"Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda

"Mərkəzi İcra Hakimiyyəti orqanı olaraq vətəndaşlardan Komitəyə çoxsaylı müraciətlər olur və bunlar müxtəlif problemlərlə bağlı olur".

Metbuat.az-ın məlumatına görə, bunu "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib.

Onun sözlərinə görə, müraciət edənlər arasında çox qadınlar olur: "Radikallaşma deyilən bir şey ki, var bundan qadınlarımız da çox əziyyət çəkir. Burada təkcə dini radikalizmi deməzdim, ailələrin özlərində də müəyyən radikallaşmalar olur. Radikallaşma hər bir şeydə ifrata getməkdir.

Bu gün yaxşı bilirsiniz ki, Azərbaycan ailələrinin hansı uğurları var, eyni zamanda da hansı problemləri var. Biz nə qədər desək ki, bizim üçün çox önəmli olan milli-mənəvi dəyərlərimiz var, amma yenə də müəyyən kənar təsirlər var ki, bu, Azərbaycan ailəsinə də təsirini göstərir. Ona görə təklif edirəm ki, bir çox mənfi məqamlarla birgə mübarizə aparaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas məqsədi bölgələrimizdə bu işləri görməkdir. Biz müxtəlif qrupların nümayəndələrindən ibarət qruplar yaradırıq. Düzdür bizim Komitə elə də böyük komitə deyil, cəmi 76 ştat vahidi var, heç bizim hər rayonda da nümayəndəliyimiz yoxdur, cəmi bir mərkəzimiz var. Amma biz, kəndbəkənd gedirik, potensialımızdan istifadə edirik, başqa qurumların da potensialından istifadə edirik. Yerlərdə qrup şəklində gedib insanlarla mütəmadi olaraq görüşürük. Baxırıq ki, doğrudan da insanların bu söhbətlərə ehtiyacı var. Bu qruplarda psixoloqlar da olur, səhiyyə işçisi də olur, hüquqşünas da, din xadimləri, din alimləri də olur, onların köməyindən istifadə edirik. Elə insanlar olur ki, baxırıq ki, hüquqşünasdan çox din xadiminin sözünə diqqətlə qulaq asır. Deməli onların öz dillərində danışmaq lazımdır.

Bəzi icmalarda da görürsən ki, hüquqşünasların, həkimlərin sözlərinə əhəmiyyət verirlər. Deməli insanlarla işləməliyik. Kənd yerlərində, rayonlarda çox gözəl mühit var ki, radikallaşma da olsun, dini ekstremizm də olsun. Bu gün yerli qurumlar var, icra nümayəndələri, bələdiyyələr, gənclər mərkəzləri, bəzilərində yerli qeyri-hökumət təşkilatları, ziyalılar cəmiyyəti, qadınlar şurası, ağsaqqallar şurası, gənclər təşkilatları və s. var. Bunlar hamısı bizim üçün potensialdır. Hamımız bir yerdə çox yaxşı işlər təşkil edə bilərik. Komitəyə müraciətlərdə, insanlarla görüşümüzdə görürük ki, radikallaşmadan qadınlarımız, uşaqlarımız çox əziyyət çəkir. Dövlətin qanunları var, bəzən deyirlər ki, ailənin öz qayda-qanunu var, bu mənə çox qəribə gəlir.

Ailənin öz adət-ənənələri ola bilər, amma qanunu ola bilməz. Dövlətin qanunu varsa, deməli bu həm də ailənin qanunudur, cəmiyyətin qanunudur. Necə ola bilər ki, öz qanunun olsun, dövlətin qanunu qəbul etmək istəməyəsən. Təəssüf ki, bəzən belə ailələrlə də qarşılaşırıq. Həyat yoldaşına qarşı zorakılıq göstərir və bu adi qəbul olunur, onu itaətkar edir, özünə tabe edir. Məişət zorakılığına qarşı qanunu oxusanız görərsiniz ki, bizim dinimizdə olan dəyərlər o qanunda da var. Bir çox yetkinlik yaşına çatmayan qız uşaqları var ki, 13-14-15 yaşları var, amma məktəbə getmir. Bu problem var, biz bunu etiraf etməliyik və mübarizə aparmalıyıq. O kənddə, rayonda din xadimləri də var, dövlət orqanları da var, bəs onlar nə iş görürlər? Nəyə görə din xadimlərinin tövsiyələrini ancaq yas yerlərində dinləməliyik? Olmaz ki, onlar gəlib gənclər mərkəzlərində oturub gənclərimizlə onların öz dilində danışsınlar?

Gənclər müxtəlifdir, var dünyagörüşü geniş olanlar, elmli, təhsilli, savadlı gənclər. Amma bu o demək deyil ki, onların mənəviyyatı çox yüksəkdir. Onlarda da mənəvi boşluqlar var. Elə gənclərimiz də var ki, itaətkardır, ailədə dini tərbiyə necə qurulubsa, o tərbiyə ilə də gedir və hər yerdə də davranışını o cür qurur. Elə gənclər var ki, kosmopolitdi, heç bir dini qəbul etmir, demək onların öz dilində danışmaq lazımdır. Yas yerlərində din xadimləri elə tərzdə yas aparırlar ki, bəzən çox ifratına gedirlər. Savadlı, təhsilli gənclər o deyilənlərə qulaq asmayacaq, o deyilənlərə güləcək. Müasirləşmək lazımdır, dini təbliğ edən müasir insanlar olmalıdı, biz istəyirik ki, mənəvi cəhətdən zənginləşək. Amalımız budur ki, din adamları müasirləşsinlər, gənclərlə iş genişləndirilsin, qadınlarla iş güclənsin.

Görürük ki, qətllər olur, namus üstündə həyat yoldaşını öldürür. Axı biz bunu istəmirik. Sabah bizim qızımıza qarşı da eyni zorakılıq ola bilər. Biz nə qədər uşaqlarımızı itaətkar öyrətsək, o qədər geriləyəcəyik. Harada ki, radikalizm, ifratlıq var, o cəmiyyət inkişaf etmir. Hətta radikallıq olsa da orada kompramisliyi bilməliyik. Kompramislik, güzəştə getmək olmasa, inkişaf edə bilmərik".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR