İsraildə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrinə görə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok müxalifətin koalisiyasını qabaqlayır. Lakin heç bir siyasi blok parlamentdə hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə bilmir.

Metbuat.az xəbər verir ki, “Axios” yazır ki, səslərin təxminən 85 faizi hesablandıqdan sonra Netanyahunun bloku 53 mandatla öndədir. Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat əldə edib. Ərəb partiyalarının ümumilikdə 19 mandat qazanacağı gözlənilir.

Nəticələr exit-poll məlumatları ilə müqayisədə Netanyahunun bloku üçün daha əlverişli olsa da, hökumətin formalaşdırılması üçün əlavə siyasi razılaşmalara ehtiyac yaranıb. Eyzenkotun ərəb partiyalarının dəstəyi ilə hökumət qurması nəzəri baxımdan mümkün olsa da, bu ssenari real siyasi perspektiv kimi qiymətləndirilmir.

Bununla yanaşı, hərbçilərin, diplomatların və məhbusların səslərinin də hesablanması davam edir. Lakin əlavə səslərin ümumi siyasi mənzərəni əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilmir.

ABŞ Prezidenti Donald Tramp “Axios”a açıqlamasında Netanyahunun seçkidəki mövqeyinin yaxşılaşdığını bildirib. O, daha əvvəl Netanyahunun şansları ilə bağlı “dəhşətli xəbərlər” aldığını, hazırda isə vəziyyətin Baş nazirin xeyrinə dəyişdiyini deyib.

Tramp həmçinin öz dəstəyinin Netanyahunun nəticələrinə təsir etdiyini vurğulayıb. İsraildə milli birlik hökumətinin yaradılmasına müdaxilə edib-etməyəcəyi barədə suala isə bununla bağlı hələ düşünmədiyini bildirib.

İsrail Prezidenti İsxak Hersoq növbəti həftədən etibarən siyasi partiyalarla məsləhətləşmələrə başlayacaq. Məqsəd hökumətin formalaşdırılması və yeni seçkilərdən yayınmaq üçün mümkün koalisiya variantlarını müəyyənləşdirməkdir.

Hazırkı siyasi mənzərədə Netanyahu üçün yeni hökumət formalaşana qədər Baş nazir vəzifəsində qalmaq ən real ssenarilərdən biri hesab olunur. Ekspertlər bunun ona xarici siyasət və təhlükəsizlik məsələlərində nəzarəti qorumağa imkan verəcəyini bildirirlər.

Əgər siyasi bloklardan heç biri hökumət qurmaq üçün lazımi çoxluğu təmin edə bilməsə, İsraildə gələn ilin aprelində yenidən seçkilərin keçirilməsi gündəmə gələ bilər.