Ombudsman 20 Yanvar faciəsinin 25 illiyi ilə bağlı beynəlxalq qurumlara bəyanat ünvanlayıb

Ombudsman 20 Yanvar faciəsinin 25 illiyi ilə bağlı beynəlxalq qurumlara bəyanat ünvanlayıb
16:12 15 Yanvar 2015
176 Digər
Ölkə mətbuatı
A- A+

Ombudsman Elmira Süleymanova 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, E.Süleymanova 25 il əvvəl törədilmiş qətliamı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın fəxr və şərəf günü adlandırıb:

“Bu günlərdə “20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiqlənib. Həmin plana əsasən, respublikanın bütün şəhər və rayonlarında toplantı, konfrans və mühazirələrin təşkil olunması, bu tədbirlərin aparıcı KİV-də geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması nəzərdə tutulub.

Qanlı hadisə zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin Fərmanına əsasən "20 Yanvar şəhidi" fəxri adı verilib, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" Sərəncama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Bu şəxslərə müvafiq müavinət, həmçinin həmin ailələrə ölkə başçısının Fərmanı ilə Prezident təqaüdü verilir.

Xalqımızın milli oyanışını, torpaqlarımızın bölünməzliyi uğrunda mübarizliyini məhv etmək planının tərkib hissəsi olan 20 Yanvar qırğını konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhalinin iradəsini qıra bilmədi. Bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələndi”.

Bəyanatda Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinə də toxunan E.Süleymanova 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması işinin davam etdirildiyini bildirib: “20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi baza vardır. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövlətinin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR