Hər zaman mənimlə qalacaq bayram

17:48 10 May 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 10 may, (Aynür Bəşirli)AZƏRTAC.
Heminquey Paris üçün belə deyirdi. Deyirdi ki, əgər sənin bəxtin gətiribsə, gəncliyində Parisdə yaşamısansa, onda sonralar harada yaşamağından asılı olamayaraq, o hər zaman səninlə olacaq, çünki Paris hər zaman səninlə qalacaq bayramdır. Mənim ömrümün Parisi 19 il bundan əvvəl başladı, altı il davam etdi və nə qədər ki, Allah yaddaşımı əlimdən almayıb, o, mənimlə qalacaq. Mənim ömrümün Parisi – mənimlə qalacaq bayramım…
Bu yazına Sizə həsr edirəm, cənab Prezident (mən Sizə ancaq belə müraciət edirdim), mənə bitməyən bir bayram bağışlayan İNSANA… Bu yazını oxucuya yox, Sizə ünvanlayıram.
İlk dəfə Sizinlə Pakistandan qayıdanda təyyarədə söhbət etdik. Adətiniz üzrə (mən bunu sonra bildim) qadın jurnalistləri və deputatları yanınıza dəvət etdiniz. Masanın üstündə o zamanlar Bakıya hələ gəlib çatmamış, ölçüsü adamı çaşdıran iri çiyələklər vardı. Zarafarla: “Yeyin, - dediniz, - Bakıda beləsini tapmayacaqsınız”. Mən dəstədə təzə idim. Kim olmağımla maraqlandınız. Dedim ki, siz mənim uşaqlığımın qəhrəmanı olmusunuz. Açıqlama vermədim. Amma indi verirəm. Mənim uşaqlığım 80-ci illərə - Azərbaycanın İttifaqa, böyüdüyüm Cəlilabadın isə respublikaya səs saldığı bir zamana düşüb. O illər Siz rayonumuza gəlimişdiniz, Leonid İliç isə Bakıya. Sizin gəlişiniz təkcə rayonun həyatında deyil, həm də bizim uşaqlıq oyunlarımızda izsiz ötüşmürdü. Mən rus rəfiqəm Sveta ilə qonaqları - qəhrəmanları öz aramızda bölmüşdük. Şübhəsiz, mən Sizi seçmişdim. Bu yerdə Vaqif Səmədoğlunun uşaqlıq assosiasiyalarının sonralar böyüdükcə bizim üçün nə dərəcədə önəmli, həlledici olmağı barədə fikirləri yadıma düşür. Doğrudan da, təyyarədəki ilk söhbət zamanı birdən-birə uşaqlığım, daha dogrusu, uşaqlıq assosiasiyam öz işini gördü. Sonra Sizdən əlamətlərə inanıb-inanmadığınızı soruşdum. Bir də maraqlandım ki, 24 yaşınız olsa idi, nə edərdiniz. Onda Elmira Əmrahqızı köməyimə çatdı, izah etdi ki, Aynurun 5 gündən sonra 24 yaşı tamam olur. Siz mənə dünyanın ən səmimi və ən şirin cavabını verdiniz. O sohbətdən yadımda ən çox qalan bu oldu ki, mən heç sıxılmadım. Bu, Sizin böyüklüyünüzdən irəli gəlirdi. Siz məni həmin gündən auranıza saldınız…
