Bu gün "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" "Antiazərbaycan qüvvələr: olduqları və göründükləri kimi" mövzusunda "dəyirmi masa" keçirib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, artıq Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı antiazərbaycan kampaniyası genişlənir: “Dünən də bu mövzuda ABŞ-ın bəzi qurumları məkrli siyasətlərini davam etdirdilər. Biz qərara gəldik ki, onların adını açıqlamalıyıq və koalisiya üzvlərinin bu məsələdə fikirlərini öyrənməliyik”.

Daha sonra "Qərb ölkələrində aparılan antiazərbaycan kampaniyasının səbəbləri və mahiyyəti mövzusunda" çıxış edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, artıq xeyli vaxtdır bəzi xarici mətbu orqanlarda qarayaxma kampaniyası çərçivəsində yazılar dərc olunur: “İlk Avropa Oyunları Azərbaycanda keçirildiyinə görə onun standartları da burada məlum olacaq. Bu Oyunlar dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edənlərin ölkəmizi tanımasına, həmçinin ölkəmizin iqtisadi inkişafının təbliğinə imkan yaradacaq. Bununla yanaşı, erməni diasporunun ölkəmiz haqqında apardığı yalan məlumatları ifşa edəcək".

E.Mirzəbəyli qeyd edib ki, Ermənistan və onun dəstəkçiləri yaranmış vəziyyətdən istifadə edərək I Avropa Oyunlarının keçirilməsindən ölkəmizə qarşı qarayaxma kampaniyası kimi istifadə edirlər.

O deyib ki, bu hücumların daha bir səbəbi isə I Avropa Oyunları ərəfəsində ölkəmizi nüfuzdan salmağa çalışmaqdır: “Bu prosesin arxasında duranlar Ermənistan, erməni diasporu və onların dəstəkçiləridir”.

E.Mirzəbəyli, həmçinin ABŞ dövlət katibi Con Kerriyə ünvanlanmış məktuba imza atan şəxslərin kimliyi barədə də məlumatlar verib.

Milli.Az