Məktəblərin açılması ilə uşaqların hər gün daşıdığı çantaların çəkisi yenidən gündəmə gəlib. Dərslik, dəftər, qida qabı və digər əşyalarla ağırlaşan çantalar düzgün istifadə edilmədikdə uşaqların dayaq-hərəkət sisteminə əlavə yük yarada bilər.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, fiziki tibb və reabilitasiya həkimi Serdar Yurtçu valideynləri məktəb çantasının həm çəkisinə, həm də necə daşınmasına diqqət etməyə çağırıb. Onun sözlərinə görə, ağır çantanı xüsusilə bir çiyində daşımaq uşağın bədənini yana və ya önə əyməsinə səbəb olur. Bu isə boyun, çiyin və bel nahiyəsində ağrı, əzələ yorğunluğu və duruş pozuntularına yol açır.
Mütəxəssis məktəbli çantasının uşağın bədən çəkisinin təxminən 10-15 faizindən artıq olmamasını tövsiyə edib. Çantanın uşağın çiyinlərindən aşağı sallanmaması, kürəyə yaxın yerləşməsi və iki çiyin qayışından istifadə olunması vacibdir. Qayışların enli, yumşaq və tənzimlənə bilən olması da tövsiyə edilir.
Valideynlər hər gün çantaya nəzarət etməli, istifadə olunmayan kitab, oyuncaq və digər əşyaları çıxarmalıdır. Ağır əşyaların isə çantanın kürəyə daha yaxın hissəsinə yerləşdirilməsi məsləhət görülür. Uşağın çanta ilə yeriyərkən önə əyilməsi, çiyinlərinin aşağı düşməsi və ya yerişinin dəyişməsi çantanın onun üçün ağır olduğuna işarə edir.
Həkim həmçinin uşaqlarda təkrarlanan və getdikcə artan boyun, çiyin və bel ağrılarına laqeyd yanaşmamağı tövsiyə edib. Uyuşma, gücsüzlük və nəzərəçarpan duruş dəyişikliyi müşahidə edilərsə, uşağın həkim tərəfindən müayinə olunması vacibdir.