Pakistanda qəribə bir hadisə də olmuşdu. Biz Gəncə ilə qardaşlaşan Lahorda dünyanın ən böyük məscidlərindən birinə - Badi-Şahi məscidinə gedirdik. Kortecin ardınca hərəkət edən avtobusdan düşən kimi Sizdən aralı düşməmək üçün adətim üzrə çantamı qoltuğuma vurub qaçdım. Birdən sanki özüm-özümü uzaqdan gördüm. Mənə elə gəldi ki, bu səhnəni haçansa yaşamışam. İllər öncəsi məktəbdə oxuyarkən sinif yoldaşlarıma “Mən jurnalist olub dünyanı nümayəndə heyətləri ilə gəzəcəyəm,” - deyəndə. İndi bu sadəlövh arzum gerçəyə çevrilmişdi… Biz Badi-Şahini gəzirdik. Mən fotolar çəkirdim. Son kadr Badi-Şahinin payına düşdü. Iki gün sonra “Günay” qəzetinin ilk səhifəsində “Pakistan kadrda və kadr arxasında” adlı yazım bu sözlərlə bitəcəkdi: “İlk kadrda Çünəş, son kadrda Badi-Şahi. Bu səfərin xeyir-duasını Allah vermişdi”. Mən onda sonadək anlamasam da, bilirdim ki, xəyalları gerçək edən Allahdır. Duyurdum ki, həyatımda yeni bir səhifə açılır və o səhifənin müəllifi Sizsiniz. Ömrümdə ilk dəfə idi ki, əlimə fotoaparat alırdım. Dəstədə bir fotoqraflar şəkil çəkirdilər, bir də mən. Fotojurnalist kimi ilk təcrübəmin 36 kadrından 11-də Siz vardınız. 11-i də normal şəkillər idi. Bakıya gələndən sonra birdən yadıma evimizdə Sizin rayonumuza səfərinizə həsr olunmuş ağ-qara şəkilli qırmızı cildli iri albom düşdü. Fikirləşdim ki, niyə mən belə bir albom düzəltməyim? “Günay” qəzetinin baş direktoru İlham Əmiraslanovla birlikdə albom seçdik, birlikdə şəkilləri səliqə ilə yapışdırdıq. Sonra yazını da albomun üstünə qoyub köməkçinizdən xahiş etdim ki, Sizə çatdırsın…
Sonralar biz hər səfərdən Sizə albom düzəldib verəcəyik. Bu bir adət olacaq və bir gün elə təyyarədəcə dediniz ki, albomlara baxırsınız. Bilirsinizmi bu sözlər mənə necə qanad verdi? Mən hiss edirdim ki, Siz şəkillərə də baxmağa vaxt tapırsınız, yazıları oxumağa da. Belə olmasa idi…
Lüksemburqdan qayıdırdıq. Yenə də təyyarədə bizimlə söhbət edirsiniz. O zamanlar artq bir il idi ki, mən Sizin tədbirləri gecəli-gündüzlü “Günay” qəzeti üçün işıqlandırırdım. Yadımdadır ki, 1995-ci ilin mayından “Günay”ın Prezident Aparatı üzrə müxbiri təyin olunduğum gündən bir həftə sonra başa düşdüm ki, yaddaşım nə qədər güclü olsa da, Sizin görüşlərinizin sayını itirməmək üçün mütləq bir gündəlik tutmalıyam. Əslində, bu gündəlikdən də çox “bir cümlə - bir xəbər” üslubunda yazılan xronika idi. Ay tamam olanda gordüm ki, əlimdə əməlli-başlı bir material toplanıb. Prezidentin fəaliyyətinin aylıq xronikası. Beləcə, “Günay” hər ayın son günündə Prezidentin fəaliyyətinin aylıq xronikasını verməyə başladı. Bir-iki aydan sonra şöbə redaktorum Valid Sənani belə bir ideya verdi : “Bu xronikanı topla kitab et”. Kitabın razılığı Sizdən alınmalı idi. Bax onda Lüksemburqdan gələndə Sizdən icazə istədim. Soruşdunuz ki, o xronikaları sən hazırlayırsan? Demək, xronikadan xəbəriniz vardı. Mən onda əmin oldum ki, zənnimdə yanılmamışam. Çünki bunu zənn etməyə əsas olan daha bir hadisə baş vermişdi.
