Bakı, 13 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev gənclərin gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mayın 13-də Bakının Xəzər rayonunda MDB Parlamentlərarası Assambleyası Şurasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialı müsabiqənin nəticələrinə dair tədbir keçirib.
Filialın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatları, müəllimlər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Milli Məclisin deputatları Aydın Mirzəzadə və Rafael Qafarov, MDB PAA DİMBİ-nin Bakı filialının direktoru Elman İmaməliyev qalibləri təbrik edib, “Heydər Əliyev irsi, onun siyasi kursu”, “Heydər Əliyevin gənclər siyasəti” mövzularında çıxış ediblər.
Sonra müsabiqənin qaliblərinə və fəal iştirakçılarina mükafatlar təqdim olunub.
Tədbir ədəbi-bədii proqramla başa çatıb.
