Bakı, 12 may , AZƏRTAC
Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, mayın 12-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində (DGK) ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının maliyyə nazirinin müavini, gömrük və vergi üzrə dövlət idarəçiliyi sahəsində kurator Do Hoang Anh Tuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanın müstəqilliyi dövründə Vyetnam ilə həm iqtisadi, həm də siyasi əlaqələrindən söhbət açıb. O, keçən ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında yeni əməkdaşlıq perspektivlərinin inkişafında mühüm addım olduğunu deyib. Ölkələrimiz arasında gömrük sahəsində də qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini bildirən A.Əliyev vyetnamlı qonağın Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. Qeyd edilib ki, 2013-cü ildə Azərbaycan ilə Vyetnam arasında neft və neft məhsulları üzrə ticarət dövriyyəsi 200 milyon dollar həcmində olub.
Gömrük Xidmətinin tarixinə, keçdiyi inkişaf yoluna diqqəti çəkən komitə sədri istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan söhbət açıb, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik və maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Gömrük Təşkilatı (DGT) ilə qarşılıqlı əlaqələrinə də toxunan DGK-nın sədri əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, sentyabrda 10-cu Beynəlxalq PICARD konfransının da Bakıda keçiriləcəyini deyib.
Vyetnamın gömrük və vergi üzrə dövlət idarəçiliyi sahəsində kurator Do Hang Anh Tuan ölkəsi ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb.
Bildirilib ki, Vyetnamın gömrük xidməti 70 ildir fəaliyyət göstərir və 1993-cü ildən Dünya Gömrük Təşkilatına (DGT) üzvdür. Bu vaxtadək Vyetnam 92 ölkə ilə vergi və gömrük xidməti sahəsində əməkdaşlıq sazişi imzalayıb. Qonaq, gömrük sahəsində, o cümlədən də qaçaqmalçılıqla mübarizədə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduqlarını deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.