1996-ci il martın 1-i. Bizə xəbər verdilər ki, axşam Kirxada Toğrul Nərimanbəyovun konserti var, Prezident oraya gedəcək. Kirxaya çatanda gördüm ki, siyasi hadisə olmadığı üçün rəsmi agentliklərdən başqa, jurnalistlərdən gələn yoxdur. Siz gəldiniz. Konsert gözəl keçdi. Konsertdən sonra mən maşınsız idim deyə Prezident Aparatının maşınına məni dəvət edən həmkarlarıma etiraz etməyib onlarla bir yerdə yola düzəldim. Birdən Bülbül prospektində kortec dayandı. Hamı sürətlə maşından çıxıb Siz gedən istiqamətdə qaçmağa başladı. Mən də maşından nə vaxt çıxdığımı bilmədim. Mühafizənin mənimlə işi yox idi, yol açıq idi və bu yol bizi o zamanlar şəhərdə yeganə modern mağaza olan “Kontinental”a aparırdı. Mən mağazaya girəndə Siz sakit bir tövrlə gəzirdiniz, mallara baxırdınız, satıcıya sual verirdiniz. Birdən gözünüz “Kinder sürpriz”ə sataşdı. Şəkilli folqaya bürünmüş yumurta Sizə qəribə gəldi. Əlinizə görütüb baxdınız, maraqlandınız ki, bu nədir. Sonra yumurtanı qoydunuz yerinə. Siz bir qədər aralanan kimi mən həmin yumurtanı gotürüb, kassaya yaxınlaşdım…
Sonra Sizin Nizami küçəsi ilə gecə gəzintiniz başladı. Paralel istiqamətdə insanlar sizə doğru axışırdılar və yavaş-yavaş irəliləyən bir izdiham yaranırdı. Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi yerdə Sizi müşayiət edən general Bəylər Əyyubov birdən əlimdəki “Kinder”i görüb öyrəndi ki, bayaq Sizin seçdiyiniz yumurtadır. Sizə yaxınlaşdı, məni – “Günay”ın gənc müxbirini təqdim etdi. Mən də Sizə “Kinder sürpriz”dən danışmağa başladım. Həmin anı əks etdirən foto çəkdiyinə görə, Rafiq Bağırova dünyalarca minnətdaram. Sonra mühafizənin dairəsi daraldı. Paralel irəliləyən insan dənizi bir anda Sizi bu dənizdə bir adaya çevirdi. Sizi salamlayan kim, sual verən kim, biri İrandan, biri Turandan… O gecədən bir reportaj yazdım. Adını “Kinder sürpriz”lə bağladım. Amma yazı “Kinder sürpriz”dən yox, həyatın sürpizindən - Sizin insanlarla gecə görüşünüzdən idi. Sizə yaxınlaşanların içində yeniyetmə bir qız vardı, ağlayırdı. Atasının mart hadisələri zamanı günahsız yerə tutulduğunu deyib, xahiş edirdi ki, onun işinə yenidən baxılsın. Bütün bunlardan “Günay”ın oxucuları səhəri gün xəbər tutdular. Bir müddət sonra isə yazıda adı çəkilən, işinə yenidən baxılan hərbçi azadlığa buraxıldı. İllər keçsə də, hər dəfə mən tələbələrimə jurnalistikanın məkansız və zamansız olduğunu deyəndə bu misalı çəkirəm. Biz, jurnalistlər, heç zaman bilməyəcəyik ki, xəbər harada, nə zaman yaranacaq. Həmin gecə olduğu kimi. Amma bundan da önəmli olan xəbəri yaradanlardır. Sizin kimi. Siz olduğunuz yerdə hər zaman nəsə baş verə bilərdi. Siz mənim üçün kommunikasiyanın Şahı idiniz və Şahı olaraq qalırsınız. Kommunikasiya təkcə dillə, nitqlə olmur. Nitq ikincilidir. Nitqə qədər bizim hamımız qarşımızdakı insanla təmas nöqtələrimizi təhtəlşüurda ölçüb-biçirik, fikirləşirik ki, deyək, ya deməyək, ünsiyyət quraq, ya qurmayaq. Sizə sual verməzdən əvvəl biz jurnalistlərdə energetik yüklənmə gedirdi. Biz, bayaq dediyim kimi, əvvəlcə Sizin auranıza düşürdük, sonra özümüzdən xəbərsiz Sizə doğru axışırdıq. Bu, izahedilməz bir cəzb idi. Siz hara gedirdinizsə, biz də Sizin arxanızca. Sınamışdım, bu anda bizi mühafizə belə saxlaya bilmirdi…
1996-cı il, aprelin 23-ü, Brüssel. NATO-nun mənzil-qərargahına gedirik. Jurnalistlərin buraxılışı yoxdur. Mən bundan xəbərsizəm. Avtobus dayananda Siz artıq maşından düşüb binaya doğru gedirdiniz. Qaçmaqdan başqa əlac vardımı? Qaçıram, pilləkanlarda özümü nümayəndə heyətinə çatdırıram. Sonra Sizin NATO-nun baş katibi Havyer Solana ilə görüşünüzün ilk dəqiqələrindən foto çəkirəm. Yalnız indi təhlükəsizlik xidməti mənim buraxılışsız olduğumu görür. Amma iş-işdən keçib. Mənim fotolarım var…
Biz hərdən çox uzağa gedirdik. Çünki Sizinlə qorxu nədir bilmirdik. Əsgər generalından arxayın olanda necə cəsarətli olursa, bizə də elə bir cəsarət gəlirdi. Belə anlarda ehtiyazsızlıq edəndə Siz qayğımıza qalırdınız.
