işlərinin sayı 3062546 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6125092 yoxlama işi həyata keçirilir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)