Bakı, 12 may, AZƏRTAC
Ankarada “Zirve International Sport Clubs”-ın filialları arasında ağır atletika üzrə yarışların ikinci mərhələsi başa satıb. Turnirdə “Tuzgölü-Zirvə”, “Merzifon-Zirvə” və “Sudaş-Zirvə” klublarından 49 idmançı (25 oğlan və 24 qız) iştirak edib.
AZƏRTAC xəbər verir ki, oğlanların yarışında “Merzifon-Zirvə” klubunu 6 ağır atlet, “Sudaş-Zirvə” klubunu 8, “Tuzgölü-Zirvə” klubunu 11 atlet təmsil edib. Qızların turnirində birincilik uğrunda “Sudaş-Zirvə” klubundan 3, “Tuzgölü-Zirvə” klubundan 21 idmançı mübarizə aparıb.
Qızların yarışında 13 yaşına qədər, 15 yaşına qədər və 16 yaşından yuxarı, oğlanların yarışında 13 yaşına qədər, 15 yaşına qədər, 20 yaşına qədər və 20 yaşından yuxarı yaş kateqoriyalarında ağır atletlər çıxış ediblər.
“Tuzgölü-Zirvə” klubunun nümayəndələri daha yaxşı nəticələr nümayiş etdiriblər. Klubun turnirdə iştirak edən bütün idmançıları qızıl medal qazanıblar. Yeniyetmələrin yarışında “Merzifon-Zirvə” klubunun idmançıları 5, “Tuzgölü-Zirvə” klubunun nümayəndələri 4, “Sudaş-Zirvə” klubunun təmsilçiləri 3 medal qazanıblar.