1997-cı il 19 iyun. Özbəkistandan qayıdırıq. Bizi ətrafınıza toplayıb təəssüratlarımızı eşitmək istəyirsiniz. Parkda başıma gələn hadisəni danışıram. O zaman Özbəkistanda dollar ilə alış-veriş etməyə qadağa qoyulmuşdu. Dollarla ticarətə görə saxlanılmaq, hətta tutulmaq olardı. Mən də şəhər parkında xatirə olaraq araqçın almaq istəyəndə əlimdə ancaq dollar vardı. Sizə bunu danışanda simanızdakı təşvişi sezməmək mümkün deyildi. “Birdən səni tutardılar,”- dediniz, dogma bir insan kimi narahatlığınızı gizlətmədiniz.
Düzdür, məni kimsə tutub Özbəkistanda saxlamazdı. Siz də bunu gözəl bilirdiniz. Amma istəməzdiniz ki, başımız ağrısın. Siz bizim hamımızı çox sevirdiniz…
1996-ci il, Türkmənistan. Gecədən keçib. Otelin qarşısında durub Sizi gözləyirik, sözün əsl mənasında açıq havada qarovul çəkirik. Üçümüzük – Elmira Əmrahzızı, Elmira Axundova və mən. Nəhayət, maşınınız yaxınlaşır. Deyəsən, bizi gördünüz. Qapının şüşəsi aşağı salınır: “Burada gecə vaxtı nə edirsiniz? Çörək yemisiniz?”
Təkcə çörəklə doymur insan. Siz bunu hamıdan gözəl bilirdiniz. Sizinlə ünsiyyət özü çörək qədər əvəzsiz idi.
Təkcə çorəklə iş bitsə idi, nə vardı ki… O cörəyin dadı damağımda, ətri burnumdadır. O çörək bu gün də mənim süfrəmdədir. O çörək həm sözün həqiqi mənasında yediyim çörəkdir, həm də məcazi mənada məni yaşadan çörək.
Məni yaşadan çörək ünsiyyətdir. Bu günün özündə də Sizinlə kəsilməyən ünsiyyət. Bu ünsiyyət dalğa – dalğadır, hərdən çox güclüdür, hərdən səngiyən vaxtları olur, amma heç zaman bitmir.
