Həzrət Muhəmməd Peyğəmbərin (s) o biri qızlarından nəvələri olubmu?

Həzrət Muhəmməd Peyğəmbərin (s) o biri qızlarından nəvələri olubmu?
08:27 7 May 2019
Ölkə mətbuatı
A- A+

Həzrət Mühəmməd Peyğəmbərin (s) oğulları onun sağlığında, körpə yaşında vəfat ediblər. Həzrətin 4 qızı yetkinlik yaşına çatıb və ailə qurub. Bunlar Zeynəb, Rüqəyyə, Ümmi-Külsum və Fatimədir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Zeynəb öz xalası oğlu Əbül-As ibn Rəbiəyə ərə getmişdi. Onların Əli adlı oğlu və Əmamə (və ya Ümamə) adlı qızı vardı. Əli ikinci xəlifə Ömərin hakimiyyəti dövründə vəfat etdi. Əmamə isə Fatimeyi-Zəhranın (ə) vəfatından sonra Onun vəsiyyətinə əsasən Həzrət Əlinin (ə) həyat yoldaşı oldu. Bəzi kitablarda onların Mühəmmədül-övsət adlı oğullarının olduğu yazılıb ki, onun da nəsli qalmayıb. Həzrət Əli (ə) vəsiyyət etmişdi ki, Onun şəhadətindən sonra Müaviyə Əmaməyə elçi düşsə, o, Müğeyrə ibn Nofəl ibn Haris ibn Əbdülmüttəlibə (Həzrət Əlinin əmisi nəvəsinə) ərə getsin. Müğeyrə ilə Əmamənin izdivacından Yəhya adlı oğul doğuldu, amma onun da nəsli qalmayıb. Ümumiyyətlə, bəzi tarixçilər yazırlar ki, Əmamənin nə Əlidən (ə), nə də Müğeyrədən övladı olmamışdır.

Peyğəmbərin o biri qızları Rüqəyyə və Ümmi-Külsum cahiliyyə dövründə Əbu Ləhəbin oğullarında ərdə idilər və ya onlara nişanlı idilər. Əbu Ləhəbin təhriki ilə oğulları onları boşadılar, hər iki qızın onlardan övladı yox idi. Sonralar Rüqəyyə Osman ibn Affana ərə getdi, onların Abdullah adlı oğlu isə Rüqəyyənin vəfatından az sonra 6 yaşında dünyanı tərk etdi.

Rüqəyyənin vəfatından sonra Ümmi-Külsum Osmana ərə getdi. Amma onların övladı olmadı.

Peyğəmbərin nəslini davam etdirmək şərəfi Həzrət Fatimeyi-Zəhraya (ə) qismət oldu. İmam Həsən, İmam Hüseyn (ə) və Zeynəbi-kübra peyğəmbərin nəslini davam etdirmişlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/752221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR