[ 12 May 2015 13:32 ]



Bakı. Cavid Zeynallı-APA. Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi məktəblilərin muzeylərin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış edilməsidir: “Bütün dövrlərdə cəmiyyətlə ətraf mühit arasında qarşılıqlı münasibət olub. 1992-ci ildə BMT-nin sessiyasında ekoloji məsələyə xüsusi diqqət yetirilib və bəyannamə qəbul edilib. Müasir dövrdə məktəblilərin ekoloji tərbiyəsinə ehtiyac var. Bu cür tədbirlər məhz bu məqsədlə keçirilir”.

Tədbirdə qeyd olunub ki, yeni proqram üçün respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və ekoloji mövzular seçilib.

Tədbirdən sonra məktəblilər Azərbaycan İncəsənət Muzeyinin ekspozisiyası ilə tanış olublar.