2009-cü il. “Qızıl kitabdan etüdlər” kitabını yazıram. Bu kitab Sizin adlarını “Qızıl kitab”a yazdığınız uşaqlar haqqında etüdlərdir. Sizdən sonra “Qızıl kitab” ənənəsini layiqincə yaşadan Prezident İlham Əliyevin sərəncamı ilə adları bu kitaba yazılan, Mehriban xanımın qayğısını görən uşaqlar az deyildi. Kitab bitəndə anladım ki, Sizsiz tamamlana bilməyəcək. “Qızıl kitab”a ilk adı yazılan Surxayı tapdım, Sizin taleyinə çıraq yandırdığınız Surxay Əsgərovu. İlk yazı Surxayla Sizin barənizdə söhbət oldu. Surxayın bu gün də Sizinlə ünsiyyəti davam edir…
2012-ci il. Mənim ünsiyyətimin ikinci ən güclü dalğası. 14 ildən sonra “Prezident. Xronika” kitabının ikinci hissəsini yazıram. Xronikanı günbəgün AZƏRTAC-ın materialları əsasında toplayıram. Sonra son versiyasını Azərbaycan Respublikasının Prezidentinin Katibliyinin materialları ilə tutuşdururam. Bu işdə mənə imkan yaradan, əlindən gələn köməyi əsirgəməyən katibliyin rəisi Dilarə xanım Seyidzadəyə deyirəm ki, bilmirəm bu kitab nə vaxt çap olunacaq, amma mənim üçün bu, bir borcdur, onu verməliyəm. Dilarə xanım mənə müdrik bir cavab verir: “Düz edirsən, Aynur. Bu, borcdur. Çünki Heydər Əliyevlə işləmək bayram idi”…
Mənim ünsiyyətimin bu gün yeni bir səhifəsi var, cənab Prezident. Mən indi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində işləyirəm. Azərbaycanda mültikulturalizmin dövlət siyasəti olaraq təməlini Siz qoymusunuz. Mənim gündəlik işim keçmişə “salam” verməklə onu bu gün və sabah üçün yaşatmaqdır. İki gün önçə Mərkəzdə Sizin doğum gününüzə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “dəyirmi masa” kimlər yox idi? Fikir mübadiləsi də öz yerində. Sözü türkiyəli dostunuz professor Fikrət Türkmən aldı: “O zamanlar Heydər Əliyevlə dilin Azərbaycan dili adlandırılması ilə ilgili konuda heç razılaşmadım. Günlərin birində Türkiyənin Cümhuriyyət günü törənində onu gördüm, Heydər bəydən “Niyə ana dilinin adını Azərbaycan dili qoydunuz?”- deyə sordum. Jurnalistlər bizi tək buraxmadılar. Söhbətimizi qeydə aldılar. O mənə: “Vətəndaşlıq üzərində dayanmaq zorunda qaldım”, - dedi. Onda anladım ki, həyat bilgidən çox, təcrübəyə əsaslanır. Həyat Heydər Əliyevin dediklərini təsdiq etdi. Bu gün mültikulturalizm Azərbaycan üçün vazkeçilməzdir”.
Bax, bizim bü günümüzün söhbəti budur, cənab Prezident.
Hər gün iş otağıma ayaq basanda, Xəzərin üzərində bərq vuran günəşin yaratdığı təkrarsız mənzərədən zövq alanda Sizinlə Günəş arasındakı bənzətmə yadıma düşür. Mənim üçün Siz Günəşsiniz. Mən bu Günəşin istisi, hərarəti nədir, bilirəm. Onu da bilirəm ki, o insanlar ki, ömürlərində heç olmasa, bircə dəfə əsl Günəş nədir, onun hərarəti, istisi nədir biliblərsə, onlar üçün açılıb-tutulan hava, ötəri buludlar vacib deyil.
Bunu bulən bilir. Bunu Sizinlə işləməyin bayram olduğunu bilənlər bilir…
Sonda yaddaşımın bayramından ən parlaq səhifələri xatırlatmaq istəyirəm.
Sizin Zərifə xanımın abidəsini sığallayan əllərinizi, Kapridə gözəl bir payız axşamı sevdiyiniz insanların arasında ürək dolusu gülüşlərdən yaşaran gözlərinizi, “Azərbaycan” şerini deyəndə titrəyən səsinizi, Ağdamda Quzanlıdakı yüksəklikdə yağışın və sərt küləyin altında insanları qələbəyə çağıran sərkərdə duruşunuzu unutmayacağam. Çiynimə qoyduğunuz əlinizin hərarəti hər zaman mənimlədir. Mənim əbədi bayramım kimi…
Aynur Bəşirli
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Her_zaman_menimle_qalacaq_bayram-853977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR