Vyana, 10 may, AZƏRTAC
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə Avstriyada bir sıra tədbirlər keçirilib.
Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndə heyəti ənənəvi şəkildə Avstriyanın Yuxarı Avstriya federal əyalətində “Ebenzee” və “Mauthauzen” əsir düşərgələri yerləşən ərazidə İkinci Dünya müharibəsinin başa çatması və əsir düşərgələrinin azad olunmasının 70-ci ildönümü münasibətilə təşkil olunmuş anma mərasimlərində iştirak edib.
Mauthauzendə keçirilmiş mərasimə Avstriyanın federal prezidenti Haynts Fişerin rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri, bu ölkədəki diplomatik təmsilçiliklərin əməkdaşları da olmaqla 30 min iştirakçı qatılıb. Bu il “Daş karxanası və məcburi əmək” devizi altında keçirilən tədbirdə xüsusi olaraq əsir düşərgəsinin ərazisində yerləşən daş karxanalarında ağır iş şəraitində həlak olmuş insanların xatirəsi anılıb. Qeyd edilib ki, 1938-ci ildən 1945-ci ilədək bu düşərgə və onun 49 “filial”ında ümumilikdə 200 minədək müharibə əsiri, yəhudi, roma və sinti (qaraçı), respublikaçı ispanlar və həmçinin hitlerçi rejimə qarşı çıxan almanlar ən ağır işlərə məhkum ediliblər. Yeddi il ərzində düşərgədən 500-dək əsir qaçıb, onlardan yalnız 11 nəfəri sağ qala bilib, digərləri isə tutularaq edam edilib.
Qeyd edək ki, Mauthauzen əsir düşərgəsində 322 soydaşımızın əsir olduğu müəyyən olunub. 2001-ci ildə “Mauthauzen” əsir düşərgəsində, 2011-ci ildə isə “Ebenzee” əsir düşərgəsinin ərazisində Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulub.
Azərbaycan səfirliyi və ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin əməkdaşları azərbaycanlı əsirlərin xatirəsinə qoyulmuş lövhə və ümumi abidə önünə əklillər qoyub, bütün qurbanların xatirəsini ehtiramla yad ediblər.
x x x
Faşizm üzərində Qələbənin və Böyük Vətən müharibəsinin başa çatmasının 70 illik yubileyi münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin rəhbərliyi və əməkdaşları Böyük Vətən müharibəsində Qələbənin əldə olunması üçün həm ön, həm də arxa cəbhədə vuruşan, bu yolda canından keçən Azərbaycan oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Vyanadakı xatirə komplekslərini ziyarət ediblər.
Mərasim iştirakçıları Vyana Mərkəzi Qəbiristanlığında (Zentralfriedhof) İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə, Vyananın mərkəzi meydanlarından biri olan Şvartsenberqplatsda (Schwarzenbergplatz) Vyananın faşistlərdən azad olunmasında şücaət göstərmiş əsgərlərin şərəfinə ucaldılmış, Avropada çox tanınan “Sovet əsgəri” abidə-kompleks önünə əklil qoyub və onların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana