Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu günlərdə teatrın baş xormeysteri Vaqif Məstanovun 60 yaşı tamam olur. Bu münasibətlə mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Vaqif Məstanovu təbrik edib və “Azərbaycan musiqi sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi münasibətilə” mükafatlandırılması üçün əmr imzalayıb.

Qeyd edək ki, Vaqif Teyyub oğlu Məstanov 9 may 1955-ci ildə anadan olub. 1974-cü ildə A. Zeynalov adına Musiqi Texnikumunun skripka sinfini bitirib. 1975-ci ildə XKF-nin ansamblında musiqiçi və xor qrupunun rəhbəri işləyib. 1978-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xor dirijoru" fakültəsinə daxil olub. Konservatoriyada təhsil aldığı vaxtlarda müxtəlif xor kollektivlərində fəaliyyət göstərib. 1990-cı ildən etibarən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş xormeyster kimi fəaliyyətə başlayan istedadlı xormeyster teatrda işlədiyi müddətdə Səid Rüstəmov, Məmməd Səid Ordubadinin "Beş manatlıq gəlin", Fərəc Qarayev, Eduardo de Filipponun "Filumena Marturano", M. Qluza, Q. Qorinin "Pominalnaya molitva", Ramiz Mustafayev, Cahangir Məmmədovun "Məsmə xala dayımdır", Emin Sabitoğlu, Yevgeni Şvartsın "Qırmızıpapaq", Rafiq Səməndərin "Gülmək qadağandır", Zülfüqar Hacıbəyovun "50 yaşında cavan", Süleyman Ələsgərov, Şıxəli Qurbanovun "Özümüz bilərik", Oqtay Kazımov, Ramiz Heydərin "Qızıl toy", Süleyman Ələsgərov, İsi Məlikzadənin "Hərənin öz ulduzu", Soltan Hacıbəyov, Məhərrəm Əlizadənin "Qızıl gül", Emin Sabitoğlu, Vladimr Kalmanovskinin "Odnajdı v Baqdade", İmre Kalmanın "Tsıqan premyer", "Silva", "Maritsa", Frans Leqarın "Vesyolaya vdova”, Qara Qarayevin "Neistovıy Qaskonets", Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", Emin Sabitoğlu, Rüfət Əhmədzadənin "Hələlik", Emin Sabitoğlu, Xalidə Hasilovanın "Nəğməli Könül", Sərdar Fərəcov, Əli Əmirlinin "Səhnədə məhəbbət", Sərdar Fərəcov, Rəşad Nuri Güntəkinin "Bir günlük siğə", Emin Sabitoğlu, Tamara Vəliyevanın "Bankir adaxlı", Rauf Hacıyev, Faiq Zöhrabovun "Talelər qovuşanda", Cavanşir Quliyev, Qeybulla Rəsulovun "Məhəbbət oyunu", Vasif Adıgözəlov, Anarın "Aldın payını, çağır dayını", İmre Kalmanın "Bayadera", Üzeyir Hacıbəylinin "Arşın mal alan”, “Ər və arvad”, Emin Sabitoğlu, Cahangir Məmmədovun “www.ferzeli-kef.com”, S. Kərimi, Ə. Olun “Kimyagər” (M.F. Axundzadənin 200 illik yubileyi ilə əlaqədar) tamaşalarının xormeysteri olub. O bu gündə yeni tamaşalar üzərində çalışır, teatrın xor kollektivinin inkişafında böyük əmək sərf edir.